Bayram günlərində uşaqları hara aparmaq olar? – Şou-proqramların qiymətləri

Mədəniyyət

Teatr və mədəni istirahət mərkəzləri ənənəvi olaraq Yeni il bayramı ərəfəsində balacalar üçün xüsusi proqramlar hazırlayırlar. 

Baku.ws Yeni il ərəfəsində teatrların uşaqlar üçün hansı tamaşaları göstərəcəkləri barədə araşdırma aparıb.

Opera və Balet Teatrı

25 dekabr saat 15:00-da uşaqlar və böyüklər üçün Pyotr Çaykovskinin “Şelkunçik” baleti göstəriləcək. Teatrda biletlərin qiyməti 5 manatdan 10 manata qədərdir.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

“Azdrama”da dekabrın 27-dən yanvarın 4-nə qədər gündə dörd seans olmaqla “Yeni il şənliyi” adı altında balacalar üçün tamaşalar göstəriləcək. Biletlərin qiyməti 7 manatdır.

Heydər Əliyev Sarayı

Bayram günlərində burada həm Azərbaycan, həm də rus dillərində fərqli üslublu tamaşalar olacaq. Buna misal olaraq “Yeni il şənliyi” adlı əyləncəli və intellektual tamaşanı göstərə bilərik. Qiymətlər Yeni il şənliyi üçün 6 manatdan, digər tədbirlərdə isə 10 manatdan başlayır.

Akademik Milli Dram Teatrı

Akademik Milli Dram Teatrı bu yeni ildə də uşaqlar üçün xüsusi əyləncə proqramı təklif edir. Bununla bağlı “Yeni il şənliyi” dekabr ayının 31-dən yanvarın 5-nə qədər nəzərdə tutulub. Biletlərin qiyməti 10 manatdır. Şənlikdə Şaxta baba, Qar qız iştirak edəcəklər, həmçinin Məlikməmmədin nağılı tamaşası da səhnələşdiriləcək.

Bakı Dövlət Sirki

Bayram günlərində Bakı Dövlət Sirkində “Güzgülər dünyası” adlı Yeni il şousu təqdim olunacaq. Şou-proqram 17 dekabrda başlayıb, 8 yanvarda bitəcək. Biletlərin qiyməti 11-27 manat aralığındadır.

Kukla Teatrı

Kukla Teatrında da yeni illə əlaqədar quruluşçu rejissor Anar Məmmədov tərəfindən “Qar kraliçası” adlı yeni tamaşa hazırlanıb. Dekabrın 27-dən etibarən tamaşa Yeni il repertuarına daxil ediləcək.

Bundan başqa, tətil günləri repertuarına maraqlı tamaşalardan ibarət proqram salınıb. Ənənəvi olaraq Şaxta baba və Qar qız, sevimli nağıl qəhrəmanları uşaqlar üçün maraqlı səhnəciklər nümayiş etdirəcəklər. Belə tədbirlərin qiyməti 3 manatdır. 

Bakı Uşaq və Gənclər Teatrı

Bayram ərəfəsində Bakı Uşaq və Gənclər Teatrında kanadalı yazar Ceneviev Kotenin nağılı əsasında Arzu Soltanın “Kinqin qəsri” Yeni il tamaşası hazırlanır. Bayram günlərində tamaşanın nümayişi planlaşdırılır. Tamaşanın rejissorları respublikanın Əməkdar artisti İntiqam Soltan və İlhamə Əhmədovadır.

Tamaşa üçün hədiyyəli biletlər 9 manat, hədiyyəsiz isə 5 manatdır.

Qeyd edək ki, hazırda ölkədə balacaların əyləncəsini təmin edən özəl müəssisələr kifayət qədərdir. Belə mərkəzlərin təşkil etdikləri şou-proqramlara, əsasən, Şaxta baba və Qar qız, tamaşa və səhnəciklər, şən klounlar, DJ, hədiyyəli oyunlar daxil edilir. Qiymətlər isə bir uşaq üçün təxminən 50 manatdan başlayır.

Qarşıdan gələn Yeni iliniz mübarək, əziz uşaqlar! Hər birinizə sərhədsiz gülüş və xoş əyləncələr arzulayırıq! 

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir