Vətən müharibəsindən sonra niyə keyfiyyətli mədəniyyət nümunələri yaradılmır? – RƏY

Müharibə

Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin gələcək nəsillərə ötürülməsi və təbliği məqsədilə tarixi Zəfər mövzusunun mədəniyyət və incəsənət əsərləri vasitəsilə yaşadılması və təbliğinə böyük ehtiyac var.

Eksperlər bildirirlər ki, bu mövzuda ədəbiyyat, incəsənət əsərləri, sənədli və bədii filmlər ərazi bütövlüyünün bərpası üçün canlarından keçən şəhidlərin adının yaşadılması, həmin dövrdə cərəyan edən proseslərin, baş verən hadisələrin, aparılan hərbi əməliyyatların mahiyyətinin və təfərrüatının ictimaiyyətə daha dolğun çatdırılması üçün lazımdır. Mədəniyyət və incəsənət xadimləri l Qarabağ müharibəsi və sonrakı dövrü əhatə edən diqqətçəkən, maraqlı, dolğun, eləcə də müxtəlif həcmli, janrlı əsərlər yaradıblar. Amma Vətən müharibəsində Azərbaycan xalqının möhtəşəm zəfərini, Azərbaycan Ordusunun sücaət və qəhrəmanlığını əks etdirən diqqətəlayiq bir əsər yaradılmayıb, film çəkilməyib, marş, kitab yazılmayıb, mahnı ifa edilməyib. Bu mövzu ilə bağlı çəkilən bəzi filmlər də televiziya kanallarının hesabına ortaya qoyulan nümunələrdir.

Bəs Azərbaycanda adıçəkilən nümunələrin yaradılması və təbliği üçün nə çatmır?

Mövzu ilə bağlı “Report”a açıqlama verən politoloq, şair Elçin Mirzəbəyli ayrı-ayrı sahələrdə müharibə mövzusunda, Azərbaycanın qələbəsini ifadə edən, qəhrəman zabit və əsgərlərin keçdiyi şərəfli, müzəffər yolu ifadə edən əsərlərə münasibətdə kompleks yanaşmanın düzgün olmadığını bildirib.

O qeyd edib ki, bu mövzular ayrı-ayrı yanaşma tələb edir:

“Kinofilmlər yoxdur, çünki bu, Azərbaycanın kino sektorunda yaşanan problemlərlə bağlıdır. Təəssüf ki, uzun illərdən bəri bu sektoru dirçəltmək mümkün olmayıb. Kino kifayət qədər maliyyə vəsaiti, peşəkar yanaşma, müasir trendlərlə ayaqlaşmaq bacarığı tələb edir. Mədəniyyət Nazirliyi tərəfindən ildə bir-iki film sifariş edilir, çəkilir, müəyyən festivallarda iştirak edir. Əksəriyyəti haqqında Azərbaycan tamaşaçısının məlumatı olmur.

Televiziya sahəsində ayrı-ayrı telekanallar bu mövzuda materiallar işləyiblər. Həmin materiallar kiminsə zövqündə olmaya və ya peşəkarlığı mübahisəli ola bilər. Amma içlərində kifayət qədər yüksək səviyyədə işlənmiş, müharibənin reallıqlarını, Azərbaycanın qələbəsini əks etdirənlər də var”.

Elçin Mirzəbəyli ötən müddətdə bir neçə hekayə istisna olmaqla sanballı, dünya miqyasına çıxarıla biləcək nəsr əsərlərinə rast gəlmədiyini də bildirib:

“Ola bilsin ki, onlar var, amma kütləvi şəkildə təbliğ olunmur. Yaxud da hələ nəşr edilməyib. Ümumiyyətlə, ədəbiyyat nümunlərində tələskənliyə yol verməyin tərəfdarı deyiləm. Bu zamana kimi müharibə dövründə və tələsik yazılan əsərlər bir çox marşlar kimi, bədii cəhətdən zəif olub, uzunmüddətli olmur. Xatırlayarsız ki, müharibə dövründə az qala hər müğənni vətənpərvərlik ruhunda mahnı ifa edirdi. Həmin mahnıların çoxunun mətnlərinin əhəmiyyətli hissəsi keyfiyyətsiz idi. Hətta bir çoxu Azərbaycan dilinin qanunlarına uyğun olmayan mətnlər idi. Həmçinin musiqiləri də peşəkar deyildi, əksəriyyəti meyxana ritmlərində, mərsiyyə stilində yazılan mahnılar idi.

Halbuki onlar nə Azərbaycan xalqının mentalitetinə, nə vətənpərvərlik ruhunun aşılanması anlayışına uyğun idi. Düşünürəm ki, bu sahəyə ciddi şəkildə əl gəzdirməyə ehtiyac var”.

Şair müharibə ilə bağlı yazılan poeziya nümunələrin qismən daha uğurlu olduğunu hesab edir:

“Bu sahədə kifayət qədər uğurlu əsərlər var. Yazıçılar Birliyinin iştirakı ilə onlardan ibarət toplu da dərc olunub. Mədəniyyət Nazirliyi poeziya sahəsində həm peşəkarlar, həm də həvəskarlar arasında müsabiqə keçirmişdi. Peşəkarlar arasında qalib gələnlərdən biri də elə mən idim. Düşünürəm ki, müharibə ilə bağlı, müzəffər Azərbaycan Ordusuna mənim və həmkarlarımın həsr etdikləri şeirlər uğurludur. Onların təbliğ olunub-olunmaması müzakirə mövzusudur. Həmin mətnlər, yüksək peşəkarların qiymətləndirdiyi peşəkar ədəbiyyat nümunələri ola-ola bizim bəstəkar və müğənnilərin ortaya keyfiyyətsiz məhsullar qoyması təəccüb doğurur. Onlar niyə peşəkarlara müraciət etmirlər? Düşünürəm ki, bu, onların daha asan yol axtarışından irəli gəlir. Çünki peşəkar poeziya nümunələrinə müraciət etmək və onun üzərində mahnı-marş yazmaq çox çətindir”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir