Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir

Baş səhifə


Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlər uzun əsrlər boyu ortaq etnik-mədəni köklərdən, türk birliyindən və oxşar tarixi yaddaşdan formalaşmışdır. Bu dərin köklər müasir dövrdə dövlətlərarası əməkdaşlığın geniş spektr üzrə inkişafına möhkəm zəmin yaradıb. Müstəqillik dövründə iki ölkə arasındakı əlaqələr ardıcıl şəkildə gücləndirilərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə bu münasibətlərin mahiyyəti, inkişaf istiqamətləri və perspektivləri öz əksini tapır. Dövlət başçısı, xüsusilə vurğulayır ki, Özbəkistan Azərbaycan üçün sadəcə dost və tərəfdaş deyil, qardaş ölkə və etibarlı müttəfiqdir. Bu fikir təkcə diplomatik ifadə deyil, son illərin siyasi və iqtisadi reallıqları ilə tam təsdiqlənən bir həqiqətdir.
Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında ən mühüm amillərdən biri iki ölkə liderləri arasında formalaşan sarsılmaz etimaddır. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin qarşılıqlı səfərləri, qəbul etdikləri birgə qərarlar, regionun gələcəyi ilə bağlı ortaq baxışları əlaqələrin bütün sahələr üzrə dərinləşməsinə şərait yaradır. Bu gün Azərbaycan və Özbəkistan yalnız ikitərəfli əməkdaşlıqla kifayətlənmir, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində türk dünyasının siyasi və iqtisadi birliyinə töhfə verən aparıcı qüvvələrdən biri kimi çıxış edir. Liderlər səviyyəsində olan bu yaxınlıq iki ölkə arasında bütün sahələrdə ardıcıl və təsirli əməkdaşlıq mühitinin formalaşmasını təmin edir.
Siyasi müstəvidə əlaqələrin inkişafının mühüm məqamlarından biri 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi zamanı Özbəkistanın Azərbaycana göstərdiyi prinsipial dəstəkdir. Müharibə dövründə Özbəkistan Azərbaycan xalqının haqlı mübarizəsini dəstəkləyib, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və onun bərpasını müdafiə edən qətiyyətli mövqe nümayiş etdirib. Bu, qardaşlığın sözlə yox, əməllə təsdiqi idi. Müharibədən sonra isə Özbəkistan Azərbaycanla həmrəylik jesti kimi işğaldan azad olunmuş Füzuli şəhərində müasir təhsil kompleksinin – “Mirzə Uluqbəy” adına məktəbin inşasına qərar verərək böyük humanitar dəstək göstərdi. Bu məktəb yalnız tədrisin inkişafına xidmət etmir, həm də Azərbaycan–Özbəkistan dostluğunun əyani rəmzi kimi çıxış edir. Qarabağın bərpasında Özbəkistanın iştirakı regionda sülhün və inkişafın möhkəmlənməsinə yönəlmiş strateji əməkdaşlığın nümunəsidir.
İki ölkə arasında iqtisadi əlaqələr də son illər sürətlə genişlənməkdədir. Azərbaycan və Özbəkistan coğrafi mövqelərinin yaratdığı imkanlardan istifadə edərək enerji, ticarət, sənaye və nəqliyyat sahələrində birgə layihələr həyata keçirir. Enerji sektorunda təcrübə mübadiləsi, sənaye kooperasiya zonalarının yaradılması, qida və kənd təsərrüfatı məhsulları üzrə qarşılıqlı ticarətin artırılması əməkdaşlığın əsas istiqamətlərindəndir. Xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində birgə fəaliyyət Avrasiyanın nəqliyyat-logistika sistemində mühüm dəyişikliklərə yol açır. Azərbaycan və Özbəkistanın bu marşrut üzərində yaratdığı yeni imkanlar region ölkələri üçün geniş ticarət perspektivləri formalaşdırır və Türk dünyasının iqtisadi inteqrasiyasını möhkəmləndirir.
Mədəni-humanitar sahədə əməkdaşlıq isə münasibətlərin mənəvi təməlini təşkil edir. Əslində, bu əlaqələrin möhkəm olmasının başlıca səbəbi xalqların bir-birinə tarixi bağlılığı, ortaq dəyərlər və mənəvi yaxınlıqdır. Son illərdə müxtəlif mədəniyyət günləri, folklor festivalları, qarşılıqlı sərgilər və təhsil proqramları təşkil olunub. Azərbaycan və Özbəkistan universitetləri arasında əməkdaşlıq genişlənir, tələbə mübadiləsi artır. Həmçinin ədəbiyyat və incəsənət sahələrində qarşılıqlı layihələr xalqların bir-birini daha yaxından tanımasına, mənəvi zənginləşməsinə şərait yaradır. Ulu öndər Heydər Əliyevin və Özbəkistanın böyük dövlət xadimi İslam Kərimovun qarşılıqlı hörmətə əsaslanan siyasəti əsasında formalaşan bu münasibətlər bu gün daha geniş miqyasda davam etdirilir.
Bütün bunlarla yanaşı, Azərbaycan və Özbəkistan regional təhlükəsizlik məsələlərində də ortaq mövqedən çıxış edir. Sülh, sabitlik, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri hər iki ölkənin xarici siyasətinin əsas istiqamətlərindəndir. Xüsusilə Mərkəzi Asiya–Cənubi Qafqaz oxu üzrə əməkdaşlığın güclənməsi region ölkələri üçün yeni siyasi və iqtisadi model yaradır. Bu model həm regional sabitliyə, həm də nəqliyyat, enerji və ticarət sahələrində qarşılıqlı faydalı əməkdaşlığa töhfə verir.
Prezident İlham Əliyevin UzA-ya müsahibəsində vurğulanan əsas tezislərdən biri də gələcək perspektivlərlə bağlıdır. Azərbaycan və Özbəkistan arasında münasibətlərin davamlı olaraq genişlənməsi üçün ciddi potensial mövcuddur. Qarşılıqlı sərmayə layihələrinin artırılması, avtomobil və metal sənayesi, kənd təsərrüfatı məhsullarının birgə istehsalı, həmçinin rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq iki ölkənin iqtisadi əlaqələrini daha da gücləndirə bilər. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən ortaq layihələr türk dünyasının vahid iqtisadi məkan kimi formalaşmasına töhfə verəcək.
Bir sözlə, Azərbaycan–Özbəkistan münasibətləri bu gün ən yüksək səviyyədədir və davamlı inkişaf edən strateji tərəfdaşlıq modeli kimi çıxış edir. İki ölkə arasındakı əlaqələr sadəcə diplomatik münasibətlər deyil, xalqların səmimi qardaşlıq bağları, ortaq tarixi dəyərlər və qarşılıqlı etimad üzərində qurulmuşdur. Prezident İlham Əliyevin UzA-ya müsahibəsi də bu münasibətlərin mahiyyətini və gələcək inkişaf istiqamətlərini tam şəkildə ifadə edir. Azərbaycan və Özbəkistan arasında qurulan bu yaxınlıq həm regional əməkdaşlığa yeni məzmun verir, həm də türk dünyasının birliyinin möhkəmlənməsinə xidmət edir. Qardaşlıq və müttəfiqlik ruhunda inkişaf edən bu münasibətlər gələcək illərdə daha da genişlənəcək, yeni layihələrlə zənginləşəcək və regionun inkişafına mühüm töhfələr verəcək.

Günay Xankişiyeva,
Salyan rayon Yenikənd kəndi, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir