“Beerlin Pub”dakı qətlin şahidi: “Bizə deyilməyib ki, xanımsız gəlmək olmaz”

Kriminal

Bakıda yerləşən “Beerlin Pub”da müştərini döyərək qətlə yetirməkdə təqsirləndirilən idmançı Orxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Ramin Qədimov ifadə verib.

R.Qədimovun sözlərinə görə, təqsirləndirilən şəxsi “pub”da görüb:

“Vüqargildə oturmuşduq, nərd oynayırdıq. Qərara gəldik ki, “Beerlin Pub”a gedək. Yer sifariş etdik, getdik. İçəri girəndə məni buraxmadılar ki, corabsızsan. Vüqar dedi ki, biz yer “rezerv” etmişik. Corab geyindim, keçdik içəri. İçəridə bizə dedilər ki, xanımsız gəlmisiniz, otağa buraxılmırsınız. Biz dedik ki, depozit də qoymuşuq, amma bizə deyilməyib ki, bura xanımsız gəlmək olmaz. Daha sonra Valehlə Orxan mübahisə etdi. Biz dedik ki, səbəb deyin, demədilər. Valehlə Orxan mübahisə edib çıxdılar çölə. Sonra Orxan Valehi vurdu. Bir də gördüm ki, qışqırdılar ki, dostunuz öldü. Biz gəldik ki, Vüqar yerdə xırıldayır”.

Şahid ifadəsində Vüqarı öz maşınları ilə “Leyla Şıxlinskaya” klinikasına apardıqlarını qeyd edib:

“Orada dedilər ki, bunu Neyrocərrahiyyə Xəstəxanasına aparın. Təcili yardım maşınına qoyub aparırdılar. Yolda təcili yardım maşını döndü 3 saylı şəhər Klinik Xəstəxanasına. Ora çatanda dedilər ki, Vüqar öldü”.

Qeyd edək ki, ötən il avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Beerlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə V.Mustafayevin xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib. Orxan Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xatırladaq ki, Orxan Şahbazov uzun illər fitnes-məşqçi kimi fəaliyyət göstərib.

O.Şahbazov bir sıra məşhur simaların özəl mühafizəçisi də olub.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.