“Laçın – MDB-nin Mədəniyyət Paytaxtı” ilinin rəsmi bağlanış mərasimi keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Noyabrın 30-da Laçın şəhərində “MDB-nin Mədəniyyət Paytaxtı –
2025” ilinin rəsmi bağlanış mərasimi keçirilib.

Trend xəbər verir
ki, Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə reallaşan
tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad olunub.

Sonra “Laçın: mədəni nəticələr – 2025” adlı videoçarx nümayiş
etdirilib. Videomaterialda “paytaxt ili” ərzində Laçında təşkil
olunan tədbir və mədəni layihələr öz əksini tapıb.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəsi Məsim Məmmədov çıxışında 2025-ci ilin Laçın şəhəri üçün
əlamətdar olduğunu, il ərzində əhəmiyyətli beynəlxalq tədbirlərin
təşkil olunduğunu deyib.

MDB Ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası
Fondunun icraçı direktoru Tahir İksanov bildirib ki, Laçın şəhəri
qədimliyi, mədəni və təbii zənginlikləri ilə “MDB-nin Mədəniyyət
Paytaxtı” missiyasını layiqincə yerinə yetirib.

Azərbaycan Respublikasının Milli Məclisi Mədəniyyət komitəsinin
sədri Polad Bülbüloğlu da Laçında reallaşan rəngarəng mədəniyyət
layihələrinin dost ölkələrin xalqlarını daha da yaxınlaşdırdığını
bildirib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Laçın şəhərinin il
ərzində çoxsaylı mədəniyyət tədbirlərinə ev sahibliyi etdiyini,
xüsusilə də, birlik ölkələrindən yaradıcı gəncləri bir araya
gətirdiyini deyib. Qeyd olunub ki, bu tədbirlər MDB ölkələri
arasında mədəni-humanitar sahədə əməkdaşlığa mühüm töhfə verib. “Bu
gün “mədəniyyət paytaxtı” ilinin bağlanışı olsa da, Laçının mədəni
körpülər yaratmaq missiyası bundan sonra da davam edəcək”, – deyə
nazir müavini bildirib.

Daha sonra tədbir iştirakçıları geniş konsert proqramını
izləyiblər. Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan,
Özbəkistan, Rusiya və Tacikistanın incəsənət nümayəndələrinin
ifasında bir-birindən maraqlı musiqi nömrələri alqışlarla
qarşılanıb. Azərbaycan Dövlət Rəqs Ansamblı üzvlərinin təqdim
etdiyi milli rəqslərimiz də böyük maraqla qarşılanıb.

Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.

Bununla da, Şərqi Zəngəzur bölgəmizin dilbər guşəsi Laçın şəhəri
MDB-nin mədəniyyət paytaxtı missiyasını uğurla başa vurub.

Xatırladaq ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8
oktyabr tarixli qərarı ilə Laçın şəhəri 2025-ci il üçün birliyin
“mədəniyyət paytaxtı” elan edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir