Şirvan -Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin rəhbərliyi ilə Salyan rayon məktəbəqədər təhsil və ümumi təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə payız qış mövsümünə hazırlıq məqsədilə görüş keçirilmişdir.
Görüşdə təhsil müəssisələrinin rəhbərlərinə yanğından mühafizə qurğularının, həmçinin su hovuzları və nasosların texniki cəhətdən daim işlək vəziyyətdə olması, tədris-istehsalat sahələrinin xüsusiyyətlərindən asılı olaraq işçi və şagirdlərin yanğına qarşı təhlükəsizlik texnikası qaydaları ilə vaxtaşırı təlimatlandırılması, bu məqsədlə məsul şəxslərin müəyyənləşdirilməsi və əməyin mühafizəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi məsələlərini təmin etmək tapşırılıb. Həmçinin qazanxanaların istismarı üzrə əməyin mühafizəsi baxımından lazımi təlimati tapşırıqlar verilib.
Qeyd edək ki, məktəblərin payız-qış mövsümünə hazırlıqları ilə bağlı məsələlər müntəzəm olaraq nəzarətdə saxlanılır. Yerlərdən daxil olmuş məlumatlar, keçirilən monitorinqlər əsasında çatışmazlıqların müəyyənləşdirilərək aidiyyəti qurumlara təqdim edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

