Qələbə ilə başa çatan 44 günlük şanlı Zəfər tarixindən artıq iki il ötür. İki il əvvəl şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi torpaqlarımızı işğaldan azad etməklə, ölkəmizin ərazi bütövlüyünü, suverenliyini və tarixi ədaləti bərpa etdi. Azərbaycanın dövlətçilik, hərbi-siyasi, müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazıldı. Dünya xəritəsində kiçik bir yeri əhatə edən Azərbaycan dövləti Vətən müharibəsində bütün bəşəriyyətə səs salaraq öz gücünü göstərdi.
Vətən müharibəsinin Azərbaycan Ordusunun qələbəsilə başa çatmasını Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyev 10 noyabr tarixində gecə xalqa müraciətində xəbər verdi. Son 30 ildə ölkəmizin ən ciddi problemi sayılan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının istədiyi kimi həll olundu. Bəli, bu gün bütün dünyanın gözü Azərbaycandadır. Çünki 44 günlük Vətən savaşında Müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıqla Ali Baş Komandan cənab İlham Əliyevin hərbi sərkərdəliyi və siyasi liderliyi sayəsində Azərbaycan torpaqlarını işğaldan azad edərək düşmənin belini qırdı. Azərbaycan xalqı müharibənin qalibidir və heç kim, heç nə xalqın bu qələbəsinə kölgə sala bilməz.
Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən parad əvvəlkilərdən fərqli idi. Bu parad Vətən müharibəsindəki zəfərimizin göstəricisi idi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi. Prezident İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”. Böyük siyasi, mənəvi əhəmiyyətə malik, eyni zamanda rəmzi məna daşıyan hərbi parad rəşadətli Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünyaya növbəti nümayişi kimi tarixə düşdü. Zəfər Paradı, eyni zamanda yumruq kimi bir olmağımızın, milli birliyimizin, həmrəylimizin, dövlət müstəqilliyimizin əbədi və dönməzliyini bütün dünyaya nümayiş etdirdi.
Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq…Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik” deyə qeyd etməsi bütün xalqımızda ruh yüksəkliyi və sevinc hissi yaratmışdır. Zəfər paradı göstərdi ki, Qələbə düsturunu şərtləndirən bütün amillərin hər birinin təməlində məhz Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət, ölkə Prezidenti cənab İlham Əliyevin iqtisadi müstəqilliyimizin təmin olunmasına yönəlmiş dövlətçilik məfkurəsi və sarsılmaz siyasi iradəsi, ordu quruculuğuna sərf etdiyi illərin zəhməti dayanıb. Yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan!
Elnur Azadxanov
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru
