“Oxu.Az saytının bloklanması Rusiyanın eybəcər günahını güzgüdə görməsidir” – ŞƏRH

Cəmiyyət

Oxu.Az saytının bloklanması Rusiyanın eybəcər günahını güzgüdə görməsidir.

Oxu.Az xəbər verir ki, bu barədə “Bizim Yol” media qurumunun baş redaktoru Bahəddin Həzi yazıb. 

O bildirib ki, bundan əvvəl “haqqin.az”, “minval.az” saytları da bloklanmışdı:

“Bu, Rusiya hökumətinin hər şeydən əvvəl öz xalqına qarşı informasiya müharibəsidir. Alternativ fikir, alternativ mövqe diktatorların qorxulu yuxusudur.

Azərbaycan 44 günlük Vətən müharibəsi zaman Rusiyanın mediasını öz ərazisində bloklamamışdı. Halbuki haqqımızda nələr yazmırdılar, nələr demirdilər?! Peqovu heç demirəm. Elə həmin Marqarita Simonyanın “Russian Today”i, “Sputnik” və saymaqla bitməyən başqa resursları.

Rusiya mediası haqqımızda hər cür hədyanlar yayırdılar. Azərbaycanı, Türkiyəni, başqa bizə dost ölkələri öz aləmlərində ağ yuyub, qara sərirdilər. Ancaq heç kim onlara “gözün üstündə qaşın var” demədi bu ölkədə. Rusiya isə… Nə isə.

Düşünürəm, Azərbaycan dövləti bu haqsız və yersiz qərara adekvat cavab verməlidir. Medianı susdurmaqla heç kim Ukraynada batdığı bataqlığın palçığını təmizləyə bilməz. Kim harda hansı bataqlığa girər, öz işidir – bu ayrı məsələ. Ancaq kiminsə öz yanlışının hesabını bizə ödətdirmək istəməsi, yumşaq desək, məntiqsizlikdir, haqsızlıqdır”.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir