Gürcüstanın Əməkdar artisti: “Vaqif Mustafazadə qeyri-mümkün olanı həyata keçirən dahi musiqiçidir” – MÜSAHİBƏ

Mədəniyyət

“Azərbaycanlı virtuozla birgə səhnəyə çıxmaq imkanına görə bütün həyatım boyu ona minnətdar olacağam”

Bu gün görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, caz ustası, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anadan olmasından 82 il ötür.

“Report”un yerli bürosu caz-muğam üslubunun banisi ilə əməkdaşlıq etmiş Gürcüstanın Əməkdar artisti, “Ləyaqət” ordeni mükafatçısı, bəstəkar və müğənni İrma Soxadzedən müsahibə alıb.

Gürcü ifaçıya 1978-ci ildə Gürcüstan paytaxtında keçirilmiş “Tbilisi – 78” Ümumittifaq Caz Festivalında V.Mustafazadə ilə eyni səhnəni bölüşmək nəsib olub. İ.Soxadze Gürcüstanda da böyük şöhrət qazanmış azərbaycanlı virtuoz caz ifaçısı ilə münasibətlərindən danışıb, onunla bağlı unudulmaz xatirələrini bölüşüb.

– İrma xanım, Vaqif Mustafazadə ilə tanışlığınız necə başlayıb? O, bir insan və musiqiçi kimi yaddaşınızda necə qalıb?

– Bilirsiniz, Vaqif Mustafazadə haqqında çox danışmayacağam. Çünki onun yalnız Azərbaycan musiqisi və mədəniyyətində deyil, dünya cazında qoyduğu heyrətamiz iz barədə çox danışılıb. O, dahi musiqiçi idi. Vaqif digərlərinin edə bilmədiyini, qeyri-mümkünü mümkün etdi – muğamın intonasiyasını cazla orqanik olaraq birləşdirdi. Bu, elə təbii və maraqlı idi ki, yalnız musiqiçi üçün deyil, adi dinləyici üçün də emosional və ekspressiv cəhətdən heyrətamiz idi. İnanılmaz təəssüratlar bəxş edirdi. Cazda bunu tək-tük musiqiçilər edirdi. Virtuozlar, mükəmməl blüz ustaları çox olub, amma Vaqifin iki fantastik musiqini sintez etməsi olduqca nadir haldır. Gürcüstan musiqisində bunu – gürcü intonasiyasını təbii olaraq blüz və cazla birləşdirməyi heç kəs bacarmadı. Görünür, alınmır. Bizim Vaqifimiz olmadı ki, bunun öhdəsindən gəlsin. Ayrı-ayrı cəhdlər oldu, kvartetlər yarandı, lakin həmin vaxtda onlar Amerika istiqamətinin təsiri altında idilər – gürcü intonasiyası idi, lakin Amerika cazı kimi səslənirdi. Amma musiqiçi kimi mənim fikrimcə, elə də təbii deyildi. İstənilən halda bu istiqamət inkişaf etmədi və Gürcüstan cazında iz buraxa bilmədi. Vaqifin Azərbaycan caz tarixində etdiyi bizdə alınmadı.

Bizim münasibətlərə gəlincə, Vaqiflə bir neçə dəfə görüşmüşəm. Bilirsiniz ki, onun Gürcüstanla çox sıx əlaqaləri vardı. O, mütəmadi olaraq Gürcüstana gəlib gedirdi. Onun həyat yoldaşı da gürcü idi. Vaqiflə ilk dəfə hansı ildə tanış olduğumu xatırlamıram. Yəqin 1972-1973-cü illər olardı. Vaqiflə tanış olanda mənim haradasa 16 yaşım vardı. O dövrdə “Qafqaz” caz triosu yəqin artıq fəaliyyət göstərirdi. Trioda Tatu Kuraşvili, təəssüf ki, ad-soyadını xatırlamadığım zərb alətində ifa edən erməni, pianoçu isə Vaqif idi. Mən onlarla bir neçə mahnı yazdırdım. Daha sonra isə Vaqif və Tatu ilə Konservatoriyanın böyük zalında kiçik val yazdırdım. O vaxtlar 4 mahnılı vallar çox dəbdə idi. Həmin dövrdə Konservatoriyada “Melodiya”nın studiyası vardı və biz orada gecə saatlarında mahnılar yazdırırdıq. Mən kiçik idim, 15-16 yaşlı uşaq tez-tez yatmaq istəyir.

