Mətbuat dövrün, cəmiyyətin güzgüsüdür. Son 149 il ərzində Azərbaycanın keçdiyi yolun bütün mərhələləri milli mətbuatımızın səhifələrində öz əksini tapıb. Milli mətbuatımızın əsası isə görkəmli maarifçi-publisist, ictimai xadim Həsən bəy Zərdabinin misilsiz səyləri sayəsində ərsəyə gətirdiyi “Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-də nəşrə başlaması ilə qoyulub. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafınada, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində mühüm rol oynayıb.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. Azərbaycan mətbuatının sürətli inkişafı respublikamızda dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxardı. Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində, gerçəkləşdi. Ulu Öndər Heydər Əliyevin milli mətbuata olan münasibəti və qayğısı nəticəsində formalaşma və inkişaf prosesində bir sıra təbii və süni maneələrlə üzləşmiş azad, demokratik mətbuatımız cəmiyyətin operativ, obyektiv informasiyaya tələbatını cavablandırmağa nail oldu. “Jurnalistlərin dostu” adını qazanmış Ulu Öndər Heydər Əliyev, ölkəmiz müharibə şəraitində yaşasa da, böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə, bütövlükdə, KİV üzərində dövlət senzurasını ləğv etdi. Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu Fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi.
Bu gün hərtərəfli inkişaf edən Azərbaycanın inkişaf dinamikası milli informasiya resurslarından da yan keçməyib, onların ümumdünya informasiya şəbəkəsindəki çəkisini artırıb və rəqabət qabiliyyətini yüksəldib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Dövlət başçısı İlham Əliyevin səyləri ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılıb, onların borcları ləğv edilib. 2005-ci il 21 iyul tarixində “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, habelə, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymətdir. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları isə, təsdiqləyib ki, ölkəmizdə mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Dövlət başçısının 2009-cu il 3 aprel tarixli “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Sərəncamı da, məhz konsepsiyada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından, mühüm əhəmiyyət kəsb etmiş oldu. Əgər bu gün mətbuata göstərilən yüksək diqqət və qayğıdan söz açırıqsa, jurnalistlərin mənzil probleminin həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsatin ayrılmasını da qeyd etməliyik. Dövlət başçısının “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 2010-cu il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün yaşayış binasının tikilməsi dövlətimizin yüksək diqqət və qayğısının əyani təsdiqidir. Jurnalistlər üçün 156 mənzildən ibarət 17 mərtəbəli bina inşa olundu. Daha sonra dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna maliyə vəsaitinin ayrılması nəticəsində 255 mənzilli ikinci bir bina da istifadəyə verildi. Bütün bunların nəticəsidir ki, Prezident İlham Əliyev 2017-ci ildə də “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.
Bütün bunlar göstərir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu Azərbaycan Prezidentinin kütləvi informasiya vasitələrinə, jurnalist əməyinə verdiyi yüksək qiymətin göstəricisidir. Bütün bunlar, həm də təsdiqləyir ki, Azərbaycan hakimiyyəti ölkədə söz və mətbuat azadlığının başlıca təminatçısıdır. “Bütövlükdə, söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir”, – deyən Cənab İlham Əliyev bu sahədə ölkəmizin çox böyük və uğurlu yol keçdiyini bildirib. Bunu təsdiqləyən kifayət qədər faktlar mövcuddur. Belə ki, bu gün Azərbaycanda yüzlərlə media orqanı fəaliyyət göstərir. Yüzlərlə qəzetin nəşri vasitəsilə dünyada gedən bütün proseslər sərbəst şəkildə diqqətə çatdırılır.
Azərbaycan dövləti tərəfindən hər zaman azad söz, azad mətbuat problemlərini həlli istiqamətində addımlar atılır. Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Dövlət başçısının Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. Bu gün informasiya mühiti gündən-günə modernləşir, qabaqcıl texnologiyalar həyatımıza daxil olur. Belə bir zamanda mətbuatımızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkarlıqla məlumatlandırmaq kimi məsuliyyətli vəzifə dayanır.
Milli mətbuatımız bu gün də üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirir. Azərbaycan jurnalistləri ölkəmizin reallıqlarını uğurla təbliğ edir, respublikamız barədə informasiyaları, obyektiv şəkildə və yüksək peşəkarlıqla dünya birliyinin diqqətinə çatdırırlar. Son 200 illik tariximizdə ən böyük Zəfərə imza atdığımız 44 günlük müharibə günlərində mətbuat təmsilçiləri, necə deyərlər, qələmi süngüyə çevirmişdilər. Onlar həm Azərbaycan, həm də xarici dillərdə yaydıqları xəbərlərdə erməni yalanlarını ifşa edir, Azərbaycanın ərazi bütövlüyü uğrunda ədalətli müharibə apardığını bütün dünyaya çatdırırdılar. Könüllü olaraq döyüşlərə qatılan jurnalistlərin sayı da kifayət qədər çoxdur.
Göründüyü kimi, milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayan Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə töhfəsini vermişdir.
Əzizağa Məmmədli,
Rayon “Qələbə” qəzetinin əməkdaşı, YAP fəalı
