Azərbaycan və Mərkəzi Asiya ölkələrinin əməkdaşlığı bu gün təkcə iqtisadi maraqların və regional coğrafiyanın diktə etdiyi bir zərurət deyil, həm də tarixi yaddaşın, mədəni yaxınlığın və siyasi qarşılıqlı inamın formalaşdırdığı strateji xəttdir. Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibəsində də məhz bu məqamları xüsusi vurğulayaraq bildirib ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri “ortaq köklərin yaratdığı böyük geosiyasi məkanda birlik nümayiş etdirir və bu birlik həm tarixə, həm də müasir maraqlara söykənir”. Dövlət başçısı qeyd edib ki, bu coğrafiyada yaranan əməkdaşlıq modeli indi təkcə regional deyil, həm də qlobal səviyyədə nəzərə alınan yeni bir güc kimi formalaşır.
Mərkəzi Asiya ölkələri ilə Azərbaycanın əlaqələri illər ərzində klassik siyasi münasibətlərdən çıxaraq daha kompleks əməkdaşlıq sisteminə çevrilib. Regionun ortaq humanitar dəyərləri, eyni mədəni-tarixi yaddaşı və türk kimliyi bu modelin əsas sütununu təşkil edir. Prezident İlham Əliyev müsahibəsində bu inteqrasiyanın artan rolunu önə çəkərək bildirib ki, Cənubi Qafqazdan Mərkəzi Asiyaya uzanan xətt artıq “vahid strateji platforma kimi çıxış edir və bu platforma ölkələr arasında dayanıqlı, çoxşaxəli tərəfdaşlıq üçün mühüm baza yaradır”.
İqtisadi-ticari əməkdaşlıq bu platformanın dinamizmini təmin edən əsas sahələrdən biridir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin ardıcıl artması, biznes və sənaye sahələrində yeni əməkdaşlıq istiqamətlərinin meydana çıxması Prezident İlham Əliyevin müsahibəsində də xüsusi olaraq qeyd edilib. Dövlət başçısı vurğulayıb ki, mövcud dinamika “tam məmnunluq doğurur və region ölkələri arasında ticarət əlaqələrinin keyfiyyətcə yeni mərhələyə keçməsi üçün kifayət qədər geniş perspektivlər açır”. Bu, yalnız rəqəmlərin artması deyil, həm də iqtisadi siyasətlərin uyğunlaşdırılması, istehsal sahələrinin sinxron inkişafı və yeni logistika xəritələrinin yaradılması deməkdir.
Bu əməkdaşlıq fonunda nəqliyyat və tranzit sahəsində həyata keçirilən layihələr xüsusilə fərqlənir. Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında etibarlı körpü kimi çıxış edir. Prezident İlham Əliyev UzA-ya müsahibəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rolunu xüsusi vurğulayaraq qeyd edib ki, bu marşrut “təkcə regional iqtisadiyyatlara deyil, eyni zamanda Avrasiyanın strateji nəqliyyat sisteminə yeni nəfəs gətirir”. Azərbaycan tərəfindən həyata keçirilən liman, dəmir yolu, gömrük və rəqəmsal logistika layihələri Mərkəzi Asiya ölkələri üçün geniş tranzit imkanları yaradır və onların beynəlxalq ticarətdə daha aktiv iştirakını təmin edir.
Energetika sahəsində əməkdaşlıq isə Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin strateji qatını təşkil edir. Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkdiyi kimi, ənənəvi enerji əməkdaşlığı ilə yanaşı, yaşıl enerji sahəsi artıq prioritet istiqamətə çevrilib. Dövlət başçısı qeyd edib ki, dünya enerji siyasətinin transformasiyası fonunda “Azərbaycan və Mərkəzi Asiya dövlətləri yaşıl enerji potensialı baxımından bir-birini tamamlayan ölkələr kimi xüsusi mövqeyə malikdir”. Azərbaycanın Qaradağ, Zəngilan və digər regionlarda həyata keçirdiyi günəş və külək enerjisi layihələri Mərkəzi Asiyanın zəngin yaşıl enerji resursları ilə sinxron inkişaf edir və bu sahədə yeni tərəfdaşlıq xəttini formalaşdırır.
Yaşıl hidrogen istehsalı, yaşıl enerji marşrutlarının yaradılması, transsərhəd enerji xətləri və enerji saxlama texnologiyalarının tətbiqi üzrə əməkdaşlıq isə Azərbaycanın regionda enerji təhlükəsizliyinə verdiyi strateji töhfəni daha da genişləndirir. Prezident İlham Əliyev bu istiqaməti müsahibəsində “gələcəyin prioritet əməkdaşlıq sahəsi” adlandıraraq bildirib ki, yaşıl enerji üzrə yeni layihələr həm iqtisadi, həm də ekoloji təhlükəsizliyə xidmət edir.
Humanitar sahədə əməkdaşlıq da regional inteqrasiyanın mühüm hissəsidir. Elm və təhsil layihələri, mədəniyyət günləri, gənclər proqramları və ortaq akademik təşəbbüslər regionda vahid intellektual məkana doğru gedən prosesi sürətləndirir. Müsahibədə İlham Əliyev bu istiqamətin əhəmiyyətinə toxunaraq vurğulayıb ki, mədəni yaxınlıq bu əməkdaşlığın təməli, gələcək nəsillərin bir-biri ilə əlaqəsinin isə təminatıdır.
Bir sözlə, Prezident İlham Əliyevin UzA-ya müsahibəsində vurğuladığı kimi, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin formalaşdırdığı əməkdaşlıq modeli ötən illərin təcrübəsinə söykənən, bu günün tələblərinə cavab verən və gələcək üçün strateji əhəmiyyət daşıyan geniş miqyaslı bir birlikdir. Tarixi bağlar, ortaq maraqlar və qarşılıqlı siyasi iradə regionun iqtisadi sabitliyini, enerji təhlükəsizliyini və geostrateji əhəmiyyətini daha da möhkəmləndirir.
Tural Tarverdiyev,
Salyan rayon Kürqaraqaşlı kənd inzibati
ərazi dairəsi üzrə nümayəndənin müavini, YAP fəalı