Xatirimdədir, anam məni gündüzlər yatmağa məcbur edirdi ki, gecə mahnıları yazdıra bilək. Proses 3-4 gecə davam etdi və biz dörd kompozisiya yazdıq. Yadımdadır, biz “Mister Paqanini”ni yazdırdıq. Yeri gəlmişkən, bu mahnı Ella Fitsceraldın repertuarından ən sevdiyim kompozisiyadır. Vaqif mənim ifamda bu mahnını digər tərkibdə, səhv etmirəmsə, “Rero”da dinləmişdi. Məhz həmin vaxt o, mənimlə maraqlandı. Daha sonra Zaur Çitava, Qaioz Kandelaki və atam da Vaqiflə tanışlığa maraq göstərdilər. Vaqifin ideyası ilə bir neçə əsər yazdırdıq. Bundan başqa, mən Dizzi Qillespinin “Tunisdə gecə”, “Blue Moon” və digər mahnıları oxudum. Bu, mənim üçün unudulmaz zövq idi. Görürdüm ki, Vaqifə də ünsiyyətimiz və əməkdaşlığımız çox xoş gəlirdi.

Vaqiflə bağlı xatirələrim çox xoşdur, onu hər zaman hərarətlə yadıma salıram. Onun mənə ifaçı kimi simpatiyası vardı. Əgər belə olmasaydı, o, mənə dahiyanə müşayiəti ilə çıxış etmək imkanı verməzdi. Bu, mənim üçün dəyərsizdir. Daha sonralar dərk edəndə ki, səni dahi şəxsiyyət tərifləyib və sənə dəyər verib, bu, heç nə ilə ölçülə bilməz. Buna görə Vaqifə minnətdaram. Onu yadıma salanda, ümidlər və hərarətlə doluram və bu mənə bu gün də çox kömək edir.

1978-ci ilin caz festivalı çox maraqlı oldu. Bu, Tbilisidə ilk caz festivalı idi və biz birgə mahnı ilə çıxış etdik. Səhnədə səhv etmirəmsə, iki mahnı – “Stompin at the Savoy” və “Mister Paqanini”ni ifa etdim. Və bir ildən sonra Vaqif Daşkənddə ürək tutmasından vəfat etdi… Kimsə ağlına belə gətiməzdi ki, 39 yaşlı Vaqif bizi tərk edəcək. Heç kəs gözləmirdi ki, 39 yaşlı Vaqif mədəniyyət tarixində belə böyük iz qoyacaq. Yalnız cazda deyil, fikrimcə, onun musiqiçi kimi kökləri daha dərindir və Əzizənin timsalında o, davamçısını qoyub. Vaqif qızına qığılcım verib və genlərini ötürüb. Əzizə həqiqətən də böyük musiqiçidir və atasının ənənələrinin layiqli davamçısıdır.

– “Tbilisi – 1978” Caz Festivalını xatırladınız. Həmin gün və çıxışınız xatirənizdə necə qalıb? Vaqif Mustafazadə ilə başqa digər musiqi nömrələriniz oldumu?

– Caz klublarda kiçik çıxışlarımız oldu. Lakin bunlar elə çoxdan baş verib ki, düzünü desəm, heç xatırlamıram. Mənim Vaqiflə daha çox emosional əlaqəm olub. Mən indi dərk edirəm ki, əgər bu cür böyük musiqiçi ilə görüşməsəydim, bəlkə də fəaliyyətimi başqa istiqamətdə davam etdirərdim. Bəlkə də mən pop musiqi ilə məşğul olardım. O zaman mən kiçik idim və anlamırdım ki, belə dahi, musiqi nəhəngi ilə dostluq müasibətlərim var. Yeri gəlmişkən, Vaqifin ailəm, atamla çox yaxın münasibətləri vardı. Tez-tez bizə gələrdi. O, mənim royalımı çox bəyənirdi. Aramızda çox səmimi və incə münasibətlər var idi.

“Tbilisi – 78” caz festivalı Gürcüstan tarixində böyük hadisə idi. Məlumdur ki, ilk həmişə xüsusi və təkrarolunmaz iz qoyur. Biz bunun mümkün olacağı barədə düşünmürdük, gözləmirdik də. Həmin vaxta qədər çoxları deyirdi ki, Gürcüstanda caz təqib olunur, onu dinləmək olmazdı. Deyə bilərəm ki, məni kimsə təqib etməyib.

Festivalın miqyası çox böyük idi. Tədbirdə keçmiş sovetlər birliyinin böyük kollektivləri və çoxlu qonaqlar iştirak edirdi.

Xatırlayıram ki, Amerika və Avropadan musiqiçilər festivala qatılmamışdılar. Buna baxmayaraq, iştirakçıların sayı çox, səviyyəsi yüksək idi. Festivalda Cansuq Kaxidzenin orkestri çıxış edərək standart əsərlər təqdim etdi. Bu, artıq nəsə demək idi. Yadımdadır, C.Kaxidze hətta zala üzünü tutaraq “məgər bu, caz deyil?!” söylədi. Bu sözlərdən sonra zalın heyranlığını xatırlayıram. Bir sözlə, bu festival böyük hadisə, azadlıq idi. Mənim də orada iştirakım, Vaqif Mustafazadə ilə birgə səhnəyə çıxmağım mənim üçün müqayisəyə gəlməz təcrübə və hisslər idi. Buna görə bütün həyatım boyu ona minnətdar olacağam.

– Vaqif Mustafazadə ilə birgə val yazdırmışdınızmı?

– Bəli, biz val yazdırdıq, amma nədənsə işıq üzü görmədi… Televiziya bütün nömrələrimizi lentə almışdı, videoyazıları özümlə götürmədim. Həmin festivaldan tək bir kiçik fraqment qalıb. Biz orada “Stompin at Savoy” mahnısını ifa edirik. Bu kadrlar Gürcüstanın Birinci kanalının fondunda var. Daha sonra digər mahnılarımızla da maraqlandım, lakin tapılmadı. Təəssüflər olsun ki, heç biri qalmayıb.

– Vurğuladığınız kimi, V.Mustafazadə vaxtsız vəfat edib. Bu acı xəbəri necə qarşıladınız?

– Onun vəfatı mənim üçün şok oldu. Yaxın münasibətlərimizin olduğu bir vaxtda bu dünyadan köçdü… Bizim möhtəşəm planlarımız vardı… Həyata keçsəydi, mükəmməl əməkdaşlıq və təcrübə olardı. Və qəflətən biz belə faciəvi hadisədən xəbər tutduq. Vaqifin ölüm xəbəri ildırım şimşəyi kimi oldu. Mən heç bilmirdim ki, onun ürəyi ilə bağlı narahatlıqları var. Onun vəfatı bizi çox sarsıtdı. Vaqifin dünyasını dəyişməsi musiqiçilər və ümumilikdə musiqi mədəniyyəti üçün yeri dolmaz bir itkidir.

– Fikrinizcə, Vaqif Mustafazadə Gürcüstan cazında necə iz qoyub və bu musiqinin gələcək inkişafına necə təsir edib?

