MİLLİ MƏTBUATIMIZ QLOBAL PLATFORMAYA ÇEVRİLİR – Millət vəkili yazır

Siyasət


Zəngin ənənəsi olan Azərbaycan milli mətbuatının ictimai fikir tariximizin formalaşmasında müstəsna xidmətləri inkar olunmazdır. “Əkinçi” ilə başlanan milli mətbuatımız maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb. 149 il əvvəl – 1875-ci il iyulun 22-də nəşrə başlayan “Əkinçi”nin ilk sayında Həsən bəy Zərdabi türk millətinin yaşamasını, inkişafını, elm və mərifət sahibi olmasını arzulayırdı.

Zərdabi dönə-dönə vurğulayırdı ki, millətin ayılması üçün mütləq maariflənməsi gərəkdir və bunu dövrün ziyalıları etməlidir. Bu amal ilə “Əkinçi” milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu. Bununla da cəmi 56 nömrəsi ilə millətin aynası, eyni zamanda Azərbaycan jurnalistikasının bayraqdarı ola bildi.

“Əkinçi” ilə əsası qoyulan mətbuat sonradan “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi Rus”, “Həyat”, “İrşad”, “Füyuzat” kimi mətbuat orqanları ilə davam etdirildi. Zəngin tarixi olan Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yol təbii olaraq bir neçə tarixi mərhələdən keçib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu.

Azərbaycanda milli istiqlal elan edildikdən sonra daxili və xarici təhlükələrə qarşı ideoloji mübarizə aparmaq vəzifəsi də mətbuatın üzərinə düşürdü. Məhz 1918-ci il sentyabrın 15-də ilk nömrəsi Gəncədə çapdan çıxan rəsmi dövlət orqanı olan “Azərbaycan” qəzeti bu zərurətdən yarandı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə “Azərbaycan” adlı qəzetin nəşrə başlamasının reallaşması milli mətbuatımızın tarixində təkcə ərazi olaraq ölkənin deyil, milli dövlətin adını ifadə edən mətbuat orqanının nəşrə başlaması bir hadisə idi. “Azərbaycan” qəzeti ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatının ən müxtəlif sahələrini öz səhifələrində geniş surətdə əks etdirirdi. Tədqiqatçıların təbrincə desək, “Azərbaycan” qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin mətbu salnaməsidir.

Heydər Əliyev və mətbuat

Azərbaycan Xalq Cümhuriyyətinin işğalından sonra bolşeviklər bütün sahələr kimi, mətbuatı da tam nəzarətə götürdülər. Repressiyanın tüğyan etdiyi, azad sözün olmadığı bir şəraitdə də xalqını, millətini sevən fədakar mətbuat işçilərı sətiraltı olsa da öz fəaliyyətləri ilə milli şüurun oyanmasına, demokratik təfəkkürün formalaşmasına müstəsna xidmətlər göstərdilər.

Bu məqamda xüsusi olaraq qeyd etməyi vacib sayıram ki, məhz Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə mətbuatımız yeni inkişaf mərhələsini yaşayıb. Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Məhz Heydər Əliyevin şəxsi səyi nəticəsində ana dilimizə olan ögey münasibət aradan qadırılıb, milli dil siyasəti yürüdülüb və bu siyasət medianın inkişafında müstəsna rol oynayıb. Azərbaycan dilində qəzetlərin sayı artırılıb, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirilib.

Məhz onun dövründə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm addımlar atıldı. Azərbaycanda nəşr olunan çap mətbuatı, demək olar ki, ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi. Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa başladı. Heydər Əliyevin şəxsi təşəbbüsü ilə o zaman Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin əlaçı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərildilər. Bu isə Azərbaycan Jurnalistika məktəbinin formalaşmasında, inkişafında müstəsna rol oynadı. Xalqın təkidli tələbi ilə Ümummilli Liderin yenidən hakimiyyətə gəlməsi müasir jurnalistikanın inkişafında yeni dövrün başlanğıcı oldu. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada mətbuat azadlığının hüquqi bazası yaradıldı.

Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman ölkə mətbuatının inkişafında mühüm hadisə oldu. Bu fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafına, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən güclü vasitəyə çevrildi. Məhz bu fərmanla Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda fikir pluralizminin daha da möhkəmləndirilməsinə səbəb oldu. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəlləri aradan qaldırdı. Yeni mətbuat orqanlarının təsis olunması proseduru asanlaşdırıldı.

1998-ci il 6 avqust tarixli sərəncamı ilə senzuranı ləğv edən Ulu Öndər bununla da azad sözə, azad fikrə böyük meydan verdi.

Ulu Öndərin yaratdığı ənənələr davam edir

Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, mətbuata qayğıda da Ümummlili Liderin ənənələrini layiqincə davam etdirir. Ölkəmizdə söz və mətbuat azadlığı ən yüksək səviyyədə təmin olunur.

Müasir dünyada mətbuata və demokratiyaya yeni baxış var. Belə ki, azad söz, hər bir fərdin öz düşüncələrini, fikirlərini sərbəst ifadə etmək istəyi demokratiyanın başlanğıcı kimi qəbul edilir. Eyni zamanda azad, hüquqi, demokratik cəmiyyət quruculuğu prosesi də gedir. Bu gün mətbuat işçisi olmaq çox ağır işdir, belə ki, hər bir sosial şəbəkə istifadəçisi mətbuatın bir hissəsinə çevrilib. Məhz belə bir vəziyyətdə zəngin və mütərəqqi ənənələrə malik Azərbaycan mətbuatı demokratiyanın mühüm vasitəsi kimi çıxış edərək istər dövlət və cəmiyyət, istərsə də dövlətlə fərd arasında hərtərəfli münasibətlərin qurulmasına, demokratiyanın inkişafına öz töhfəsini verməkdə davam edir.

Mətbuat işçiləri 2020-ci il sentyabrın 27-də başladılan 44 günlük Vətən müharibəsində informasiya savaşında olduğu kimi, döyüş meydanında da nümunə göstərdilər. Onlardan bəziləri həyatlarını da itirdilər. Vətən müharibəsi başa çatdıqdan sonra jurnalist fəaliyyətlərini yerinə yetirərkən AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov həlak oldular.

44 günlük müharibədə Ali Baş Komandanın informasiya savaşı

II Qarabağ (Vətən) müharibəsinin getdiyi 44 gün ərzində İlham Əliyev Türkiyə, Rusiya ABŞ, Fransa, İtaliya, Almaniya, İngiltərə, İspaniya, Yaponiya və Qətərdən olan tanınmış, on milynyonlarla, yüz milyonlarla auditoriyası olan nəhəng media qurumlarının əməkdaşlarına 30-a yaxın müsahibə verərərək Azərbaycan həqiqətlərini dünyaya çatdırdı, dünya ictimai fikrində dövlətimizə qarşı mənfi reaksiyanın yaranmasına imkan vermədi. İlham Əliyev müsahibələrində jurnalistlərin müxtəlif səpkili suallarına səlist, məntiqli cavablar verir, dünya ictimaiyyətinə Ermənistanın işğalçı sifətini tanıdır, Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını nəzərə çatdırırdı. Tədqiqatçılar hesablamalarına görə 44 günlük müharibə zamanı Azərbaycan Prezidenti 600-dan çox sualı cavablandırmışdır. Azərbaycan Prezidenti öz müsahibələrində konkret dəlillərə, beynəlxalq təşkilatların qərarlarına, beynəlxalq hüquq prinsiplərinə, tarixi faktlara istinad etmişdir.

KİV-ə dövlət qayğısı

Mətbuatın inkişafında dövləti qayğısı xüsusi rol oynayır. Prezident İlham Əliyev azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə verdiyi sərəncamlar dediyimizə sübutdur. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martında imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi idi.

Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Eyni zamanda tarixi təcrübə göstərir ki, informasiya sahəsi dünyada ən sürətli inkişaf edən sahələrdəndir. Yeni dövrlə ayaqlaşmaq üçün milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə, Vətən müharibəsindən sonra ölkəmizdə dövlət-cəmiyyət, dövlət-media, media-cəmiyyət münasibətlərində də yaranmış yeni reallıqlar bu sahənin qanunvericilik bazasının yenilənməsinə böyük tələbat yaratmışdı. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Yeni qanunun qəbulu onu göstərdi ki, Azərbaycan iqtidarı ölkənin demokratik dəyərlər çərçivəsində söz və mətbuat azadlığının mövcudluğunda, bu sahənin qənaətbəxş olmasında maraqlıdır və israrlıdır. Bu gün dövlətin informasiya təhlükəsizliyinin qorunması özlüyündə mühüm əhəmiyyətli məsələlərdən ən vacibidir. Günümüzün reallıqlarından biri kimi “informasiya müharibəsi” anlayışı həyatımıza daxil olub və ciddi əhəmiyyət kəsb edir. “Müasir müharibələrin qalibləri informasiya müharibəsinin qalibləridir” ifadəsi real həyatda öz yerini möhkəmləndirməkdə davam edir. 44 günlük Zəfər müharibəsində qəhrəman əsgərlərimizin şücaətini Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya müharibəsində təkbaşına döyüşərək tamamladı. 30-dan çox dünya KİV-inə, televiziya kanallarına və informasiya agentliklərinə müsahibələr verdi. Azərbaycanın haqq işini, müqəddəs torpaqlarımız uğrunda apardığımız müharibənin həqiqətlərini, eyni zamanda mənfür ermənilərin törətdikləri bütün vəhşiliklərinin üstünü konkret faktlarla dünyaya göstərdi. Bu gün tam əminlikə deyə bilərik ki, informasiya cəbhəsində qələbəmiz döyüş meydanındakı qələbəmizi, zəfərimizi möhtəşəm və etibarlı etdi. Azərbaycanın gücünü dünyaya tanıtdı. Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir.

Ən yaxşı ictimai nəzarət forması

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarında vurğulanan ictimai nəzarət anlayışında jurnalistlərə xüsusi diqqət ayrılmışdır.

İlham Əliyev demişdir: “…Biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbər tuturam və dərhal reaksiya verilir… Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.

Azərbaycan Qlobal Media Forumuna ev sahibliyi edir

Azərbaycanın incisi Şuşa işğaldan azad edilmə xəbərini verən Müzəffər Ali Baş Komandan İlahm Əliyev xalqa müraciətində demişdir: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

Ən qısa müddətdə Şuşa şəhərini dirçəldən Prezident İlham Əliyev bir il sonra 2021-ci ili Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Sərəncam imzaladı. Şuşa şəhərində Türkiyə Cümhuriyyəti ilə mütəffiqlik haqqında müqavilə imzalandı. 31 mart 2022-ci ildə Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildi. Bundan sonra Azərbaycan Respublikasının Prezidenti Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı.

2023-cü ildə Şuşada dünya mediası üçün çox önəmli bir hadisə baş verdi. 21 iyulun 2023-cü ildə “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu baş tutdu. Artıq Qlobal Media Formunun keçirilməsi ən-ənə halını almağa başlayır. Bu günlərdə Şuşada Milli Mətbuatımızın 149 illiyi münasibətilə”Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” adlı Qlobal Media Forumunda 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media subyekti iştirak edir.

Qlobal Media Forumunda Prezidentdən mühüm mesajlar

2-ci Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyev regionda və Azərbaycanda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılması ilə bağlı çağrış etdi. Qlobal Forumun məhz Şuşada keçirilməsi özüdə bir mesajdır. Şuşa artıq diplomatik mərkəzə çevrilib. Dövlət başçısı çıxışında həssas bir məqamada toxunub o bildirdi ki, əvvəlki iki prezident Azərbaycana qarşı, xüsusilə də Xocalıdakı soyqırımını törədənlərdən idi. Mənim üçün bu, xoşagəlməz hal idi ki, onlarla məcburi əl sıxışırdım. Ancaq mən bunu sülh və ərazilərimizin azad edilməsi naminə edirdim. Prezident olaraq mən bütün şəxsi hisslərimi, emosiyalarımı kənara qoymalı idim. Yəni, bu vəzifəni daşıyırsansa, emosiyalarını kənara qoyacaqsan. Həmin görüşlər ərazilərimizi bərpa etməyə bizə kömək etdimi?! Məncə, bəli, onların xeyri oldu. Prezident bir mühüm məqamı da xüsusi qeyd etdi ki, əlbəttə, insan bəzən çətin qərarlar verməli olur. Şəxsən mən Qarabağı azad edərkən 17 il idi Prezident idim və lazım olsaydı, biz daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək. O zaman fərqi yoxdur kim Prezident olacaqdı. Bəlkə də bu hadisə 50 il sonra baş verəcəkdi. Yəni, burada insan eqoist olmalı deyil. Bu, mənimlə bağlı deyil. Fərq etməz, lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi.

Bundan başqa dövlətimizin başçısı sözügedən Forumdakı çıxışında diqqəti dünyanın ikili standartlara əsaslanan siyasəti fonunda reallıqlara qərəzli yanaşmalara da yönəltdi. Qeyd etdi ki, natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar Qərbdən qaynaqlanır. O, gündəlik həyatımıza çevrilir. Təəccüblənirdik, məyus olurduq, indi isə biganə yanaşırıq. Vaxt keçdikcə Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır. Biz qarşılıqlı hörmət, qarşılıqlı anlayış, qarşılıqlı maraqların gözlənilməsi və uzun əsrlər boyu xalqlarımız arasında əlaqələrə əsaslanaraq münasibətləri formalaşdırırıq. Biz diqqətimizi xalqımıza, ölkəmizə yönəltdik, dedi-qodulara, Avropa Parlamentində və ya Avropa Şurasında hansısa bəyanatlara fikir vermədik.

Türk dünyasının gücləndirilməsi diqqət mərkəzində

Forumda da dövlətimizin başçısının diqqət göstərdiyi mövzulardan biridə Türk dünyasının gücləndirilməsi oldu. Azərbaycan Prezidenti bildirdi ki, Türk Dövlətləri Təşkilatının gələcək inkişafına dair baxışlarım tamamilə aydındır. Təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha da yüksək səviyyəyə qaldırmaq üçün ortaq səylərin lazım olduğunu vurğulayan cənab İlham Əliyev qeyd etdi ki, biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya çapında güc mərkəzinə çevirməliyik. Bu gün bir neçə beynəlxalq təşkilat var, bəziləri böhran içində, bəziləri tənəzzüldə, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdə. Artıq Azərbaycan Qlobal Media Forumlarına ev sahibliyi etməsi artıq ənənəyə çevrilir. Cənab Prezident tərəfindən irəli sürülən bu çağırışlar yeni dövrün mediasının əsas iş prinsipinə çevrilərsə, inkişafımıza töhfə olar, bundan xalq və dövlət güclənər.

Əziz media işciləri! Sizin hər birinizi Milli Mətbuat Günü münasibəti ilə ürəkdən təbrik edir və zamanın hər anında bu cətin və şərəfli peşənizdə uğurlar arzulayıram! Azərbaycanın yeni-yeni uğurlarına şahid olmaq üçün Sizin qələminizin gücünə ehtiyac çoxdur. Dövlətimizin, millətimizin və xalqımızın aydın gələcəyi üçün apardığınız mübarizədə yorulmayasınız.

Sadiq QURBANOV, 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir