“Dolların dəyəri gücləndikcə manat da digər valyutalara qarşı güclənir” – Ekspertdən AÇIQLAMA

İqtisadiyyat

Dollar 2000-ci ildən bəri maksimal dəyər qazanıb. Onun kəskin bahalaşması isə dünyada digər valyutalara neqativ təsir göstərir. Həmin valyutalardan biri də avrodur. O, cari il ərzində 13 faiz dəyər itirib, hazırda digər inkişafda olan ölkələrin valyutalarında bu itki altı faiz həcmindədir. Azərbaycanda isə artıq neçə ildir ki, manat dollar qarşısında sabitliyini qoruyur. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin üzvü, iqtisadçı Elçin Rəşidov Oxu.Az-a açıqlamasında qeyd edib ki, dolların dəyərinin güclənməsi manatın qiymətinin də dollardan başqa digər valyutalara nisbətdə güclənməsi deməkdir:

“Çünki Azərbaycan manatı Mərkəzi Bankın siyasəti nəticəsində dollara pərçimlənib. Bu isə özlüyündə Mərkəzi Bankın müstəqil humanitar siyasətini mümkünsüz edir. Yəni bu gün Mərkəzi Bank Azərbaycan daxilində humanitar siyasətin əsas hədəflərindən olan məzənnə kursunu təyin etmir. Buna bağlı olaraq inflyasiyaya da nəzarət etmir, yalnız müşahidə ilə kifayətlənir. Nəhayət, faiz dərəcəsi siyasətini də yürüdə bilmir. Belə ki, faiz dərəcəsini optimal şəkildə aşağı salıb ölkədə investisiya mühitinə müsbət təsir göstərmir. İnvestisiya mühiti iqtisadi artım və məşğuliyyət deməkdir. Mərkəzi Bank bunu təşkil etmir”.

Ekspertin sözlərinə görə, məhz bu səbəbdən hazırda dolların güclənməsi ölkədə iqtisadi mühitə mənfi təsir edəcək:

“Mərkəzi Bank manatı dollara pərçimlədiyi üçün bunu önləyə bilməyəcək. Bu gün sadəcə manatın dollara nisbətdə sabitliyi qorunur. Amma dollar dəyər qazananda manat da dəyərləndiyi üçün sabitlik digər valyutalara nisbətdə pozulur. Bu isə Azərbaycan istehsalına, ixracına mənfi təsir göstərir. Çünki yerli məhsulların qiymət rəqabəti itir, əvəzində yerli istehsalçılar idxaldan daha çox asılı olurlar, daha çox ələbaxımlı olurlar və ümumilikdə ölkə daha çox neft fondunun gəlirlərindən asılı vəziyyətə düşür. Qeyri-neft sektoru iflic olur. Uzunmüddətli təsirlər bunlardan ibarətdir”.

Sayad Həsənli