Bildiyimiz kimi, ölkəmizdə enerji istehsalının bərpaolunan mənbələr hesabına şaxələndirilməsi əsas vəzifələrdən biridir. Bu istiqamətdə “Masdar”ın fəaliyyəti xüsusi diqqət çəkir. Şirkətin respublikamızda həyata keçirdiyi layihə dayanıqlı, təmiz enerji ilə bağlı prioritetlərin reallaşdırılmasına xidmət edir.
Xatırladaq ki, respublikamızda iqtisadi cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün bərpaolunan enerji mənbələrinin böyük potensialı var. Ölkəmizin quruda 27 giqavatt enerji potensialı (günəş və külək enerjisi), dənizdə isə 157 giqavatt enerji potensialı mövcuddur. Bu enerjinin gerçəkləşdirilməsi, istehsalı və ixracı üçün genişmiqyaslı layihələrin reallaşdırılması, həmçinin investisiyaların qoyulması tələb olunur.
Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində indiyədək bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib, xarici investisiyaların cəlb olunması istiqamətində bir sıra danışıqlar aparılıb, müqavilələr imzalanıb. Bununla da respublikamızda bərpaolunan elektrik enerjisi ixracını artırmaq üçün geniş imkanlar açılıb.
Azərbaycanın bərpaolunan enerji mənbələri sahəsində bir sıra mühüm investisiya müqavilələrini imzalaması, respublikamızda günəş və külək enerjisi stansiyalarının tikintisinə başlanılması da yuxarıda vurğulanan fikrin bariz ifadəsidir. 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası layihəsinin BƏƏ-nin “Masdar” şirkəti ilə birgə həyata keçirilməsi də həmin istiqamətdə atılan uğurlu addımlardan biridir. 26 oktyabr tarixində Qaradağ Günəş Elektrik Stansiyasının açılışında çıxış edən Prezident İlham Əliyev bu elektrik stansiyasının regionumuzda ən böyük günəş elektrik stansiyası olduğunu qeyd edərək Birləşmiş Ərəb Əmirlikləri ilə birgə həyata keçirilmiş layihənin üstünlüklərindən danışıb. Gələcəkdə 1 qiqavat həcmində bərpa olunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanmasını Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsi kimi qiymətləndirib. Ölkə başçısı bildirib ki, birgə əməkdaşlıq təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcəkdir.
Bir sözlə, “Masdar” Azərbaycanda alternativ enerji sahəsində böyük layihələrin həyata keçirilməsində fəal iştirak edir. Bu, cari il yanvarın 15-də Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində Azərbaycan Respublikası SOCAR ilə adıçəkilən xarici şirkət arasında imzalanan sazişlə öz təsdiqini tapıb.
Bu məqamda onu da qeyd edək ki, respublikamızın strateji investorlarının biri ilə Azərbaycan 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat Günəş enerjisini istehsal etməyi planlaşdırır ki, onun da 80 faizinin ixrac olunacağı planlaşdırılır. Bununla yanaşı, 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə güclərin yaradılması da nəzərdə tutulur.
Göründüyü kimi, ölkəmizdə bərpaolunan enerji layihələrinin reallaşdırılması prioritet istiqamətdir. Dövlətimizin başçısı bu sahənin inkişafına, sözügedən istiqamətdə tədbirlərin genişləndirilməsini diqqət mərkəzində saxlayır.
Bütün bunlar Azərbaycan tərəfindən müasir dövrün tələblərini nəzərə alan və qloballaşma dövrünün çağırışlarına adekvat cavab verməyə hazır olan yeni enerji strategiyasının tətbiq olunduğunu göstərir. Bu uğurlar vaxtilə əsası Heydər Əliyev tərəfindən qoyulmuş milli enerji siyasətinin İlham Əliyev tərəfindən yaradıcılıqla və uğurla davam etdirilməsinin nəticəsi olaraq Azərbaycan xalqının rifah halının artırılmasına xidmət edir. Bu uğurları təmin edən əsas amillər isə milli maraqlarımızın qorunması istiqamətində ölkə başçısının dönməz siyasi iradəsi və cəmiyyətimizin bu siyasətə verdiyi yekdil dəstəkdir. Qarşıdakı bütün hədəflərə nail olmağın ən uğurlu yolu da məhz sabitlik və həmrəylikdir.
Fariz Sadıqlı,
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi, YAP fəalı
