Azərbaycanın Avropa qitəsində enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsi həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün zəruridir. Məhz bu baxımdan Cənub Qaz Dəhlizi son dərəcə böyük önəm daşıyan bir layihədir. Məlumdur ki, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.
Xatırladaq ki, Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi 2020-ci ilin dekabr ayının 31-də tamamlandı. Bu nəhəng layihənin dəyəri 33 milyard ABŞ dollarıdır. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir. Azərbaycan beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı statusunu daha da möhkəmləndirib. Azərbaycan Prezidenti cənab İlham Əliyev martın 1-də “Euronews” televiziyasına verdiyi müsahibəsində də bununla bağlı fikirlərini bildirərək vurğuladı ki, bir zamanlar bəziləri düşünürdülər ki, bu layihəni reallaşdırmaq mümkün olmayacaq. Lakin Azərbaycan dövləti beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa müyəssər oldu. Bu gün isə Cənub Qaz Dəhlizi Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verməkdədir və öz coğrafiyasını getdikcə genişləndirir.
Prezident İlham Əliyev müsahibədə çox mühüm bir məqama da diqqət çəkib. Ölkə başçısı qeyd edib ki, Azərbaycan neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağı bacarıb. Neft və qaza malik ölkələr günahlandırılmamalıdır, qazıntı yanacağına sahib olmaq onların günahı deyil. Görülən işə gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadəyə görə qiymət verilməlidir. Ölkəmizdə neft inkişafa çevrilib, sərvətin ədalətli paylanmasını təmin edilib. Nəticədə isə, son 20 ildə Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə enib.
Azərbaycan ənənəvi enerji rezervləri ilə yanaşı, həm də alternativ enerji üzrə böyük potensiala malikdir. Ölkəmizin quruda, suda bərpaolunan enerjisinin texniki potensialı 292 QVt gücündə qiymətləndirilir. Bundan başqa, bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı isə 27 QVt həcmində dəyərləndirilir. 2022-ci ilin dekabrında 4 ölkənin Buxarestdə imzaladığı “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə əsasən, 4 MVt-lıq “yaşıl enerji” Qara dənizin dibi ilə Avropaya nəql olunacaq. Yəni Azərbaycan “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya “yaşıl enerji”nin önəmli ixracatçılarından biri olmağı planlaşdırır.
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirib ki, Azərbaycanın bərpaolunan enerji layihələrinin gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Azərbaycan artıq bu mühüm yolu qət etməyə başlayıb: “Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq”.
Bir sözlə, İkinci Qarabağ müharibəsindəki böyük zəfərdən sonra Cənubi Qafqazda yaranan reallıqları məharətlə dəyərləndirən dövlət başçısı irəli sürdüyü qlobal təşəbbüslərlə, həyata keçirdiyi mütərəqqi islahatlarla Azərbaycanın gələcək uğurlarının konturlarını müəyyənləşdirir. Məhz cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan qlobal enerji layihələri ilə Azərbaycanın beynəlxalq nüfuzu, siyasi çəkisi artmaqdadır. Dünyanın geosiyasi və geoiqtisadi gündəmini düzgün qiymətləndirən dövlət başçısı verdiyi sözünə, vədinə sadiqliyi ilə Azərbaycana dünyada ən etibarlı tərəfdaş statusunu qazandırıb.
Günay Xankişiyeva,
Salyan rayon Yenikənd kənd tam orta məktəbin müəllimi, YAP fəalı
