Prezident İlham Əliyevin sülhə əsaslanan siyasəti və beynəlxalq nüfuzunun növbəti təsdiqi

Cəmiyyət


2026-cı il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, eləcə də ölkə rəhbərliyinin sülhə, dialoqa və qarşılıqlı hörmətə əsaslanan siyasətinin yüksək qiymətləndirilməsinin parlaq nümunəsi oldu. Bu nüfuzlu mükafat Prezident İlham Əliyevin yalnız milli maraqları qətiyyətlə müdafiə edən dövlət başçısı kimi deyil, eyni zamanda regionda və beynəlxalq miqyasda sülh təşəbbüsləri ilə çıxış edən siyasi lider kimi qəbul edildiyini bir daha nümayiş etdirdi.
Azərbaycanın son onilliklər ərzində apardığı siyasətin mərkəzində münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həlli prinsipi dayanıb. Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olduğu dövrdə Azərbaycan dəfələrlə dialoqa hazır olduğunu bəyan edib, beynəlxalq vasitəçilərin təşəbbüslərinə konstruktiv yanaşıb. Lakin Ermənistanın destruktiv mövqeyi, işğal faktını möhkəmləndirməyə yönəlmiş addımları və sülh prosesinə real töhfə vermək istəməməsi regionda uzunmüddətli qeyri-sabitliyə səbəb olub.
Mövcud vəziyyət fonunda Azərbaycan dövlətinin qarşısında tarixi bir seçim dayanırdı: ya uzun illər davam edən ədalətsizliklə barışmaq, ya da beynəlxalq hüquqa əsaslanan haqqını real siyasi və hərbi güc hesabına təmin etmək. Nəticə etibarilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, dövlətin qətiyyətini və ordunun peşəkarlığını nümayiş etdirdi. İşğal altında olan ərazilərin azad edilməsi ilə Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda regionda tamamilə yeni siyasi və təhlükəsizlik reallıqları formalaşdırdı.
Bu Qələbə müharibə ilə yekunlaşsa da, Azərbaycan üçün əsas hədəf bundan sonra da sülh olub. Ərazi bütövlüyü təmin edildikdən sonra Azərbaycan regionda davamlı sabitliyin və təhlükəsizliyin təmin edilməsini prioritet istiqamət kimi müəyyənləşdirib. Ermənistanla münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası, nəqliyyat və kommunikasiya xətlərinin açılması ilə bağlı irəli sürülən təşəbbüslər Azərbaycanın konstruktiv və məsuliyyətli mövqeyinin bariz göstəricisidir.
Məhz bu siyasi xətt Prezident İlham Əliyevin Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində səsləndirdiyi fikirlərin də əsas ideya xəttini təşkil edib. Dövlət başçısı çıxışında sülhün, qarşılıqlı hörmətin və əməkdaşlığın müasir beynəlxalq münasibətlər sistemində alternativsiz yol olduğunu vurğulayıb, fərqli mədəniyyətlər və xalqlar arasında dialoqun gücləndirilməsinin vacibliyinə diqqət çəkib.
Prezident İlham Əliyev eyni zamanda Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olunmasına töhfə verən beynəlxalq tərəfdaşların rolunu qeyd edərək, bu prosesə verdiyi dəstəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa minnətdarlığını bildirib. ABŞ-da imzalanmış birgə bəyanatın sülh prosesinin irəliləməsində mühüm mərhələ olduğu, tərəflər arasında etimadın möhkəmləndirilməsinə və dialoqun davamlı xarakter almasına xidmət etdiyi xüsusi vurğulanıb.
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident İlham Əliyevə təqdim olunması onun həyata keçirdiyi siyasətin mahiyyətini – güclü dövlətçilik prinsipləri ilə sülhə açıq, məsuliyyətli və balanslı yanaşmanın vəhdətini – bir daha təsdiqləyir. Bu mükafat Prezident İlham Əliyevin qlobal çağırışlara yalnız milli maraqlar prizmasından deyil, ümumbəşəri dəyərlər kontekstində yanaşan lider olduğunu göstərir.
Eyni zamanda bu mükafat Azərbaycanın yaratdığı yeni regional reallıqların beynəlxalq aləmdə qəbul edildiyini, ölkəmizin sülh təşəbbüslərinin etibarlı və real əsaslara söykəndiyini nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün həm güclü və qalib dövlət, həm də sülhün təşviqində fəal rol oynayan məsuliyyətli beynəlxalq tərəfdaş kimi tanınır.

Yalçın Abdullazadə,
YAP Salyan rayon təşkilatının məsləhətçisi,
“Vətən Müharibəsi” iştirakçısı    

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir