“Proksi-ekspert”, heyrətdən gözləri bərələn aparıcı və bir qurtum su ilə özünü ifşa edən “cameə”… – VİDEO

Siyasət

“Milçək bir şey deyil, amma ürək bulandırır”…

Rusiyada “Roskomnadzor”un ilk qığılcıma çevrilmiş Azərbaycana qarşı qərəzli kampaniyası artıq ölkəmizə qarşı “kəskin” mövqeyi ilə seçilən ənənəvi şovinist “ekspert”, “siyasi xadim”lərin fəallaşması ilə birlikdə yüksələn xətlə inkişaf edir.

Yuxarıda qeyd olunan atalar misalı isə mahiyyətcə bir heç olan, məqsəd və məramı hansısa dairələrin sifarişlərini yerinə yetirmək və ya öz şovinist düşüncə tərzinin əsirinə çevrilmiş, sadəcə ürək bulandırmaqla məşğul olan həmin “ekspert” camesinin hər bir üzvünə şamil oluna bilər.

Bu şəxslərin hansı destruktiv qüvvələrin təsiri altında olduqları, hansı qüvvələrin maraqları naminə mavi ekranda peyda olmaları və kimin ağzı ilə danışmaları Rusiya tərəfinin cavablandırmalı olduğu suallar silsiləsini təşkil edir…

Məsələn, həmin o ürəkbulandıran, ifrat şovinist düşüncə əsiri “ekspert”lərdən biri heyrətamiz şəkildə Rusiya Dövlət Dumasının deputatı kimi bir mərtəbəyə yüksələ bilmiş Mixail Delyagindir.

M.Delyagin burada sadəcə yağışdan sonra ortaya çıxan ilk göbələklərdən biri kimi xarakterizə oluna bilər. Əslində, Azərbaycana dil uzatmağa, hətta təhdid dili ilə danışmağa cəhd göstərən bu mahiyyətsiz “ekspert” heç sözü və fikrinə reaksiya veriləcək qədər sanballı bir fiqur da sayıla bilməz. Ancaq yenə də sadəcə gözünü yumub kin və nifrət qusan ağzını açmaqdan başqa bir şey bilməyən bu cür dırnaqarası xadimlərə yerini göstərmək də önəmlidir.

Çünki burada söhbət təkcə M.Delyagindən deyil, ümumən Rusiyada və onun mətbuatında Azərbaycana qarşı əsl simasını ortaya qoymaq üçün fürsət gözləyən və ilk imkanda efirlərə axışan “şərhçi”, “xadim”, “ekspert”, “politoloq” və s. dairələrdən gedir.

Bu ürəkbulandıran cameənin ən cılız və mahiyyətsiz simalarından olan deputat M.Delyagin isə onsuz da öz dövlətinin siyasətindən belə bixəbər görüntüsü ilə səviyyəsini ortaya qoyub. Azərbaycanın neft sənayesinə hücum fikri ilə başladığı sərsəm çıxışına “proksi-dövlət” sözləri ilə davam edib.

Görünür, bu mahiyyətsiz “ekspert” 22 fevral 2022-ci il tarixində Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanmasından xəbərdar deyil. Əks halda öz kölgəsindən qorxan, xidmət etdiyi hansısa qüvvələrin himayəsi olmadan bir heç sayılan bu “ekspert”cik Rusiya Federasiyasının dövlət başçısının öz imzası ilə müttəfiqliyini təsdiq etdiyi bir ölkəyə qarşı sözügedən ifadəni səsləndirə bilərdimi? Öz dövlətinin rəhbərinə qarşı bu cür əsassız və sərt ittihamla çıxış edəcək cürəti özündə tapa bilərdimi?

Əslində, bu “proksi-ekspert”in çıxış etdiyi “Rossiya 1” telekanalının hələ 44 günlük müharibə dövründə proqramlarına dəvət etdiyi “ekspert dairəsi” də hər kəsə məlumdur.

Bir haşiyəyə çıxaraq qeyd edək ki, M.Delyaginin çıxış etdiyi proqramın aparıcısını da sözügedən ürəkbulandıran cameəyə aid etmək mümkündür.

Aparıcı Olqa Skabeyevanın proqramda verdiyi reaksiyadan hiss olunur ki, onun üçün Rusiya Müdafiə Nazirliyinin bütün açıqlamaları “Quran ayəsi” hesab olunur. Əks halda Azərbaycan tərəfinin müvafiq qurumun həqiqətə söykənməyən açıqlamasını təkzib etməsini bu qədər böyük heyrətlə qarşılamasını anlamaq mümkün deyil. Rusiyalı aparıcının çıxışından belə bəlli olur ki, Azərbaycanın rəsmi şəkildə Rusiya MN-in açıqlamasını təkzib etməsi (Xocalının Fərrux məntəqəsi ilə bağlı – red.) onun üçün qəbuledilməz, inanılmaz, təsəvvürə belə gətirilməyəcək bir hadisə kimi qəbul edilib.

Elə O.Skabeyevanın, onun moderatorluq etdiyi proqramın və “ekspert”lərinin əsl simasını ortaya qoymaq üçün də verilişdən bir məqamı diqqətinizə çatdırmağı məqsədəuyğun hesab edirik.

“Proksi-ekspert” öz çıxışında bildirir ki, Ukraynada gedən döyüşlərdə “artıq bizim çox sayda yoldaşlarımız ölürlər”, ancaq cümləsini tamamlamamış harada olduğunu, hansı məzhəbə qulluq etdiyini xatırlayan mahiyyətsiz ekspert “çox sayda olmasa da, ölürlər” ifadəsini səsləndirir. M.Delyaginin sözlərindəki tutarsızlıqla ilk növbədə heyrətə gəlmiş Olqa Skabeyevaya cavab vermək gərəkdir.

Hansısa qüvvələrin əlaltısı, şovinist düşüncələrinin qula çevirdiyi “ekspert”iniz belə, həm də qarşısına qoyulmuş mütləq tapşırıqları yerinə yetirmək üçün çıxdığı proqramda “çaşırsa” (bəlkə də həqiqəti deyirsə), o zaman Rusiya MN-in də açıqlamalarının heç də “Quran ayəsi” olmadığını güman edə bilmərikmi? Bəlkə, sözügedən qurum elə M.Delyaginin “çaşaraq” dilə gətirdiyi məqamla bağlı açıqlamalarında da yanlışa yol verir? Yoxsa Rusiya MN də daxil olmaqla, Rusiyadakı qurumların, mətbuatın və ekspertlərin sadəcə doğruları söylədiyini iddia edirsiniz? Əgər rusiyalı ekspertlər, qurumlar sadəcə danılmaz faktlar, həqiqətləri söyləyirlərsə, o zaman sizin cılız və mahiyyətsiz ekspertinizin 2002-ci ildə baş nazir M.Kasyanovun köməkçisi təyin olunmazdan əvvəl söylədiyi bir fikri xatırlatmaq yerinə düşərdi:

“Problem hətta bizi Stalinin idarə etməsində də deyil, problem bizi bir strategiya hazırlaya və ölkəni haraya aparmaq istədiyinə qərar verə bilməyən çox kiçik bir Stalinin idarə etməsindədir”.

Maraqlıdır, Rusiyadakı qurum, ekspert və mətbuatın fikirlərinin danılmaz olduğu düşüncəsinə sahib aparıcı öz “ekspert”inin Rusiya Prezidenti Vladimir Putin haqqında bu fikirlərini də həqiqət olaraqmı qəbul edir?

Bu fikrə aparıcının cavabı qeyri-müəyyən olsa da, hər halda M.Delyaginin hələ uzun illər öncədən elə öz ölkəsində belə ürəkbulandıran bir xislətə büründüyü aydın olur.

Ümumən ölkəmizə qarşı dil uzatmağa çalışanların mahiyyətsizliyini elə onların özlərinin əli ilə sübuta yetirməyin ən layiqli cavab olduğunu deyə bilərik. Buna görə də M.Delyagin və onun simasında Rusiya efirlərində xalqımıza və dövlətimizə dil uzatmaq tapşırığı alanların cavabını sözügedən proqramdan kiçik bir fraqmentlə vermək lap yerinə düşər…

M.Delyaginin “çaşdığı” anda digər bir “ekspert”in nəyə görə boğazının quruduğunu anlamaq üçün mütləq ekspertmi olmaq gərəkdir? Zənnimizcə – yox, proqramın və orada toplaşan “ekspertlər”in, aparıcının əsl mahiyyəti məhz onların etdiyi hərəkətlərdə belə, açıq şəkildə öz əksini tapır.

Sonda növbəti dəfə vurğulayaq ki, M.Delyagin ürək bulandırsa da, mahiyyətcə heç bir önəm kəsb etmir. Əsas məsələ Rusiya mətbuatında Azərbaycana dil uzatmağa çalışanların yaratdığı səhnə və elə həmin səhnədəcə özlərini rüsvay etmələridir. Tutarsız, əsassız fikirlər və sonda sadəcə bir qurtum su ilə oynadıqları tamaşanı ifşa edən “ekspert cameəsi” isə bir ölkə üçün sadəcə utanc mənbəyinə çevrilə bilər. Başqa dövlətlərə dil uzadarkən, ən azından, buna cəhd edərkən necə gülünc və axmaq vəziyyətə düşdüklərini isə onlar görməsələr də, hər kəs görür.

Delyaginkimilər isə sadəcə öz çirkablarında ifşa olmağa məhkum olurlar…

Orxan Tağıyev

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir