Bakıda qadını hədələyərək maşınını ələ keçirən şəxs TUTULDU

Kriminal

Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə martın 17-də Xırdalan şəhəri ərazisində Masazır qəsəbə sakini olan qadının idarə etdiyi “Toyota” markalı avtomobilə oturmuş bir nəfərin onu boğaraq mobil telefonunu almağa cəhd göstərməsi, lakin müqavimətlə rastlaşdığından hadisə yerini tərk etməsi barədə müraciət daxil olub.

Bu barədə Oxu.Az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. 

Məlumata görə, dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər də quldurluğa və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ramil Quliyev müəyyən edilərək saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun martın 11-də Yasamal rayonu ərazisində Sumqayıt şəhər sakini olan digər bir qadının idarə etdiyi “Hyundai” markalı avtomobilə oturub bıçaqla hədələyərək quldurluq yolu ilə avtomobilini ələ keçirməsi də müəyyən olunub.

Polis əməkdaşları tərəfindən həmin avtomobil martın 12-də M.Xiyabani küçəsində qapısı əzilmiş və yan güzgüsü sınmış vəziyyətdə tapılıb.

Araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir