Kubra Məhərrəmova yazır…
Hərdən mənə elə gəlir ki, biz yaşamırıq. İstəsək də yaşaya bilmirik.
Alınmır bizimki. Biz hamıdan asılıyıq, bircə özümüzdən asılı deyilik.
Bizim hər işimiz kollektiv məsləhətlər üzərindən gedir. Gəlin hamilədirsə, bütün qohumların məsləhəti ilə hansısa həkimə gedəcək. Təbii doğuş, yoxsa qeysərriyə əməliyyatına da qohumlar qərar verəcək. Uşağı bələməkdən tutmuş gedəcək məktəbinə qədər qohumlar qərar verəcək.
Və beləcə zəncir uzanır, hamı məsləhət verir. Hamı ağıl verir bir-birinə. Evlənmək, ya da ərə getmək məsələsi meydana çıxsa gərək bütün qohum-əqrəba, dost-tanış, qonum-qonşu, evin altındakı dükanın satıcısı, məhəllədəki “parkovşik”, hamı səsverməyə çıxsın. Lehinə və əleyhinə verilmiş səslərin nəticəsindən sonra, ən sonda evlənmək istəyənlər qərar verə bilər, ailə qurmaq istəyirlər, ya yox?
Sonra da digər həngamələr başlayır. Filan şadlıq evinə gedin orada yaxşı kabab verirlər, filan yerdən gəlinlik götür, mən gəlinimə oradan götürmüşdüm, xonçaya filan konfetlərdən qoy, yaxşısı odur.
Bəlkə kimsə heç şadlıq evində toy eləmək istəmir? Bəlkə heç ağ paltar da geyinmək istəmir. Heç konfetli xonça da istəmir. Amma bu heç kimə maraqlı deyil. Hamı belə edib, sən də belə etməlisən, bitdi. Seçim haqqımız yoxdur sanki. Hər şey kollektiv surətdə olmadır, vəssalam.
Kollektiv iştirak isə həyatın bütün sahələrini ələ keçirib.
Həkimə gedəndə bir dəstə. Məktəbə, birinci sinfə gedəndə bir dəstə. Maşın almağa gedəndə bir dəstə. Ev almağa bir dəstə. Dəstə-dəstə keçir ömrümüz. Öləndə də həmçinin. Başı-ayağı görünməyən ağ mağar. Qeybətləşən insanlar. Hüzrə gəlib pendir-lavaşı gözünə təpələr. Arada çox danışanların üstünə sinif rəhbəri kimi çımxıran mollabacı, ya da molla əminin ağıllı məsləhətləri.
Ağıl və məsləhət vermək kollektiv şəkildə hamıya tətbiq olunur.
Biri həyatı başa salır, biri namus-qeyrəti. Digəri ana-bacı söhbətini, o biri “vor zakon” qaydalarını.
Dünən 15 yaşında oğlan anasını küçədə bıçaqlayıb öldürdü. 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmova oğlu, 2007-ci il təvəllüdlü A.C. ilə mübahisə edib. İddia olunur ki, oğul anasını qısqanclıq zəminində öldürüb. 15 yaşında uşağın hansı qısqanclığı ola bilər axı? Biz də uşaq olmuşuq. Sadəcə bizim ətrafımızda ağıl verənlər olmayıb. Ona görə də nə özümüzü, nə də başqalarını öldürmək fikrimiz olmayıb.
Hadisəni törədən 15 yaşlı şəxs saxlanılıb. Bundan sonra onun həyatı məhv oldu. Anasının qatili, həbsxanada gəncliyini itirəcək uşaq…
İllər sonra anlayacaq ki, boş yerə öldürüb anasını. Ağıl və məsləhət verənlər isə hər axşam isti yataqlarında yatacaq. İsti çaylarını içəcək, 15 yaşlı uşaq isə…
Onun həyatı bitdi. O həbsxanadan çıxandan sonra ağılverənlər ondan uzaq qaçacaq, onu işə götürməyəcək, onunla söhbət belə etməyəcək.
Çünki cəmiyyətin əksər hissəsi olan bu ağılverənlər dəstəsi aranı qatıb kənarda qalmaqdan zövq alır.
Çox təəssüf ki, bu dəfə onların qurbanı 15 yaşlı uşaq və anası oldu.
www.102info.az
