“Brüsseldə keçirilən yüksək səviyyəli görüş olduqca mühüm görüşlərdəndir. Məlumdur ki, Avropa İttifaqının rəhbərliyinin vasitəçiliyi ilə keçirilən Azərbaycan-Ermənistan görüşü bir neçə məqamları ortaya qoyur. Əsas məqam da ondan ibarətdir ki, sülh sazişinin imzalanması üçün mütləq şəkildə işçi qrupun yaradılması və onların hansı məsələləri müzakirə etmələri ilə bağlı mühüm addımlar atıldı”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib.
Deputat qeyd edib ki, görüşdə girovların dəyişdirilməsi, Ermənistan ərazisində qalan 4 minə yaxın azərbaycanlı haqqında məlumatın verilməsinin müzakirəsi mühüm əhəmiyyət kəsb edirdi.:
“Bundan əlavə, dəhlizlərin açılması, infrastrukturun bərpası məsələsi, sərhədlərin delimitasiya və demarkasiyası məsələsi də olduqca mühüm əhəmiyyət kəsb edirdi. Sərhədlərin delimitasiya və demarkasiyası sülh sazişinin imzalanması üçün vacib addımdır. Gələcəkdə delimitasiya və demarkasiyadan sonra ərazi bütövlüyünün tanınması gündəmdədir. Təbii ki, ermənilər ciddi cəhdlə özlərini təxribatçı kimi göstərir, qondarma status məsələsini ortaya atırlar. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan qalib tərəf kimi öz sözünü deməkdədir”.
A. Nağıyev bildirib ki, Azərbaycan heç bir ölkənin ərazisinə iddialı olmadığını ortaya qoydu:
“Azərbaycan həmişə olduğu kimi, beynəlxalq qanunlara zidd olmayan məsələlərin müzakirəsində iştirak etdi. Təbii ki, Ermənistan KİV-ləri bunu Paşinyanın məğlubiyyəti kimi qeyd etsələr də, əsas odur ki, addımbaaddım Qarabağ məsələsinin sonuna gedirik. Azərbaycan işğaldan azad etdiyimiz ərazilərimizdə Konstitusiyamıza uyğun olaraq bütün problemləri həll etməklə məşğuldur. Bütün bunlar çox mühüm və təqdirəlayiq addımdır”.
