Konstitusiyamız – Müstəqil Dövlətçiliyimizin Hüquqi Təməli və Qürur Mənbəyi

Baş səhifə

Bu il Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş bu tarixi sənəd, dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın inkişaf yolunu, gələcək istiqamətlərini və milli məqsədlərini müəyyənləşdirən mühüm siyasi-hüquqi akt kimi tarixə düşmüşdür.
Bu yubileyin daha da qürurverici tərəfi ondadır ki, Konstitusiya Günü artıq Zəfər Gününün işığı altında, azad Qarabağın, bütöv Azərbaycanın reallığı ilə qeyd olunur. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə, dövlətimizin qüdrətini və xalqımızın birliyini təsdiqləyən tarixi hadisə kimi, Konstitusiyamızda təsbit olunmuş müstəqillik, suverenlik və ərazi bütövlüyü prinsiplərinin parlaq təntənəsinə çevrilmişdir.
Ümummilli Lider Heydər Əliyevin sözləri ilə desək, “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.” Həqiqətən də, bu sənəd həm milli iradəmizin ifadəsi, həm də gələcəyə yönəlmiş strateji yol xəritəsidir.
Azərbaycanın ilk müstəqil Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə əsaslanaraq qəbul edilmişdir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”
Bu gün həmin möhkəm təməllər üzərində qüdrətli, sabit, hüquqi və sosial dövlət modeli formalaşıb. Konstitusiyamızda təsbit olunmuş dövlət müstəqilliyi, xalq hakimiyyəti, qanunun aliliyi, insan hüquq və azadlıqlarının təminatı prinsipləri artıq təkcə hüquqi deyil, həm də real ictimai-siyasi reallıq kimi Azərbaycan həyatının bütün sahələrində öz əksini tapır.
Son otuz ildə Azərbaycan dövləti məhz Konstitusiyanın prinsipləri əsasında möhkəmlənmiş, milli maraqlarına, suverenliyinə və müstəqil inkişaf yoluna sadiqliyini qoruyub. Bu dövrdə qəbul edilmiş hüquqi islahatlar, dövlət idarəçiliyində şəffaflığın və ədalətin bərqərar olması, insan hüquqlarının müdafiə mexanizmlərinin gücləndirilməsi Konstitusiyanın ruhuna tam uyğun şəkildə həyata keçirilmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə aparılan köklü islahatlar, dövlət idarəçiliyinin modernləşdirilməsi, sosial rifah siyasətinin gücləndirilməsi və hüquqi dövlət quruculuğu prosesi Konstitusiyanın ideyalarını reallığa çevirir. Ərazi bütövlüyümüzün tam bərpası və azad Qarabağın yenidən dirçəlişi də məhz bu ali hüquqi sənədin prinsiplərinin – müstəqillik, ədalət, milli həmrəylik və dövlət məsuliyyətinin – real təntənəsidir.
30 il öncə qəbul edilmiş Konstitusiyamız bu gün Zəfər ruhu ilə birləşərək xalqımızın milli qürurunun və dövlətçilik əzminin rəmzinə çevrilmişdir. Bu iki bayram – 8 Noyabr Zəfər Günü və 12 Noyabr Konstitusiya Günü – bir-birini tamamlayan böyük tarixi hadisələr kimi, həm hüquqi, həm mənəvi müstəvidə Azərbaycan dövlətçiliyinin parlaq təntənəsini ifadə edir.
Konstitusiyamız xalqımızın milli birliyinin, dövlət müstəqilliyinin və suverenliyinin ən etibarlı təminatçısıdır. O, keçmişimizə söykənən və gələcəyə yönələn, daim yeniləşən, inkişaf edən dövlətin canlı ruhunu yaşadır.
Konstitusiyamızın 30 illiyi – müstəqil Azərbaycanın inkişafının, dövlətçiliyimizin möhkəmlənməsinin və xalq iradəsinin təntənəsinin bayramıdır. Bu gün hər bir azərbaycanlı bu sənədlə qürur duyur, çünki onun əsasını azadlıq, ədalət və milli həmrəylik təşkil edir.

Faiq Zərbalıyev,
Salyan rayon Peyk kənd tam orta məktəbin direktoru, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir