Bakıda piyadanı avtomobillə vurub öldürməkdə təqsirləndirilən Vətən müharibəsi iştirakçısına hökm oxunub.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Süleyman Cəfərli ilə bağlı məhkəmənin hökmü elan edilib.
Məhkəmənin hökmü ilə Süleyman Cəfərli beş il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək cəzanı şərti hesab edib.
İttihama görə, Cəfərli Süleyman Yusif oğlu idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobilin idarəetməsini itirərək yolun kənarında dayanan 1998-ci il təvəllüdlü Əlirza Babazadəni vurub. Hadisə nəticəsində ağır xəsarət alan A.Babazadə xəstəxanaya yerləşdirilib.
A.Babazadə aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
İstintaq zamanı təqsirləndirilən şəxs polisin nəzarəti altında olub.
Qeyd edək ki, sürücü S.Cəfərli Vətən müharibəsi qazisidir, sol ayağından xəsarət alıb və üçüncü qrup əlildir. S.Cəfərli Füzulinin və Cəbrayılın azad olunmasına görə medallarla təltif edilib.
www.102info.az
