2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisində keçirilmiş növbədənkənar seçkilər demokratikləşmə prosesini sürətləndirən bir çox müsbət yeniliklərlə yadda qaldı. Prezident İlham Əliyev VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu olduğunu xüsusi qeyd etdi. 2020-ci il fevralın 9-da keçirilmiş parlament seçkilərində bütün siyasi qüvvələrin, siyasi partiyaların maneəsiz iştirakına şərait yaradılması sayəsində Milli Məclisin yeni tərkibdə, çoxpartiyalılığa əsaslanmaqla yenidən formalaşması islahatlara çox mühüm töhfə oldu. İctimai həyatın müxtəlif sferalarında atılan mütərəqqi addımlar, aparılan köklü islahatlar, heç şübhəsiz ki, qanunverici hakimiyyətin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün atılmalı olan addımlardan da yan keçə bilməzdi. Siyasi plüralizmin təzahürü olan çoxpartiyalı sistemin əsaslarının gücləndirilməsi, seçki qanunvericiliyinə və siyasi partiyaların fəaliyyətini tənzimləyən qanunlara dövri olaraq edilən əlavə və dəyişikliklər ölkədə yeni demokratik ənənələrin əsasını qoymaqla yanaşı, fikir plüralizminin inkişafına zəmin yaradır. Azərbaycan artıq Cənubi Qafqazın tanınmış lideri və “dondurulmuş” hesab edilən münaqişəni həll etmiş dövlətdir. Azərbaycan təkcə bölgəmizə deyil, bütün dünyaya fayda gətirən layihələrin təşəbbüskarıdır. 4 il bundan əvvəl növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi. Prezident İlham Əliyevin 2020-ci il martın 10-da VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı proqram xarakterli çıxışı yeni formalaşmış parlament qarşısında mühüm vəzifələr qoydu. VI çağırış Milli Məclisin fəaliyyəti çox mürəkkəb, gərgin və bir o qədər də tarixidir. Pandemiya, Vətən Müharibəsi, postpandemiya və post münaqişə dövrü ilə müşayət olunan parlamentimiz bir çox tarixi Qanun layihələri qəbul etmişdir. Bunların sırasına iqtisadi və siyasi, sosial islahatların, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mühüm qanunlar qəbul edilib. Dəyişən reallıqlar fonunda qanunvericilik bazası daha da təkmilləşdirilir. Genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır.” deyə vurğulayan dövlət başçısı, qeyd olunanlarla yanaşı müxalif yanaşma ilə anti-Azərbaycan siyasəti yürüdən bəzi xarici dairələrin ölkəmizdəki ünsürlərinin fərqli qruplar olduğuna diqqət çəkərək, ikincilərin Azərbaycan xalqının maraqlarını deyil, öz mənafelərini güdən qüvvələr olduğunu, onların Azərbaycanda sosial dayağının olmadığını vurğulamışdır. Ölkə başçısı, habelə ölkə xaricində yeni beşinci kolonun yaradılması istiqamətində iş aparıldığını, indiki beşinci kolonun öz sahiblərinin etimadını doğrultmadığını da qeyd etdi. Ölkədə mövcud olan çoxpartiyalı sistem, parlamentin işinə töhfə verməklə bərabər cəmiyyətdə fərqli düşüncələrə və ideologiyaya məxsus sosial qrupların maraqlarının təmin olunmasına şərait yaradır. Digər bir önəmli xüsus isə odur ki, mövcud parlamentin tərkibinin yalnız hüquqşünas və iqtisadçılardan deyil, eyni zamanda müxtəlif peşə qruplarını təmsil edən şəxslərdən, cəmiyyət üzvləri arasında xüsusi yeri və çəkisi olan sənət adamlarından ibarət olması, əsasən müvafiq sahələrdə çalışan insanları daha çox maraqlandıran qanun layihələrinin hazırlanması və müzakirəsi zamanı onların da fikir və düşüncələrinin nəzərə alınmasına əlverişli şərait yaradır. Altıncı çağırış Milli Məclis hakimiyyətin qanunvericilik qolu olaraq üzərinə düşən funksiyaları uğurla həyata keçirir, ölkədə aparılan islahatlara öz dəstəyini verməkdədir. Milli Məclis öz fəaliyyətini dövlət başçısının daxili və xarici siyasətinə, eləcə də, altıncı çağırış Milli Məclisin ilk iclasında səsləndirdiyi tövsiyələrinə uyğun qurulması üçün zəruri tədbirlər görməkdədir.
Rəşad Zeynalov,
Salyan rayon Xələc 2 saylı kənd tam orta məktəbin direktor müavin
