Hörmətli valideynlər,
Yeniyetməlik dövrü insan həyatında ən mühüm və həssas mərhələlərdən biridir. Bu dövrdə fərdin şəxsiyyəti formalaşır, dünyagörüşü genişlənir və cəmiyyətdə öz yerini tapmağa çalışır. Valideyn olaraq sizin rolnuz bu prosesdə olduqca əhəmiyyətlidir.
Bu xüsusda bəzi tövsiyələrimi sizinlə bölüşmək istərdim:
1. Övladlarınızı dinləyin və onları anlamağa çalışın.
Yeniyetmələrin öz fikirlərini ifadə etməsinə imkan verin. Onları dinləmək və anlamaq münasibətlərinizin əsasını təşkil edəcəkdir.
2. Etimad göstərin.
Övladınıza güvənməyiniz onun özünəinam və özünəgüvən hissini artıracaq və daha məsuliyyətli davranışlara yönəldəcək.
3. Müasir problemlərə açıq olun.
Sosial media, texnologiya və yeni tendensiyalar haqqında məlumatlı olun ki, övladınızla eyni dildə danışa bilə və öz tövsiyələrinizi verə biləsiniz.
4. Sevgi və qayğınızı əsirgəməyin.
Ən çətin anlarda belə sevgi dolu münasibətiniz yeniyetmənin psixoloji sağlamlığı üçün olduqca vacibdir. Kənarda sevgi və qayğı axtarmamaları üçün onlara bu hissləri mütləq şəkildə biruzə verin.
5. Şəxsiyyətinə hörmətlə yanaşın.
Yeniyetmə sizinlə hər hansı fikri bölüşdükdə onu sonacan dinləyin. Onun seçimlərinə hörmətlə yanaşdığınızı ona hiss etdirin.
6. Birlikdə vaxt keçirin.
Onunla söhbətlər aparmaq üçün zaman ayırın, birgə fəaliyyətlə məşğul olun. Ailəvi ənənələr övladınızla aranızdakı bağların möhkəmlənməsinə səbəb olacaqdır.
7. Təhsil və inkişafı dəstəkləyin.
Onun maraq və qabiliyyətlərini üzə çıxarmaqda dəstək olun və yol göstərməkdən əsla vaz keçməyin.
Dəyərli valideynlər, övladlarımız cəmiyyətimizin gələcəyidir. Onların sağlam, vətənpərvər, vicdanlı və vətənimizə layiqli şəxsiyyət kimi formalaşması üçün hər birimizin üzərinə böyük məsuliyyət düşür. Gəlin, birlikdə gələcəyimizin daha parlaq olması üçün bütün səylərimizi ortaya qoyaq.
Hörmətlə,
Günay Ağamal
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.
29 Mart 2025-ci il.