– Onun xidmətləri qiymətsizdir. Təsadüfi deyil ki, onun Bakıda ev-muzeyi var və yerli musiqi ictimaiyyəti onun xatirəsinə böyük ehtiram bəsləyir. Onun Gürcüstan cazının inkişafına böyük bir təsirindən danışa bilmərəm. Lakin “Qafqaz” triosunun təsirini qeyd edə bilərəm. Lakin onun muğam və cazı sintez etməsi mahiranə idi. Bu, elə orqanik və yeni idi ki, musiqi aləmində üsyan oldu. Əzizə bunu çox yaxşı inkişaf etdirir və atasının məktəbi əsasında əsərlər yaradır. Onun əsərlərini dinləyirəm, Vaqifin ifasına və tapıntılarına bir çox bənzərliklər sezirəm. Hesab edirəm ki, Vaqifin musiqi irsinə böyük diqqət ayrılmalıdır. Təəssüflər olsun ki, Gürcüstanda onun irsi lazımi formada dəyərləndirilmir. Bakıda bilmirəm necədir, lakin hesab edirəm ki, orada onun əsərlərini tez-tez ifa edirlər. Bizdə bunu necəsə qaydaya salmaq lazımdır.

– Vaxtilə Tbilisidə Vaqif Mustafazadənin xatirə gecələri keçirilərdi. Necə hesab edirsiniz, bu ənənəni bərpa etdirmək olarmı?

– Niyə də yox!? Niyə davam etdirməməliyik?! Bilmirəm bizə nə mane ola bilər?! Bunun üçün iradə tələb olunur. İndi çoxlu konsert zalları, məkanları var. Caz klubları isə əvvəllər olduğu qədər çox deyil. Əvvəllər insanların ünsiyyəti və yaxın münasibətlər qurması üçün məkanlar çox idi. Hər şeyi koronavirusun üzərinə yıxmaq lazım deyil. Bu ənənəni kimsə bərpa etsə, çox yaxşı olardı.

– Gürcüstan cazının hazırkı vəziyyətini və inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?

– Çox aşağı səviyyəfdədir. Bəlkə də bu sözlərim kimlərinsə xətrinə dəyəcək. Düzdür, bizdə bir neçə yaxşı ansambl var. Ansambl cazı, çoxsəsli ifa kifayət qədər yaxşı səviyyədədir. Məsələn, “Quintessence” ansamblının çox maraqlı tərzdə və yaxşı aranjiman edilmiş caz kompozisiyaları var. “The Georgian Six” də yaxşı ansambldır. Onlar gürcü estradasının klassiklərinin mahnılarını caz həllində yaxşı harmoniya ilə ifa etməyə çalışırlar və bunların hamısı çox maraqlı səslənir. Lakin caz solosu inkişaf etmədi. Bəlkə də ona görə ki, Gürcüstanda bu istiqamət yaradılmayıb. Heç kəsin xətrinə dəyməsin, istəsələr mübahisə də etsinlər. Lakin bu mənim fikrimdir ki, gürcü cazı ciddi şəkildə nə yaranıb, nə də inkişaf edib. Amerika standartlarına uyğun mahnılar var. Yaxşı ifa edənlər də. Elə kopyalayırlar ki, orijinaldan da yaxşı səslənir. Lakin bu, caz deyil. Axı bu sənin əsasın deyil ki, caz adı altında qurub möhkəmləndirəsən. Bu, tam başqadır. Vaqif isə öz milli musiqisində bunu bacardı. Biz isə hələ bunu bacarmamışıq. Bu, mənim fikrimdir. Vaqif kimi gürcü dahi gəlsə və bunu etsə, sevinərəm.

– Vaqif Mustafazadənin vəfatından sonra gürcülər və azərbaycanlılar arasında caz musiqisi sahəsində sıx münasibətlər davam etdimi?

– 1980-ci illərdə yaxın münasibətlərin və əməkdaşlığın olduğunu xatırlaya bilmirəm. 1990-cı illərin əvvəllərində isə sovetlər birliyi süqut etdi. Kimsə məni sovet ittifaqı üçün nostalgiya hissi keçirməkdə ittiham etməsin, lakin həmin dövrdə qurulmuş ənənələr, birlik dağıldı, həmçinin mədəni əlaqələr də kəsildi. Hər şey siyasiləşdi. Bu gün əgər hər hansı bir millətin nümayəndəsi ilə mahnı oxuyursansa, hər şeyi nəzərə almalısan, hər hansı bir siyasi məqam varsa, bu səni dayandıra bilər. Bu faktdır və mübahisə edilə bilməz. Ənənələrin yox olması, münasibətlərin kəsilməsi olduqca kədərlidir.

– Gürcüstan və Azərbaycan arasında cazla bağlı birgə layihələrin həyata keçirilməsi mümkündürmü?

– Yəqin ki, hə. Sovet ənənələrini kənara qoya bilərik. Sadəcə əvvəllər caz festivallar təşkil edəndə 15 respublika nəzərə alınırdı. İndi isə ayrı-ayrı keçmiş sovet respublikaları arasında münasibətlər qurmaq olar. Lakin bir daha təkrarlayım ki, siyasi konyuktura nəzərə alınmalıdır. Bəlkə də digərləri mənə etiraz bildirəcək və tənqid edəcək. Bir tərəflə edirsənsə, digərinin bundan inciməməsinə çalışmalısan. Məsələn, əgər məni dəvət etsələr və desələr ki, azərbaycanlı musiqiçilər gəlir və onlarla birgə çıxış edim, düşünmədən sevinclə və zövqlə təklifi qəbul edərəm. Hətta Bakıya gedib konsert də verə bilərəm. Lakin indi bu, elə də asan deyil. Hər şey siyasiləşdirilib və kommersiyalaşdırılıb. Hər şey elə səviyyədə kommersiyalaşdırılıb ki, dövlət bu prosesdə iştirak etmir. Kommersiya baxımından faydalı olub-olmayacağı nəzərə alınır. Xalqlar dostluğu pozulub və artıq yoxdur. Əvvəllər mahnılar yazdırmaq istəyəndə dövlət, mədəniyyət nazirlikləri maliyyə ayırırdı. İndi isə belə deyil. Bu, çoxlarının xoşuna gəlir. Bilmirəm, bəlkə də bu, yaxşıdır. Lakin çoxlu mənfi cəhətləri də var.

– Hazırda nə işlə məşğul olursunuz?

– Mənim bir neçə peşəm var. Hazırda çox məşğulam və xoşbəxtəm ki, bir neçə peşəmi reallaşdıra bilirəm. Televiziya proqramlarında çıxış edirəm. Mən ilk növbədə müğənniyəm. Tez-tez öz mahnılarımı ifa edirəm. Məsələn, Tbilisidəki 9 aprel hadisələrinə həsr etdiyim və Nazi Kilasoniyanın şeirinə yazdığım “Hələ qadınları güllələyin” mahnısında qlobal problemlərə toxunulub. Mahnının mövzusu ondan ibarətdir ki, uşaqlarımıza qarşı nəsə etməmişdən öncə bizə – qadınlara güllə açın. Hazırda Ukraynada baş verənlər fonunda bu mahnını bir neçə telekanalda ifa etmişəm və əsər tam başqa cür səslənir.

Bundan başqa, televiziyada da çalışıram. “Pos TV” kanalında gündəlik proqramın aparıcısıyam. Peşələrimdən biri telejurnalistika ilə bağlıdır. Şadam ki, bu peşəmi reallaşdırmaq imkanım var. Yaşım, daima tamaşaçının diqqət mərkəzində olmağı nəzərə almaqla, bu, asan olmayan zövqdür. Bundan çox məmnunam və üzərimə böyük məsuliyyət düşür.

Mən həmçinin yaxşı nənə və övladlarım üçün yaxşı anayam. Lakin məncə, nənə olmaq qadının həyatında ən xoş və vacib roldur. Hesab edirəm ki, üç oğlan nəvəm üçün yaxşı nənəyəm. Böyük qızım Salome Praqada yaşayır və “Azadlıq radiosu”nda çalışır. Kiçik qızım Nata isə həyat yoldaşı və iki oğlu ilə Tbilisidə yaşayır. Mən onlarla çox tez-tez bir yerdə oluram.

Mənə göstərdiyiniz marağa görə sizə təşəkkür edirəm. Bu, məni çox sevindirdi.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir