Azərbaycanın “yaşıl enerji” siyasəti yeni beynəlxalq təbliğat predmeti kimi – FOTO

İqtisadiyyat

Müstəqilliyin ilk illərindən bu günə qədər siyasi leksikonumuzda çox populyar olan “Azərbaycan həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” ifadəsi dövlət və millət olaraq qarşımızda duran son dərəcə aktual vəzifələrdən birinin həllini nəzərdə tutur. Bu məsələyə yanaşmalar müxtəlifdir, fərqli strategiyalar, düşüncələr, yanaşma metodologiyaları təklif olunur. Onların bir çoxu ötən dövrdə müvəffəqiyyətlə həyata keçirilib, bir qismi gözlənilən və arzuolunan effekti verməyib. Əldə olunan nailiyyətlərin və qarşılaşdığımız çətinliklərin müqayisəli təhlilini aparsaq, mübahisəyə açıq nəticələrə gələ bilərik. Lakin bir fakt danılmazdır ki, Azərbaycan ən azı diplomatik müstəvidə, beynəlxalq platformalarda yaşadığı çətin geosiyasi şərtlər, Qarabağ probleminin tarixi, siyasi və hüquqi aspektləri barədə dünya ictimaiyyətini böyük ölçüdə məlumatlandırmağa nail olub. Bu, ölkənin ərazi bütövlüyünün bərpası, 30 ilə yaxın bir dövrü əhatə edən işğala son qoyulması baxımından olduqca vacib mənəvi-psixoloji, eləcə də siyasi əhəmiyyət kəsb edirdi. 

44 günlük müharibə dövründə Azərbaycan Prezidentinin xarici KİV-lə təmaslarının xronologiyası və məzmununa (eyni zamanda nəticələrinə) diqqət yetirsək, əminliklə söyləmək olar ki, informasiya savaşında qarşıya qoyulan bütün hədəflərə nail olundu. Müharibədən sonra isə nəinki Azərbaycanda, bütün Cənubi Qafqazda yeni geosiyasi, iqtisadi, hərbi reallıqlar yarandı.

Postmünaqişə dövrünün ən vacib vəzifələrindən biri heç şübhəsiz ki, işğaldan azad olunmuş ərazilərin maksimum sürətlə bərpa olunmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında bu ərazilərdə tamamilə yeni və müasir texnologiyalara əsaslanan, bütün parametrləri ilə insanların rahatlığını, eyni dərəcədə də ətraf mühitin qorunmasını təmin edəcək infrastrukturun qurulmasına başlanılıb. İndi “yaşıl enerji”, “ağıllı kənd”, “ağıllı şəhər” kimi terminlər müharibədən sonrakı dövrün Azərbaycanında hətta sadə vətəndaşların da xüsusi rəğbətlə səsləndirdiyi populyar ifadələrə çevrilib. Azərbaycan Prezidentinin müxtəlif səviyyəli görüşlərində, beynəlxalq tədbirlərdəki nitqlərində tez-tez istifadə etdiyi bu terminlər yalnız işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı dövlət konsepsiyasının prinsipial müddəalarını ifadə etmir, həm də dünya ictimai rəyinə ciddi siyasi impulslar ötürür. Qloballaşan dünyanın xüsusi diqqətlə yanaşdığı bu terminlərə ictimai düşüncənin reaksiyası daha həssasdır. Əslində, postmüharibə dövründə Azərbaycanın həyata keçirməli olduğu təbliğatın bütün fəlsəfəsi məhz bu üç terminin əhatə etdiyi mövzular üzərində qurula bilər. Azərbaycan özünü dünyaya yeni ampluada, fərqli bir obrazda təqdim edir. İndi bu təqdimatı sistemləşdirmək, onun istinad edəcəyi prinsipləri, icra mexanizmlərini dərin və hərtərəfli analizlər əsasında dəqiqləşdirmək zərurəti var. 

