“Oxu.az”ın baş redaktoru: “Rusiyada təkcə Azərbaycan yox, Ukrayna saytları da bloklanıb” – VİDEO

Cəmiyyət

Azərbaycanda üç sayt bloklanıb, biz belə düşünürük ki, böyük ehtimalla bu dalğa davam edəcək və sadəcə bu üç saytla kifayətlənməyəcəklər, ardı gələcək.

Bu barədə Oxu.Az-ın baş redaktoru Ülvi Səfərov ARB TV-də yayımlanan “İş vaxtı” verilişinə Azərbaycan saytlarının Rusiyada bloklanması ilə bağlı danışarkən deyib.

O bildirib ki, nə qədər qəribə səslənsə də, bu proses bizim xəbərimiz olmadan baş verib:

“Normalda bu proses icra olunan zaman prosedur qaydalarına əsasən, əvvəlcə xəbərdarlıq edilməli idi, daha sonra bloklanma barədə tələblərdə göstərilən maddələr bizim tərəfimizdən icra olunmadığı halda bloklanma icra oluna bilərdi. Belə görünür ki, Roskomnadzor (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti), yəni Rusiyada bu prosesi icra edən qurum dəqiq, qərəzsiz, araşdırılmış və əhatəli xəbərlərə qarşı dırnaqarası “xüsusi həssaslıq” göstərib. Nəticədə belə bir qərara gəliblər ki, heç bir xəbərdarlıq etmədən Azərbaycanın bir sıra media qurumlarının saytlarını, o cümlədən Oxu.Az-ı da bloklasınlar.

Oxu.Az həm rus, həm də Azərbaycan dillərində fəaliyyət göstərir. Burada oxucuların yalnız Azərbaycan seqmentinin deyil, Rusiya Federasiyasının vətəndaşlarının da, hansılar ki, onlar Oxu.Az-ı rus dilində oxuya bildirdilər, onların bir qisminin düzgün, dəqiq xəbərlərə çıxışının bir növ qarşısı alınıb”.

Baş redaktor vurğulayıb ki, bütün xəbərlərdə beynəlxalq jurnalistikanın hər müddəasına cavab verilir:

“İstər Rusiya, istərsə də Ukrayna tərəfindən xəbərlərin düzgün və vaxtında oxucuya çatdırılması təmin edilir. O cümlədən, bütün beynəlxalq media qanunlarının tələblərinə riayət etmişik. Böyük ehtimalla burada məsələ Roskomnadzorun istəyinin yerinə yetirilməməsidir. Xəbərlərin düzgün formada deyil, onların istədiyi formada cəmiyyətə çatdırılması məsələsi durur ki, biz bunu etmiş olsaydıq artıq qərəzli formada xəbərləri çatdırmış olacaqdıq”.

Ülvi Səfərov qeyd edib ki, Rusiyada Ukrayna saytları bloklanıb və hətta Rusiyanın özünün belə bir neçə saytı, media qurumu var ki, onlar bir növ mərcək altına düşüblər:

“Bəzi hallarda könüllü şəkildə fəaliyyətlərini dayandırıblar, bəzi hallarda isə Roskomnadzor tərəfindən bloklanıb”.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir