
Bakı. Trend:
Bu gün Kəlbəcər rayonunun işğaldan azad edilməsinin 5-ci ili
tamam olur. 2020-ci il noyabr ayının 25-də Kəlbəcərin ordumuzun
nəzarətinə keçməsi Azərbaycanın Vətən müharibəsində qazandığı
Zəfərin siyasi müstəvidə öz təsdiqini tapan növbəti uğuru oldu.
Beləliklə, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin hərbi-siyasi qətiyyətinin nəticəsi olaraq, 5 il əvvəl 25
noyabr tarixində daha bir rayonumuz azadlığına qovuşdu.
Dağlar qoynunda yerləşən, əsrarəngiz təbiətə və zəngin mədəni
irsə malik olan, hər tərəfindən gursulu çaylar axan Kəlbəcər
xalqımızın qədim yurd yerlərindən biridir. “Kəlbəcər” toponiminin
də mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Rayon
ərazisində aşkar edilmiş 30 min ildən çox tarixi olan yaşayış
məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, o cümlədən, qədim
türk əlifbası nümunələri bu diyarın xalqımızın qədim və əzəli yurd
yeri olduğunu təsdiq edir.
Azərbaycana rəhbərlik edən qüvvələrin yarıtmaz əməlləri,
yaratdıqları böhranlı vəziyyət nəticə etibarilə Kəlbəcəri də düşmən
qarşısında müdafiəsiz qoymuşdu. Prezident İlham Əliyevin bu ilin
avqust ayında Kəlbəcər şəhərinin sakinləri ilə görüşdə qeyd etdiyi
kimi Kəlbəcərin 1993-cü il aprelin əvvəlində işğal altına düşməsi
məhz o vaxtkı xəyanətkar rəhbərliyin bəd əməllərinin nəticəsi olub.
Laçın rayonundan sonra Kəlbəcərin də işğal edilməsi Ermənistanla
Qarabağ arasında coğrafi bağlantını daha gücləndirmişdi. Bundan
sonra Ermənistanla Qarabağ arasında əlaqə yollarının sayı artmış və
bu da, düşmənə sonrakı işğalçılıq planlarını həyata keçirmək üçün
əlavə imkanlar yaratmışdı.
Kəlbəcərin işğalı zamanı 511 nəfər mülki vətəndaşımız öldürüldü,
321 nəfər əsir götürüldü və ya itkin düşdü. Məcburi köçkünə
çevrilən rayon sakinləri respublikanın 56 rayonunda müvəqqəti
məskunlaşdılar. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidə,
97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət
evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23
ambulatoriya, yüzlərlə inzibati bina, minlərlə mənzil talan
edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti
Ermənistana daşınmışdı.
Ermənistanın Kəlbəcəri işğal etməsi beynəlxalq səviyyədə
narahatlıqla qarşılanmışdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü il
aprelin 30-da qəbul etdiyi 822 saylı Qətnamədə işğalçı qüvvələrin
Kəlbəcər və Azərbaycanın bütün digər işğal edilmiş rayonlarından
dərhal çıxarılması tələb olunurdu. Lakin Ermənistan həmin
Qətnamənini tələblərini yeriə yetirmədi, beynəlxalq təşkilatlar isə
onun icrasını tələb etmədilər.
İşğal dövründə Ermənistan BMT-nin və ATƏT-in prinsiplərinə zidd
olaraq, Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırma həyata keçirmişdi.
Hətta ermənilər Kəlbəcərin tarixi erməni torpağı olması iddiasına
düşmüş, rayona eybəcər ad da vermişdilər. Lakin kəlbəcərlilər və
bütün xalqımız rayonun işğaldan azad ediləcəyinə inanırdı. Cənab
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin
noyabrında bu inamın həyata vəsiqə almasını təmin etdi. Üçtərəfli
bəyanata uyğun olaraq Ermənistan Kəlbəcər rayonunu da işğaldan azad
etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa
edildi.
Onu da qeyd edək ki, Kəlbəcəri boşaldan zaman ermənilər bir daha
rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar.
Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuran
qeyri-qanuni sakinlər öz vəhşi xislətlərini növbəti dəfə nümayiş
etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu
vəhşiliklər bir daha erməni vandalizmini dünyaya nümayiş
etdirdi.
2020-ci il noyabrın 25-də Kəlbəcərin azad olunması münasibətilə
Azərbaycan xalqına müraciətində cənab Prezident İlham Əliyev
demişdi:
“Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın
və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək,
xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var.
Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən
bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün
sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal
olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora
böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o
görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik,
Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər
şəhərini”.
Dövlətimizin başçısı işğaldan azad olunmasından sonra Kəlbəcərə
7 dəfə səfər edib. Bu səfərlərin hər biri göstərib ki, rayondakı
bərpa və quruculuq sürətli və dinamikdir. Ötən 5 ildə Kəlbəcərin
bərpası istiqamətində görülən işlər həqiqətən də möhtəşəmdir.
Burada da bərpa və quruculuq infrastrukturlardan başlayıb. Nəzərə
almalıyıq ki, Kəlbəcər olduqca çətin və mürəkkəb təbii relyefdə
yerləşir. Soyuq havalarda isə dağlıq ərazidə işlərin həyata
keçirilməsi daha da çətinləşir. Amma bunların heç biri ötən dövrdə
bərpa prosesini ləngitməyib. Xüsusilə qeyd edilməlidir ki, hələ
2020-ci ilin sonlarına doğru, havaların soyuq və şaxtalı olduğu
günlərdə Kəlbəcərə enerji verilməsi mühüm hadisəyə çevrildi.
Kəlbəcərdəki dağ çayları yaşıl və bərpaolunan enerji istehsalı
üçün əlverişli imkanlar deməkdir. Ona görə bərpa prosesində ilk
vaxtlardan diqqət yetirilən əsas məsələlərdən biri su elektrik
stansiyalarının yaradılmasıdır. İndiyə kimi “Kəlbəcər-1”,
“Qamışlı”, “Meydan”, “Soyuqbulaq”, “Çıraq-1”, “Çıraq-2”, “Yuxarı
Vəng”, “Zar”, “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” su elektrik
stansiyaları istifadəyə verilib ki, bu da rayonun elektrik enerjisi
ilə təminatında böyük rol oynayır.
Quruculuq işlərinin əsas istiqamətlərindən birini avtomobil
yollarının inşası təşkil edir. Hazırda işğaldan azad edilmiş
ərazilərimizdə icra edilən ən nəhəng layihələrdən biri 82
kilometrlik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Buradakı
11,7 km-lik Murovdağ tuneli uzunluğuna görə dünyada 18-ci, Avropada
5-ci, MDB ölkələri arasında isə birincidir. Tikintisinin 87 faizi
tamamlanan yolun istifadəyə verilməsi Kəlbəcərin sosial-iqtisadi
inkişafına, rayonun turizm məkanına çevrilməsinə böyük töhfə
verəcək.
Kəlbəcər vaxtilə bütün keçmiş ittifaqda məşhur olmuş «İstisu»
mineral suyunun vətənidir. İşğal dövründə ermənilər bu təbii
sərvəti qanunsuz şəkildə istismar edərək, Azərbaycana yüz
milyonlarla manat ziyan vurublar. Dövlətimizin quruculuq əzminin
nəticəsi olaraq, 2024-cü ilin sentyabr ayından Kəlbəcərdə “İstisu”
mineral su zavodu da istifadəyə verilib.
Rayonun bərpasının əsas uğurlu göstəricilərindən biri isə
kəlbəcərlilərin doğma yurda qayıtmalarıdır. Bu ilin avqust ayında
cənab Prezident İlham Əliyev Kəlbəcər şəhərində inşa edilən fərdi
və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, doğma yurda
qayıdan sakinlərə mənzillərinin açarlarını təqdim edib. Həmçinin,
rayonun Yanşaq, Zallar və Zar kəndlərinin təməlləri qoyulub.
Kəlbəcərdəki bərpa işləri Azərbaycanın quruculuq əzminin ən
möhtəşəm ifadəsidir. Çətin və mürəkkəb relyefinə baxmayaraq, cənab
Prezident İlham Əliyevin xüsusi diqqəti və nəzarəti altında
dövlətimiz dağlar qoynunda cənnət yaradır. Kəlbəcərin quruculuğu
həm də belə bir həqiqəti təsdiq edir ki, torpağın qədrini onun əsl
sahibləri bilər.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı
