Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlər son illərdə sürətli və davamlı şəkildə dərinləşməkdədir. Bu əlaqələr artıq ənənəvi dostluq və qardaşlıq çərçivəsindən çıxaraq, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. 2025-ci ilin iyul ayının əvvəllərində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ oldu. Bu səfər təkcə diplomatik deyil, həm də iqtisadi, sosial və humanitar sahələrdə dərinləşən əlaqələrin təsdiqi kimi qiymətləndirildi.
Səfərin ən mühüm nəticələrindən biri kimi Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanmasını qeyd etmək olar. Bu sənəd iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən əsas sənəd kimi qiymətləndirilir. Prezident Mirziyoyev mətbuata verdiyi açıqlamada bildirdi ki, Azərbaycan bizim üçün sadəcə tərəfdaş deyil, əsl qardaş ölkədir. Qarabağın bərpasında iştirak etməyimiz bizim mənəvi borcumuzdur və biz bu prosesə öz təşəbbüsümüzlə qoşulmuşuq.
Qarabağda həyata keçirilən konkret layihələr Özbəkistanın Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyətin bariz göstəricisidir. Şuşa şəhərində inşa olunan Mirzə Uluqbəy adına məktəb bu layihələr içərisində xüsusi yer tutur. Özbəkistanın tam maliyyə dəstəyi ilə inşa edilən bu məktəb artıq fəaliyyətə başlayıb və bölgəyə qayıdan uşaqlar üçün müasir təhsil imkanları yaradır. Burada istifadə olunan avadanlıqlar və infrastruktur ən yüksək standartlara cavab verir. Bu məktəb eyni zamanda Azərbaycanla Özbəkistan arasında mədəni və mənəvi bağların rəmzinə çevrilib.
Qarabağda həyata keçirilən digər bir mühüm layihə isə Xankəndi şəhərində yaradılmış tikiş fabrikidir. Artıq 200-dən çox insan burada işlə təmin olunub və bu sayın yaxın gələcəkdə daha da artırılması nəzərdə tutulur. Fabrikdə istehsal olunan məhsullar həm daxili bazara yönəlib, həm də ixrac potensialına malikdir. Bu layihə iqtisadi səmərəliliyi ilə yanaşı sosial stabilliyin bərpasına da töhfə verir.
Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha bir gözəl təzahürü Bakıda salınacaq Özbəkistan parkı olacaq. Bu park sadəcə yaşıllıq sahəsi deyil iki xalq arasında dostluğun və qarşılıqlı hörmətin simvolu kimi planlaşdırılır. Parkın dizaynı Özbəkistan mədəniyyətini və memarlığını əks etdirəcək şəkildə hazırlanır. Burada özbək milli ornamentləri ilə bəzədilmiş pavilyonlar fəvvarələr mədəniyyət guşələri yaradılacaq. Park həm azərbaycanlılar, həm də Bakını ziyarət edən xarici qonaqlar üçün Özbəkistanın ruhunu hiss edə biləcəkləri bir məkana çevriləcək. Bu təşəbbüs iki ölkənin xalqları arasında mədəni bağların güclənməsinə xidmət edəcək və gələcək nəsillərə miras qalacaq bir layihə olacaq.
Bütün bu təşəbbüslərin əsasında dərin qarşılıqlı etimad dostluq və strateji baxış dayanır. Prezident İlham Əliyev səfər zamanı bir daha vurğuladı ki Özbəkistan Azərbaycanın yalnız dostu deyil həm də ən etibarlı tərəfdaşlarından biridir. Azərbaycanın Qarabağ bölgəsinin bərpasında Özbəkistanın ilk yardım edən ölkə kimi çıxış etməsi bu münasibətlərin səmimiliyini və dərinliyini göstərir.
İqtisadi sahədə də əlaqələr mühüm istiqamətlərdə inkişaf edir. 500 milyon dollarlıq Azərbaycan–Özbəkistan İnvestisiya Fondu artıq fəaliyyətə başlayıb və ondan çox layihə üzrə müzakirələr aparılır. Bu fond çərçivəsində kənd təsərrüfatı energetika turizm və infrastruktur sahələrində birgə təşəbbüslər planlaşdırılır. Xüsusilə Özbəkistanın pambıqçılıq və ipəkçilik sahəsindəki təcrübəsi Azərbaycan üçün ciddi maraq doğurur və bu sahədə birgə müəssisələrin yaradılması istiqamətində ilkin razılaşmalar əldə olunub.
Nəqliyyat sahəsində də əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Orta Dəhliz layihəsi çərçivəsində Azərbaycanla Özbəkistan arasında yükdaşıma marşrutlarının əlaqələndirilməsi bölgə üçün strateji əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq təkcə ticarət dövriyyəsinin artmasına deyil, həm də regionun tranzit potensialının genişlənməsinə xidmət edir.
Bütün bunlar göstərir ki, Azərbaycan və Özbəkistan münasibətləri artıq təkcə siyasi ritorika ilə yox, konkret layihələrlə dərinləşən çoxşaxəli və strateji xarakter daşıyır. Qarabağda tikilən məktəb, Xankəndidə açılan fabrik, Bakıda salınacaq park və həyata keçiriləcək investisiya layihələri bu dostluğun reallığa çevrilmiş təzahürləridir. Bu münasibətlər yalnız bu günün deyil, gələcəyin də möhkəm təməlini qoyur və regionda davamlı inkişafın əsas sütunlarından birinə çevrilir.
Əli Məmmədov,
Salyan rayon ”Asan Xidmət” mərkəzinin əməkdaşı, YAP fəalı
