Bakıda 18 il əvvəl baş vermiş nənə və nəvənin qətlinin TƏFƏRRÜATI

Kriminal

Bakıda 18 il əvvəl nənə və nəvənin qətlinin təfərrüatı açıqlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, 24 aprel 2004-cü il tarixdə paytaxtın Yasamal rayonu, C.Cabbarlı küçəsində yaşayan 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi Aygün Əzizovanın birgə yaşadıqları mənzildə üzərlərində çoxsaylı xəsarətlər olan meyitlərinin aşkar edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb, lakin cinayəti törətmiş şəxs (şəxslər) müəyyən edilmədiyindən iş üzrə icraat dayandırılıb.

Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 14 aprel 2022-ci il tarixdə iş üzrə icraat təzələnməklə həyata keçirilmiş istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisəsində saxlanılan Anar Ağalarov qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə quldurluq etmək məqsədi ilə 24 aprel 2004-cü il tarixdə saat 18:30-da Rəhilə Cəlilovanın yaşadığı mənzilə daxil olduqda həmin vaxt orada Aygün Əzizovanın da olduğunu görüb özləri ilə və mətbəxdən götürdükləri bıçaqlarla çoxsaylı xəsarətlər yetirməklə Rəhilə Cəlilova və Aygün Əzizovanı xüsusi amansızlıqla qəsdən öldürmüş, daha sonra mənzildə olan 600 ABŞ dolları məbləğində pul vəsaitini götürüb hadisə yerini tərk ediblər.

Toplanmış mötəbər sübutlar əsasında Anar Ağalarova Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq-sağlamlığa ağır zərər vurmaqla) maddələri ilə ittiham elan edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir. Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir