Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunda 20 Yanvar faciəsinin növbəti ildönümü ilə bağlı “1990-cı ilin Qara Yanvarı: Azərbaycanın azadlığa gedən yolu” adlı anım mərasimi keçirilib. Mərasimdə Los-Ancelesdə fəaliyyət göstərən xarici ölkələrin baş konsulları, Los-Ancelesdəki konsulluq korpusunun nümayəndələri, elm və mədəniyyət xadimləri, dost icmaların rəhbərləri və icma üzvləri, yerli universitetlərin professorları, Azərbaycan icmasının üzvləri və digərləri iştirak ediblər.
Baş Konsulluqdan “Report”a bildirilib ki, mərasim iştirakçıları faciə qurbanlarını bir dəqiqəlik sükutla anıblar.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Ramil Qurbanov çıxış edərək, qanlı 20 Yanvar hadisələri barədə məlumat verib, həmin hadisələr zamanı sovet qoşunları tərəfindən çox sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini qeyd edib. Çıxışın ardınca faciə ilə bağlı Baş Konsulluq tərəfindən hazırlanmış qısa film nümayiş olunub.
Daha sonra Bakıda doğulan məşhur violonçel ifaçısı Ruslan Biryukov çıxış edərək, Qara Yanvar faciəsi, həmin dövrdə Bakıda yaşayan ailəsi ilə birgə şahid olduğu hadisələr və baş verənlər barədə acı xatirələrini bölüşüb.
Tədbirin davamında Ruslan Biryukov və pianoçu Valeriya Morqovskayanın ifasında Fikrət Əmirovun “Poema-monoloq”, Qabriel Furenin “Yuxudan sonra” və Arif Məlikovun “Məhəbbət əfsanəsi” əsərləri səsləndirilib.
Sonda tədbir iştirakçıları faciəni əks etdirən fotosərgi ilə tanış olublar. Tədbirdən sonra qonaqlar üçün ehsan süfrəsi açılıb.
09:33
Qanlı Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar yanvarın 19-da Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyində Strasburqda yaşayan Azərbaycan icmasının üzvlərinin iştirakı ilə anım tədbiri keçirilib.
Bu barədə “Report”a Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyindən bildirilib.
Qeyd olunub ki, tədbir iştirakçıları öncə xalqımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərasimdə çıxış edən daimi nümayəndə Fəxrəddin İsmayılov ölkəmizin müstəqillik mübarizəsində 1990-cı il 19-20 yanvar hadisələrinin tutduğu yerdən söz açıb və Qanlı Yanvarın xalqımızın qəhrəmanlığı və yenilməz iradəsinin rəmzinə çevrildiyini söyləyib. O, üstündən uzun illər keçməsinə baxmayaraq, sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğının ağrı-acısının unudulmadığını və şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığını ifadə edib. Daimi nümayəndə həmin günlərdə Azərbaycanın üzləşdiyi informasiya təcridindən qurtarılmasında ulu öndər Heydər Əliyevin faciənin ertəsi günü Moskvada verdiyi tarixi bəyanatın mühüm təsirini vurğulayıb və onun Sovet İttifaqı rəhbərliyini qınayan cəsarətli bəyanatının xalqımızın gələcəyə olan inamını gücləndirdiyini bildirib. Nəhayət, F.İsmayılov ölkəmizə ərazi iddialarının irəli sürülməsi və Ermənistandan azərbaycanlıların güclə qovulması ilə başlayan, 20 yanvar faciəsi və sonra hərbi işğalla davam edən məşəqqətli tarixi dövrün müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması ilə sona yetdiyini və millətimizin qarşısında artıq yeni bir dövrün açıldığını qeyd edib.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan icmasının üzvü Mustafa Alınca 1990-cı il yanvar hadisələrinin ardınca Strasburqdan Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə aparılan fəaliyyətlərdən bəhs edib və məhz Qanlı Yanvar faciəsinin Azərbaycan icmasının üzvlərinin təşkilatlanmasını bir zərurət halına çevirdiyini qeyd edib.
Çıxışların ardınca iştirakçılara Azərbaycan televiziyasının istehsalı olan və Qanlı Yanvardan bəhs edən sənədli film nümayiş etdirilib.
