Müharibədən İsrailə qaçan ukraynalı qadın: “Rusiya ordusu bu şəhərləri yer üzündən silib” – MÜSAHİBƏ

Müharibə

“Valideynlərim, nənəm və ərim Ukraynada qaldı. Hər gün əlaqə saxlasaq da, hərbi fəaliyyətlərdən danışmırıq. Onsuz da bəd xəbərlər kifayət qədərdir… Oğlumun videosunu onlara göndərirəm, fikirlərini yayındırmağa, həyatın nə olursa-olsun davam etdiyini göstərməyə çalışıram”.

Bunu Media.Az-a Rusiya ordusunun genişmiqyaslı hərbi əməliyyatları zamanı iki yaşlı oğlu ilə birlikdə Ukraynanı tərk edərək İsrailə getməyi bacaran Kiyev sakini Natalya Sedova deyib.

“Fevralın 24-də həyat yoldaşımla paytaxtda qalmağın təhlükəsiz olmadığını başa düşdük. Şəhərdə çaxnaşma hökm sürür, yanacaqdoldurma məntəqələrində kilometrlərlə növbələr var idi. Səhər 07:00-də əşyalarımı yığdım: ilk yardım çantası, konserv, uşaq yeməyi, ərim və uşağım üçün paltarlar götürdüm. Kiyev vilayətində yaşayan rəfiqəmin yanına yollandıq. Onun evinin böyük zirzəmisi var, həmin gecəni orada keçirdik. Çox dəhşətli idi, uzaqdan partlayış səsləri eşidilirdi…”, – deyə Sedova olanları xatırlayıb.

Səhər o, əri ilə Lvova, oradan Macarıstanla sərhədə getməyə qərar verib:

“Səhər saat səkkizdə yola düşsək də, gecə yarısı çatdıq. Biz çox şanslı idik, çünki bir çoxları günlərlə yolda qalmışdı. Uşağın yaşadığı stressdən qurtulması üçün bir-iki gün dostlarının yanında qaldıq”.

N.Sedovanın sözlərinə görə, Lvovda vəziyyət nisbətən sakitdi, bütün rabitə vasitələri mövcuddur, mağazalarda isə ərzaq məhsulları var. Yerli sakinlər komendant saatına riayət edirlər, gecələr onlara işıqları uzun müddət yanılı saxlamaq qadağandır.

“Sakinlər öz şəhərlərini müdafiə etməyə hazırdırlar. Keçid məntəqələri tikirlər, ərazi müdafiəsinə qoşulurlar, könüllülüklə məşğul olurlar. Bəziləri mədəni dəyərlərin qorunub saxlanması üçün tədbirlər görür: heykəlləri gizlədir, atəşə tutulduğu halda qorunub saxlanılması ümidi ilə abidələri müxtəlif materiallarla örtürlər”, – deyə o, bildirib.

Yeri gəlmişkən, o vaxt Natalya Sedovanın valideynləri də Kiyevdən Lvova köçüb. Qadının sözlərinə görə, onlar əvvəlcə şiddətli döyüşlərin baş verdiyi İrpen və Buça şəhərlərinin yaxınlığında yaşayıblar:

“Rusiya qoşunları bu yaşayış məntəqələrini praktiki olaraq Yer üzündən siliblər. Anam və atam mütəmadi olaraq dəhşətli gurultu, partlayışlar və Ukrayna hava hücumundan müdafiə sistemlərinin işə salınma səsləri eşidirdilər”.

Artıq Ukraynada qalmağın təhlükəsiz olmadığını başa düşən ailə başçısı Natalyanı və uşağı Macarıstan sərhədinə aparıb. Orada isə onları İsrail səfirliyinin nümayəndələri qarşılayıb:

“Məsələ burasındadır ki, 1991-ci ildə ailəmin bir hissəsi İsrailə köçüb. Onlar hələ də orada yaşayırlar, bu ölkənin vətəndaşlığını alıblar. Bildim ki, bunun əsasında mən repatriasiya (vətənə qayıtmaq və ya yəhudi köklü insanların İsrail vətəndaşlığını almaq prosesi) edə bilərəm. İsrail səfirliyinin nümayəndələri bunu həyata keçirməyə kömək etdilər.

Hazırda Natalya və oğlu Netanya şəhərində qohumlarının yanındadır. Onun əri və atası ümumi səfərbərlik ləğv olunana qədər Ukraynanı tərk edə bilməz. Buna görə də anası və nənəsi Lvovda onlarla qalıb.

Sedovanın sözlərinə görə, İsrailin hər bir şəhərində könüllülər mərkəzləri var. O, onlardan birinin koordinatoru ilə əlaqə saxlayıb və zəruri malları çatdırmağı xahiş edib.

“Bundan əlavə, oğlum üçün oyuncaqlar və hədiyyələr də gətirdilər. Burada çox mehriban insanlar var. Elə ilk gün mənə iki uşaq arabasını pulsuz verdilər. Bilirsiniz, mənim bütün maddi dəyərlərim Kiyevdə qaldı. Amma artıq bunun heç bir əhəmiyyəti yoxdur, həyat göstərdi ki, həqiqətən nəyə və kimə dəyər verməlisən”, – deyə o, bildirib.

Qadının indi xəyal etdiyi yeganə şey evə qayıtmaq, əzizlərini görmək və şəhərin bərpasına kömək etməkdir.

“Mən bu dəhşətli hadisələrin bitəcəyi və əvvəlki kimi xoşbəxt yaşamağa davam edəcəyimiz anı gözləyirəm. Yaşasın Ukrayna!”, – deyə Natalya Sedova sözlərini yekunlaşdırıb.

Leyla Eminova

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir