Bildiyimiz kimi fevralın 14-də Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib. Dövlətimizin başçısı mərasimdəki çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunmaqla dünyaya vacib ismarışlar verib. Prezident Azərbaycanın qarşısında dayanan əsas prioritetlərə yenidən aydınlıq gətirərək bildirib ki, ən önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir.
İkinci Qarabağ müharibəsi bitdikdən dərhal sonra işğaldan azad olunan ərazilərin mina və partlamamış hərbi sursatdan təmizlənməsi, istehsal və xidmət infrastrukturunun qurulması istiqamətində mühüm addımlar atıldı. Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat-kommunikasiya xətlərinin bərpası üçün irimiqyaslı layihələr həyata keçirilməklə yanaşı, müasir texnologiyalar əsasında “ağıllı şəhər” və “ağıllı kənd”lərin inşasına başlanıldı. Bütün bunların həyata keçirilməsində əsas məqsəd əhalinin dayanıqlı məskunlaşmasını və həmin iqtisadi rayonların yüksək inkişaf etmiş regiona çevrilməsini təmin etməkdir. Quruculuq və bərpa işlərinə başlanıldığı zamandan bəri Prezident İlham Əliyevin iştirakı ilə Ağdam, Füzuli, Cəbrayıl və digər şəhərlərimizin bərpasına və baş planlarının hazırlanmasına start verilib. Eyni zamanda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkının, Füzuli, Zəngilan və Laçın hava limanlarının və digər infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimləri baş tutub. İşğaldan azad olunmuş ərazilərdəki silahlı qüvvələrimizi modernləşdirmək məqsədilə müasir döyüş texnikası ilə təchiz edilib, şərti sərhədlər daha da möhkəmləndirilib. Bununla yanaşı, hər iki iqtisadi rayonda genişmiqyaslı bərpa-quruculuq layihələri çərçivəsində yol infrastrukturunun sürətlə qurulması məsələsinə də xüsusi önəm verilib. Vətən müharibəsindən dərhal sonra başlanan 28,5 kilometrlik Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu, 101,5 kilometrlik “Zəfər yolu” inşa edilib. Həmçinin Laçın şəhərinə daxil olmadan 22 kilometrlik yeni alternativ avtomobil yolunun tikintisi də yekunlaşıb.
Hazırda işğaldan azad edilən ərazilərdə 14 avtomobil yolunun tikintisi davam etdirilir. Onlardan 8-nin çəkilişinin cari ildə yekunlaşacağı planlaşdırılıb. Füzuli-Hadrut, Hadrut-Tuğ-Azıx mağarası, Bərdə-Ağdam, Qubadlı-Eyvazlı, Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan, Kəlbəcər və Laçın rayonları ərazisində isə inşaat işləri yekunlaşmaq üzrədir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planına müvafiq olaraq 2026-cı ilədək ümumi uzunluğu 2264,5 kilometrlik 20 avtomobil yolunun və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma və torpaq işlərinin yerinə yetirilməsi də planlaşdırılıb. Ümumilikdə, bütün sosial infrastrukturların – xəstəxana, məktəb, idman obyektləri, 130-dan çox tunel və körpünün inşası davam etdirilir. Böyük Qayıdış Proqramı uğurla icra edildiyi üçün Qarabağ və Şərqi Zəngəzurda məskunlaşma prosesi sürətlə həyata keçirilir. Bu baxımdan, həmin ərazilərin elektrik enerjisi ilə təchizatı sisteminin yüksək səviyyədə qurulması da diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, müharibədən sonra bölgənin energetika sisteminin gücləndirilməsi istiqamətində əsaslı addımlar atılıb. Dövlətimizin başçısının müvafiq tapşırığı əsasında hazırlanmış Reabilitasiya Proqramı çərçivəsində “itirilmiş” generasiya gücləri yenidən bərpa edilir. “Cəbrayıl”, “Hadrut”, “Qorçu”, “Laçın” yarımstansiyalarının, “Qamışlı”, “Meydan”, “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Mişni” və “Alxaslı” kiçik su elektrik stansiyalarının istismara verilməsi də bunun əyani sübutudur.
Hazırda Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın iqtisadi tərəqqisinin dayaq nöqtəsi kimi qiymətləndirilir. Bu ərazilərdə istər kənd təsərrüfatı, istərsə də bərpaolunan enerji ilə bağlı həyata keçirilən layihələr də prosesə öz töhfəsini verir. Yaxın gələcəkdə işğaldan azad olunmuş bütün ərazilər gülüstana çevriləcək.
Bir sözlə, yeni dövrün yeni çağırışları hər bir azərbaycanlının qarşısında yeni hədəflər və vəzifələr qoyur. Qüdrətli və güclü Azərbaycan quruculuğunda hər birimiz səfərbər olmalı, yeni dövrün yeni ideya və məramının müəyyənləşdirilməsi üçün ictimai-elmi müzakirələr aparmalı, cənab Prezidentin açdığı yolda yeni uğurlara və həfəflərə doğru inamla addımlamalı, üzərimizə düşən vəzifələri vicdanla yerinə yetirməliyik.
Emin Ağayev,
Salyan rayonu Kürqaraqaşlı kəndi, gənc YAP fəalı
