Novruz xalqımızın mifik düşüncə və təsəvvürlərini özündə yaşadan və bu günümüzə yetirən qədim xalq bayramıdır. Azərbaycanda milli bayram kimi hər il yüksək səviyyədə qeyd olunan Novruz xalqın müqəddəs etiqadına söykənməklə özündə mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları təcəssüm etdirir. Təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlər, xoş arzular oyadır, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadır, insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllərə əsaslanır. Ruhun oyanışı, yeni bir həyatın başlanğıcı olan bu gözəl el bayramı hər dəfə gəlişi ilə ömrümüzü bəzəyir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.
Bu gün xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm nailiyyətləri sırasındadır. Dövlət başçısı tarixi-mədəni irsimizin yaşadılmasına və adət-ənənələrimizin qorunmasına xüsusi qayğı ilə yanaşaraq bu məqsədlə son illərdə mühüm addımlar atıb, sərəncamlar imzalayıb. Bütün bunlar Prezident İlham Əliyevin xalqımızın dəyərlərinə son dərəcə bağlı olduğunu, onlara hörmət və ehtiramla yanaşdığını təsdiqləyir. Bu sıradan da böyük bayramımız olan Novruzun yüksək səviyyədə qeyd olunmasına, mütərəqqi adət-ənənələrin cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına daim çalışır. Hər il Novruz bayramı münasibətilə xalqımıza təbrik ünvanlayan dövlət başçısı vətəndaşlarımıza xoş arzu və niyyətlərini bildirir. Yüksək mənəviyyat xəzinəsi sayılan Bahar bayramının milli mədəni sərvətlərimizin zənginliyi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini dolğun şəkildə ifadə edir. Novruz böyük mənəvi gücə malikdir, insanlar arasında qardaşlıq duyğularını möhkəmləndirir, cəmiyyətdə əmin-amanlığın və xoş münasibətlərin bərqərar olmasına zəmin yaradır.
Azərbaycan xalqı artıq dördüncü ildir Novruz bayramını qalib dövlətin vətəndaşları olaraq qeyd edir. Artıq dördüncü ildir ki, Azərbaycan vətəndaşları Novruz bayramını işğaldan azad olumuş ərazilərdə qarşılayır. Məhz, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfərlə müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırıb. Bu il də Novruz bayramının düşmən tapdağından azad edilən torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günləri sırasına daxil olur.
2021-ci ilin Novruz bayramında Prezident İlham Əliyevin Şuşada, Cıdır düzündə bayram tonqalını alovlandırması, soydaşlarımızı bayram münasibətilə təbrik etməsi qalibiyyətin təntənəsi olmaqla yanaşı, həm də ulu əcdadlarımızın xatirəsinə, xüsusilə də Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ənənələrə dərin ehtiramın əlaməti idi: “Hazırda Azərbaycan Novruzu yeni sima və imic ilə qarşılayır. Məhz, paytaxtımızın, bölgələrimizin, xüsusilə də işğaldan azad olunmuş ərazilərin abadlaşması istiqamətində görülən irimiqyaslı işlər təbiətin yeniləşməsi ilə həmahənglik təşkil edir. Hər tərəfdə gedən abadlıq-quruculuq işləri Azərbaycanın əsl yüksəliş, tərəqqi yolunda olduğunu bir daha təsdiqləyir. Dövlətin iqtisadi və sosial siyasətinin insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəlməsi isə sabaha inamı artırır”.
Ölkə Prezidentinin rəhbərliyi, məqsədyönlü siyasəti, qətiyyəti ilə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın bugünkü inkişafı, abadlığı, vətəndaşlarımızın getdikcə yüksələn rifahı insanlarımızın Novruz arzularının təcəssümüdür. Azərbaycan Prezidenti xalqımızın milli-mənəvi dəyərlərinə sadiq olmaqla bütün dünyada sülhün, daha gözəl bir dünya, insanın xoşbəxtliyi uğrunda əməkdaşlığın təmsilçisi kimi çıxış edir. Hər il Novruz bayramı ərəfəsində imzaladığı əfv sərəncamları ilə yüzlərlə insana azadlıq, həyatının davamını cəmiyyət üçün faydalı bir şəxs kimi yaşamaq şansı, yüzlərlə ailəyə sevinc bəxş edir.
Anar Hacıyev,
Salyan şəhəri, gənc YAP fəalı
