“Sərhədsiz həkimlər” (MSF) beynəlxalq təşkilatın dörd nümayəndəsi Nikolayevdəki onkoloji xəstəxananın yaxınlığında atəşə tutulub.
Bu barədə təşkilatın saytında məlumat verilib. Bildirilir ki, qurum nümayəndələri aprelin 4-də Nikolayevə şəhər və rayon səhiyyə rəsmiləri ilə görüşmək üçün yollanıblar.
MSF-in Ukraynadakı missiyasının rəhbəri Mişel-Olivye Laşaritenin sözlərinə görə, təşkilatın əməkdaşlarının bilavasitə yaxınlığında 10 dəqiqə ərzində bir neçə partlayış baş verib.
“MSF qrupu ərazini tərk edərkən yaralıları və ən azı bir meyiti görüb. Lakin ölən və yaralananların dəqiq sayını deyə bilmərik. Xoşbəxtlikdən, əməkdaşlarımız gizlənə biliblər və partlayışlar zamanı xəsarət almayıblar”, – deyə o bildirib.
Bununla belə, o, həkimlərin park edilmiş avtomobillərinin və təxminən 300 metr aralıda yerləşən regional uşaq xəstəxanasının partlayış nəticəsində zərər gördüyünü vurğulayıb.
www.102info.az
