Binəqədi rayonu ərazisində yerləşən “İdrak” liseyində baş verən və 10-cu sinif şagirdinin müəlliminə odlu silahla atəş açması ilə nəticələnən hadisə cəmiyyətdə ciddi narahatlıq doğurdu. Hadisə yetkinlik yaşına çatmayanlar arasında zorakılığa meylliliyin artmasının təsadüfi olmadığını, habelə bir sıra dərin sosial-psixoloji problemlərin mövcudluğunu gündəmə gətirir. Bundan əlavə, hadisənin silahlı insident fonunda baş verməsi də ailə, məktəb və ümumilikdə nəzarət mexanizmlərindəki boşluqları açıq şəkildə nümayiş etdirir. Digər məqam isə, şagirdlərin davranışında sosial şəbəkələrin təsiri, aqressiyanın normallaşdırılması və rəqəmsallaşmanın nəzarətsiz şəkildə dərinləşməsidir. Eyni zamanda uşaq məzmununa nəzarətlə bağlı hüquqi və institusional mexanizmlərin yetərsizliyi də bu kimi halların qarşısının alınmasında ciddi risklər yaradan amillərdən biri kimi diqqət çəkir.
Modern.az-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Günay Ağamalı bildirib ki, yetkinlik yaşına çatmayanların bu cür zorakılığa meyllənmələrinin tək səbəbi olmur və birdən-birə baş vermir.
“Burada ailə mühiti, məktəbdaxili münasibətlər, psixoloji gərginlik, sosial təsirlər və informasiya mühiti ciddi rol oynayır. Uşaq və ya yeniyetmə özünü “dəyərsiz”, təzyiq altında və ya anlaşılmayan hiss edəndə daxili aqressiya formalaşır. Bəzən valideyn nəzarətinin zəifliyi, bəzən müəllim-şagird münasibətlərində normal ünsiyyət boşluğu, bəzən də uşağın yaşına uyğun olmayan informasiya axını onun davranışlarını sərtləşdirir. Ən təhlükəlisi isə odur ki, bəzi uşaqlar problemləri daha çox güc yolu ilə həll etməyə alışdırılır”.
Deputatın fikrincə, baş vermiş hadisə yalnız məktəb mühiti ilə bağlı məsələ deyil, daha çox dərin sosial və psixoloji problemdir:
“Şagirdin anlaşılmazlığın odlu silahla həll etməsi onun təhlükəni dərk etmədiyini, onda empati hissinin zəiflədiyini və məsuliyyətin formalaşmadığını göstərir. Burada həm psixoloji nəzarət mexanizmlərinin, həm də təhlükəsizlik sisteminin boşluqları da üzə çıxır. Uşaq silahı necə əldə edib, nəyə görə valideyn övladının çantasını nəzarətdə saxlamır, silahı məktəbə necə keçirib? Axı, ov silahı tapança deyil ki, cibində keçirdəsən?! Bunların hər biri ayrıca araşdırılmalıdır”.
O həmçinin vurğulayıb ki, bu gün uşaqların dünyagörüşünün böyük hissəsi texnoloji vasitələrlə formalaşır:
“Təəssüf ki, sosial şəbəkələrdə zorakılıq, aqressiya, güc nümayişi qəhrəmanlaşdırılır. Bir qayda olaraq yeniyetmə real həyatla virtual mühit arasında fərqi ayırd edə bilməyəndə gördüklərini davranış modelinə çevirir. Xüsusilə reels və shorts formatında sürətli, emosional məzmunda paylaşımlar onun psixikasına ciddi təsir göstərir. Rəqəmsallaşma mahiyyətcə problem deyil, problem onun nəzarətsiz və məqsədsiz istifadəsindədir”.
G.Ağamalı onu da əlavə edib ki, hüquqi baxımdan uşaqlar və yeniyetmələr üçün təhlükəli məzmunun filtrasiya olunması, yaşa uyğun alqoritmlərin tətbiqi və platformaların məsuliyyətinin artırılması vacibdir. Onun sözlərinə görə, məktəblərdə rəqəmsal savdlılıq səviyyəsi artırılmalı, valideynlər üçün maarifləndirici mexanizmlər genişləndirilməlidir:
“Birincisi, uşaq və yeniyetmələrin informasiya mühiti sağlamlaşdırılmalıdır. Telefon qadağası yox, məqsədli istifadə mədəniyyəti formalaşdırılmalıdır. İkincisi, məktəblərdə psixoloji xidmətlər gücləndirilməlidir. Üçüncüsü, ailə- məktəb-psixoloq triadası möhkəmdirilməlidir. Uşaqların və yeniyetmələrin psixoloji problemləri məktəbdə, evdə və sosial mühitdə ardıcıl olaraq izlənməlidir. Nəhayət dördüncüsü, zorakılığı təşviq edən real həyatda və sosial şəbəkələrdə bütün hallara qarşı hüquqi məsuliyyət təkmilləşdirilməlidir”, – deyə deputat qeyd edib.
