Neftçalanın Qüruru Şamo Eyvazov İspaniyada Keçirilən Beynəlxalq Turnirdə Dünya Çempionu Adını Qazanaraq Azərbaycanın Adını Uca Tutdu
Azərbaycanlı idmançı Şamo Eyvazov növbəti dəfə böyük uğura imza atıb. Həmyerlimiz İspaniyanın Oviedo şəhərində keçirilən beynəlxalq turnirdə rəqibini məğlub edərək dünya çempionu titulunu qazanıb. Çempionat çərçivəsində Eyvazovun rəqibi 150-dən artıq peşəkar döyüş təcrübəsi olan, ikiqat Avropa çempionu ispaniyalı Xaero Diyas olub. Döyüşün ilk raundlarından etibarən təşəbbüsü ələ alan azərbaycanlı idmançı rəqibinə üstünlük tanımayıb. Aldığı zədə səbəbindən ispaniyalı idmançı ikinci raunddan sonra mübarizəni davam etdirə bilməyib və nəticədə Şamo Eyvazov tam qələbə əldə edib.
Məlumat üçün bildirək ki, 33 yaşlı idmançı əslən Neftçalanın Qaçaqkənd kəndindəndir və hazırda ailəsi ilə birlikdə İspaniyada yaşayır. O, bütün yarışlara Azərbaycan bayrağı ilə çıxaraq vətənə olan bağlılığını daim nümayiş etdirir.
Bu möhtəşəm nailiyyəti ilə Şamo Eyvazov bir daha sübut etdi ki, azərbaycanlı idmançılar istənilən arenada söz sahibidir. Onun qələbəsi təkcə şəxsi uğur deyil, həm də ölkəmizin idman şöhrətinə verilən böyük töhfədir. Belə qeyrətli, əzmkâr və vətənpərvər oğullarımızın olması hər birimizi qürurlandırır.
Dünya çempionu titulunu qazanan Şamo Eyvazovu ürəkdən təbrik edir, növbəti yarışlarda da daha böyük uğurlar arzulayırıq. Bayrağımızı daim zirvələrdə dalğalandırmağın sevincini bizə yaşatdığı üçün minnətdarlığımızı bildiririk.