Beynəlxalq ictimaiyyət isə bu mövzuya olduqca həssas və diqqətlidir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, bu gün planetimizdə enerji balansının 85 faizi, Avropanın inkişaf etmiş ölkələrində isə 75 faizi karbohidrogen ehtiyatları hesabına qarşılanır. Karbohidrogen ehtiyatlarının zamanla tükənməkdə olduğunu nəzərə alsaq, Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi infrastruktur layihələrinin bir hədəfi də postneft dövrünə hazırlıqdır. Və bu dünya üçün çox cəlbedici bir mövzudur. 

XXI əsrdə qlobal dünyanın fokuslandığı əsas mövzulardan biri alternativ enerji təcrübəsinin məişət və iqtisadiyyatda daha geniş tətbiqi variantlarının tapılmasıdır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı irəli sürdüyü, “ekosmart” inkişaf adlandıra biləcəyimiz  konsepsiyasının unikallığı bundadır ki, 30 il ərzində xarabalığa çevrilmiş böyük bir coğrafiyada “yaşıl enerji” modelinə əsaslanan nəhəng  quruculuq işləri nəzərdə tutulur. Beləliklə, bir neçə ildən sonra bizim ölkəmizi dünyaya tanıdan və təqdim edən yalnız karbohidrogen ehtiyatları və multikultural dəyərləri olmayacaq, həm də müharibənin viran qoyduğu on min kvadratkilometrlik ərazidə qurduğu “ağıllı kənd”, “ağıllı şəhər” modelləri postmüharibə dövründə Azərbaycanın yeni imicinin ən başlıca ştrixlərini ifadə edəcək. Dünyaya, beynəlxalq ictimaiyyətə, böyük güclərə  Azərbaycana bu dəfə fərqli bir pəncərədən baxmaq imkanı təqdim ediləcək. O pəncərədən təkcə Ermənistanın regionda sülhə və təhlükəsizliyə təhdid yaradan siyasətinin nəticələrini deyil, həm də Cənubi Qafqazın gələcəyini daha aydın görmək mümkün olacaq. 

“Azərbaycan 2030”: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi nəzərdə tutulur. Əsas hədəflərdən biri də ümumi enerji istehsalı həcmində bərpa olunan enerjinin payını indiki 17,3 faizdən 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırmaqdan ibarətdir. Azərbaycan Prezidentinin işğaldan azad edilmiş 10 min kvadratkilometrlik ərazini “yaşıl enerji” zonası elan etməsindən sonra həyata keçiriləcək layihələr nəticəsində günəş, külək enerji növlərinin istehsalının  9-10 min meqavata çatdırılması gözlənilir.

Qeyd etdiyimiz bu məqamlar göstərir ki, indiki situasiyada Azərbaycanın beynəlxalq təbliğatında işğaldan azad olunmuş ərazilərin bərpası metodologiyası ən vacib istiqamətlərdən biri statusunda olmalıdır. Əlbəttə ki, bu digər amillərin, o cümlədən, siyasi, mədəni, multikultural və s.-nin tamamilə kənara qoyulması anlamına gəlmir. Sadəcə, dünyanı maraqlandıran mövzularla beynəlxalq gündəmə çıxmağın daha effektiv inandırıcılıq əmsalına malik olduğunu ifadə edir. 

Yaxşı təbliğatın ən vacib şərtlərindən biri keyfiyyətli materialdır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi quruculuq konsepsiyası isə bütün dünyanın arzusunda olduğu sosial-iqtisadi inkişaf modelinə əsaslanır. Bu konsepsiya həmin ərazilərin bərpasını, insanların həyat və sağlamlığı üçün əlverişli infrastrukturun formalaşdırılmasını nəzərdə tutmaqla yanaşı, bütövlükdə qlobal ekosistemə müsbət töhfələr verməyi nəzərdə tutur. “Yaşıl ekosistem” isə təkcə tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi, alternativ enerji mənbələrinin formalaşdırılması üçün deyil, həm də indiki mürəkkəb dünyamızda beynəlxalq münasibətlərin xarakterini dəyişdirə biləcək yeni bir platformadır. 

“Ekosmart Təşəbbüslər Mərkəzi” İctimai Birliyi