İRƏVAN MİNSK QRUPUNUN “SÜMÜYÜNDƏN” ƏL ÇƏKMİR

Siyasət

Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də, gələcəkdə “faydalı ola bilər”

Milli Məclisin deputatı, “Ana Vətən” Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, ATƏT-in Minsk Qrupu beynəlxalq diplomatiya kontekstində Azərbaycan və Ermənistan arasında keçmiş Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək məqsədilə yaradılan qurum idi: “Hər kəsə məlumdur ki, sözügedən üçlü format münaqişə müddətində hər hansı bir ciddi fəaliyyətlə yadda qalmadı. Əksinə, hər üç dövlət bəzən aşkar, bəzən də üstüörtülü Ermənistanı dəstəkləməklə İrəvanın təcavüzkar, işğalçı siyasətini stimullaşdırırdı. Ermənistan isə cəzasızlıq mühitində işğalçı siyasətini rəsmiləşdirməyə çalışırdı. Təbii ki, bu kimi qanunsuz fəaliyyətlər və beynəlxalq təsisatlar fonunda Minsk Qrupunun fəaliyyətsizliyi Azərbaycanı ərazi bütövlüyü və suverenliyini bərpa etmək üçün hərbi əməliyyatlara başlamağa sövq etdi. 44 gün davam edən Vətən müharibəsi işğal faktorunun aradan qalxması ilə nəticələndi. Hazırda ATƏT-in Minsk Qrupu de-yure olmasa da, de-fakto olaraq işi yekunlaşdırılmış qurumdur. Çünki artıq Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi sona çatıb və sülh danışıqları çərçivəsində üçlü formatın mövcudluğuna ehtiyac yoxdur. Lakin Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün Minsk Qrupunun fəaliyyətinin davam etməsində maraqlıdır. Onlar elə bir görüntü yaratmaq istəyirlər ki, sanki hələ də həmsədrlər institutun mövcudluğu gərəklidir. Amma rəsmi İrəvan Minsk Qrupunun ləğvi ilə əlaqədar yekun qərarı qəbul etməyə məcbur olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir