Bakıda və regionlarda “KOB Fest” təşkil olunacaq

İqtisadiyyat

Bakıda və ölkə regionlarında mikro və kiçik sahibkarlıq subyektlərinin məhsul və xidmətlərindən ibarət sərgi-satış yarmarkaları – “KOB Fest” keçiriləcək.

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, KOBİA-nın dəstəyi ilə təşkil olunacaq yarmarkaların məqsədi mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına təqdim edilməsi və satışına dəstək olmaq, eləcə də yerli məhsulların tanıdılmasıdır. Yerli istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqə yaradacaq yarmarkalar KOB-ların məhsullarının daha çox satılması və tanıdılması ilə yanaşı, KOB-lar və təchizatçılar arasında işgüzar əlaqələrin qurulmasını, həssas əhali qrupuna aid sahibkarlıq subyektlərinin satış imkanlarının genişləndirilməsini də hədəfləyir.

İlk “KOB Fest” – sərgi-satış yarmarkası 25-26 aprel tarixlərində “İçərişəhər”də təşkil olunacaq. 25 aprel – Sahibkarlar Gününə həsr ediləcək yarmarkada KOB subyektlərinin istehsal etdikləri qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri, eləcə də KOB-lar tərəfindən göstərilən xidmətlər təqdim ediləcək. Yerli startaplar da öz məhsul və xidmətləri ilə yarmarkada təmsil olunacaqlar. Yarmarka çərçivəsində həmçinin, sahibkarlar arasında “B2B” görüşlər keçiriləcək, biznes xidmətləri göstəriləcək, eləcə də mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar təşkil olunacaq.

Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarlıq subyektləri KOBİA-ya müraciət edə bilərlər. Müraciətlər elektron qaydada qəbul olunur: https://smb.gov.az/az/contact-form/exhibition-form/1

KOBİA Bakı sakinlərini və şəhərimizin qonaqlarını 25-26 aprel tarixlərində “İçərişəhər”də (Qoşa Qala Meydanı) keçiriləcək “KOB Fest” – sərgi-satış yarmarkasına dəvət edir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir