“SOCAR Trading” və Əlcəzair şirkəti enerji məhsulları üzrə əməkdaşlığı genişləndirir

İqtisadiyyat

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Trading” və Əlcəzairin “Sonatrach” şirkətləri enerji məhsulları üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Energetika Nazirliyindən verilən məlumata görə, bu barədə Əlcəzairdə energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Sonatrach” şirkətinin baş direktoru Taufik Hakkar arasında keçirilən görüşdə bildirilib.

Görüşdə “Sonatrach” şirkətinin fəaliyyətinə dair geniş məlumat verilib və şirkətin SOCAR ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb.

Əlcəzairdə kəşfiyyat, tədqiqat sahələrində mühəndislik xidmətləri, Azərbaycanın təcrübəsindən bəhrələnməklə neftqazçıxarma obyektlərinin tikintisi və yerli istehsalat üzrə “Sonatrach” şirkəti ilə əməkdaşlıq, həmçinin hər iki ölkənin müvafiq şirkətlərinin birgə layihələrdə iştirak imkanları nəzərdən keçirilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Sonatrach” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi, həmçinin Əlcəzair Neft İnstitutunda olublar.