Partlayış baş verən klubda yaralananların son vəziyyəti AÇIQLANDI

Kriminal

Səbail rayonu ərazisində baş vermiş partlayışda xəsarət alanların son vəziyyəti açıqlanıb. 

TƏBİB-dən verilən məlumata görə, partlayış zamanı xəsarət alan şəxslərdən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha bir nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb.

Bundan başqa, tabeli müəssisələrdən vəziyyəti kritik ağır olan iki nəfər yaxınlarının iltizamnaməsi ilə özəl xəstəxanalardan birinə köçürülüb. 

Hazırda tibb müəssisələrində ümumilikdə 13 nəfər müalicə alır. Onlardan 10-u TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir. 

Qeyd edək ki, xəsarət alan şəxslərdən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində reanimasiyada olan beş nəfərdən ikisinin vəziyyəti kritik ağır, stasionarda müalicə alan beş nəfərin vəziyyəti stabil ağır, üçünün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Ümumilikdə, stasionarda müalicə alanlardan ambulator müalicə üçün doqquz nəfər evə göndərilib.

Xatırladaq ki, hadisə aprelin 3-də saat 3 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, bir nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan iki nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə də ziyan dəyib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir