Ənənəvi Davos İqtisadi Forumunda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər, verdiyi müsahibələr həm iqtisadi və həm də siyasi baxımdan mühüm əhəmiyyətə malikdir. Dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutması üçün vacib şərtlərdən biridir.
Davos səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə vermişdir. Dövlət başçısı cənab İlham Əliyev müsahibəsində beynəlxalq münasibətlər sistemində Azərbaycanın tutduğu mövqeyi, postmünaqişə dövründə ölkəmizin prioritetlərini və Cənubi Qafqazda formalaşan yeni reallıqları ardıcıl və prinsipial şəkildə təqdim edib. Prezident İlham Əliyev milli maraqlarımızı beynəlxalq aktorlara açıq və qətiyyətli formada çatdıraraq Azərbaycanın sülhpərvər, lakin qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. Prezident müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyini bir daha konkret olaraq ifadə etdi. Dövlətimizin başçısı qeyd etdi ki, “bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir”.
Prezidentin açıqlamaları Azərbaycanın Ermənistanla münasibətlərində ciddi dönüş nöqtəsinin yaşandığını göstərir. Tarixən konflikt və gərginliklə səciyyələnən bölgə indi sülh və əməkdaşlıq imkanları ilə yeni mərhələyə qədəm qoyur. Bu fikirlər Azərbaycanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasında oynadığı aparıcı rolu aydın şəkildə ortaya qoyur. Tarixən münaqişə və gərginliklə müşayiət olunan Cənubi Qafqaz bu gün Azərbaycanın təşəbbüsləri və siyasi iradəsi sayəsində sülh, əməkdaşlıq və inkişaf imkanlarının formalaşdığı bir məkana çevrilməkdədir. Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi mesajlar bir daha təsdiqləyir ki, Azərbaycan postmünaqişə dövründə yalnız milli maraqlarına əsaslanan, beynəlxalq hüquqa söykənən və regionun gələcəyini hədəfləyən siyasət yürüdür. Davosdan verilən bu müsahibə ölkəmizin qlobal platformalarda artan siyasi çəkisinin, formalaşan yeni reallıqlarda söz sahibi olmasının bariz nümunəsidir.
Prezidentin müsahibəsində əsas diqqətçəkən məqamlardan biri də Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyasının Azərbaycana qarşı uzun illərdir sərgilədiyi ədalətsiz mövqe və açıq ikili standartlarla bağlıdır.
Dövlətimizin başçısı haqlı olaraq vurğuladı ki, “artıq uzun illərdir biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq”. Bu qərar təsadüfi xarakter daşımır. Çünki Azərbaycanla bağlı obyektivlikdən uzaq, əsassız və siyasi sifariş xarakteri daşıyan qətnamələr, birtərəfli və qərəzli yanaşmalar həmin qurumlarla münasibətlərə ciddi zərbə vurub.
Bununla yanaşı, Prezident İlham Əliyev onu da diqqətə çatdırdı ki, Azərbaycan Avropa Komissiyası ilə əməkdaşlığı davam etdirir. Bu fakt bir daha sübut edir ki, rəsmi Bakı dialoqa açıqdır, lakin ədalətsizliyə, ikili standartlara və siyasi təzyiqlərə güzəştə getmək niyyətində deyil. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Ermənistanın özünün belə Azərbaycanla münasibətlərin normallaşdırılmasını və əlaqələrin qurulmasını müsbət qiymətləndirdiyi bir vaxtda Avropa Parlamentinin ölkəmizi heç vaxt etmədiyi addımlarda, o cümlədən “təcavüzkar mövqedə” ittiham etməsi açıq-aşkar absurddur. Bu cür yanaşma Avropa Parlamentinin özünü gülünc və dərin ziddiyyətli vəziyyətə salmasından başqa bir məna daşımır. Reallıq ondan ibarətdir ki, ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması regionda davamlı sülh və sabitliyə doğru atılmış mühüm addımdır. Bu fakt Azərbaycanın sülhə sadiqliyini, konstruktiv və məsuliyyətli mövqe nümayiş etdirdiyini bir daha təsdiqləyir. Belə bir şəraitdə Avropa Parlamentinin qərəzli mövqeyi nə regionda baş verən real proseslərlə, nə də beynəlxalq hüququn fundamental prinsipləri ilə uzlaşır.
Prezident İlham Əliyevin Davosda “Euronews”a verdiyi müsahibə ümumilikdə Azərbaycanın yeni dünya nizamında öz yerini dəqiq müəyyən etdiyini göstərir. Gücə əsaslanan beynəlxalq münasibətlər sistemində, Azərbaycan gücü diplomatiya, hüquq və iqtisadi potensialla balanslaşdıran ölkələrdən biri kimi çıxış edir. Əminliklə demək olar ki, bu müsahibə həm region, həm də qlobal aktorlar üçün aydın mesaj oldu. Azərbaycan dəyişən dünyada sabitlik, əməkdaşlıq və milli maraqlara əsaslanan siyasətini dəyişmədən davam etdirəcək.
Sübhan Xəlilov,
Salyan rayon Çuxanlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru, YAP fəalı
