Azərbaycan xalqının tarixində Ulu Öndər Heydər Əliyevin adı əbədiyaşardır. O, yalnız görkəmli dövlət xadimi deyil, həm də millətin sevgisini və etimadını qazanmış müdrik Lider idi. Heydər Əliyev bütün həyatını Azərbaycan xalqının rifahına, dövlətimizin müstəqilliyinin möhkəmlənməsinə və gələcək inkişafına həsr etmişdir.Onun birinci hakimiyyət dövrü – 1969–1982-ci illərdə qoyduğu möhkəm təməl gələcək müstəqilliyimizin iqtisadi və ideoloji əsaslarını formalaşdırdı. Məhz bu illərdə respublikamız sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət sahəsində böyük nailiyyətlər qazandı. O dövrün Azərbaycan gəncliyi üçün yaradılan imkanlar, təhsil və elm sahəsindəki islahatlar, milli kadr potensialının formalaşdırılması müstəqil dövlət quruculuğunun əsas sütunlarını təşkil etdi.Lakin Heydər Əliyevin şəxsiyyətini xalqın yaddaşına əbədi yazan ən böyük xidmətləri məhz ikinci hakimiyyət dövründə – 1993–2003-cü illərdə gerçəkləşdi. 1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə qazanmış Azərbaycan parçalanma, vətəndaş müharibəsi və dağılma təhlükəsi ilə üz-üzə idi. Dövlət institutları iflic vəziyyətinə düşmüş, iqtisadiyyat çökmüş, ölkə beynəlxalq aləmdə təcrid olunmuşdu. Belə bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı uçurumdan xilas etdi.O, ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi. “Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən də çətindir” – deyən Ulu Öndər Azərbaycan dövlətçiliyini möhkəmləndirmək üçün qətiyyətli addımlar atdı. Yeni Konstitusiyanın qəbul olunması, dövlət idarəetmə sisteminin formalaşdırılması, milli ordunun yaradılması və hüquqi dövlət quruculuğu istiqamətində aparılan tədbirlər müstəqilliyimizin dönməzliyini təmin etdi.1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi taleyini dəyişdi. Ulu Öndər xalqımıza bəyan edirdi: “Azərbaycan öz təbii sərvətlərinin həqiqi sahibinə çevrilməlidir. Bu sərvətlər xalqımızın firavan həyatına, dövlətimizin qüdrətlənməsinə xidmət etməlidir.” Bu sözlər sonrakı illərdə həyata keçirilən enerji strategiyasının əsas ideya xəttini təşkil etdi və ölkəmizi dünya enerji xəritəsinin aparıcı mərkəzinə çevirdi.Ulu Öndərin uzaqgörənliyi təkcə iqtisadi sahədə deyil, həm də beynəlxalq münasibətlərdə özünü göstərdi. Onun balanslı və çevik xarici siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olundu, mühüm regional layihələrin təşəbbüskarı və icraçısı oldu. Heydər Əliyev deyirdi: “Azərbaycan dünyaya inteqrasiya etməli, eyni zamanda milli maraqlarını qorumalıdır.” Bu prinsiplər müasir dövrdə də Azərbaycan diplomatiyasının əsas xəttidir.Heydər Əliyevin ikinci hakimiyyət dövründə əsas məqsədi güclü dövlət, güclü iqtisadiyyat və güclü xalq qurmaq idi. Onun qətiyyətli addımları sayəsində Azərbaycan sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoydu. Onun təşəbbüsləri nəticəsində təhsil, mədəniyyət və milli mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirildi. Bu, Azərbaycanın həm maddi, həm də mənəvi cəhətdən möhkəmlənməsinə xidmət etdi.Bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın beynəlxalq nüfuzunun artması, iqtisadi gücünün möhkəmlənməsi, işğal altında olan torpaqlarımızın azad olunması və dövlət müstəqilliyimizin daha da gücləndirilməsi bu davamlı siyasətin bəhrəsidir. Prezident İlham Əliyev atasının yolunu inamla davam etdirərək demişdir: “Bizim ən böyük gücümüz xalq-iqtidar birliyidir. Bu birlik Heydər Əliyev siyasətinin ən böyük nailiyyətidir.”Ümummilli Lider Heydər Əliyev millətin sevgisini sözlə deyil, əməli fəaliyyəti ilə qazanmışdı. Xalqının gələcəyini düşünərək, onun müstəqilliyini əbədi etmək üçün çalışaraq o, özünü tarixdə xilaskar Lider kimi təsdiq etdi. Bu gün Azərbaycan xalqının ürəyində yaşayan Ulu Öndər məhz bu məhəbbət və ehtiramın təcəssümüdür. Onun zəngin dövlətçilik irsi isə gələcək nəsillər üçün əvəzsiz məktəbdir. Heydər Əliyevin siyasət fəlsəfəsi, idarəçilik təcrübəsi, milli maraqlar uğrunda göstərdiyi qətiyyət gənclər üçün örnək olaraq qalır. O irs yalnız tariximizin bir səhifəsi deyil, həm də gələcək yol xəritəsidir. Bu prinsiplər əsasında formalaşan gənc nəsil dövlətimizin sabahını daha da möhkəmləndirəcək, müstəqilliyimizin və milli birliyimizin əbədiliyini təmin edəcək.
Mirzağa Əbilov, “Salyan OİL” LTD şirkətinin mühəndisi, YAP fəalı
