Qaradağ Günəş-Elektrik Stansiyası Azərbaycanın alternativ enerji mənbələrinə hesablanmış siyasətinin reallaşması istiqamətində atılmış addımlardan biridir

Baş səhifə

Oktyabrın 26-da açılışı olan Qaradağ Günəş-Elektrik Stansiyası əhəmiyyətinə görə xüsusi diqqət çəkir. Azərbaycanın Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələrə əsasən, 2022-ci ilin mart ayında əsası qoyulan stansiya artıq istifadəyə verildi. Beləliklə, Azərbaycan etibarlı və vacib “yaşıl enerji” təminatçısı olmaq yolunda daha bir böyük layihəni işə saldı. 

Bu, ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənayemiqyaslı ilk günəş-elektrik stansiyasıdır. 230 MVt gücündə olan stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. 550 hektar ərazini əhatə edən elektrik stansiyasında 570 min günəş paneli quraşdırılıb.

Ümumiyyətlə, Azərbaycan son illər “yaşıl enerji” sahəsində də böyük layihələrin təşəbbüskarı kimi çıxış edir. Alternativ enerji potensialına malik ölkəmizdə günəş, külək, hidro-elektrik stansiyaları mövcuddur. Bunun nəticəsidir ki, “yaşıl enerji” zonasına çevrilən  ərazilərimizin sahəsi getdikcə genişlənir.

Azərbaycanın bərpaolunan enerji sahəsindəki potensialı xarici şirkətləri, investorları ölkəmizə cəlb edir. Qaradağ Günəş-Elektrik Stansiyası da Azərbaycanın alternativ enerji mənbələrinə hesablanmış siyasətinin reallaşması istiqamətində atılmış addımlardan biridir. Perspektivdə daha böyük layihələrin icrasının və stansiyaların açılmasının şahidi olacağıq. Bunun üçün ölkədə ciddi potensial var. Ölkəmizdə dünyada olan alternativ enerji mənbələrinin əsas 7 növündən  6-sı  mövcuddur. Bu baxımdan, imkanlarımız çox genişdir. Qaradağ Günəş-Elektrik Stansiyasının isə ölkə iqtisadiyyatına qatqısı iqtisadi dividenddən daha çox bu sektoru tətikləyəcək lokomativ effektə malik olmasıdır

İstər Xızıdakı külək, istər Qaradağdakı günəş, istərsə də Cəbrayılda bp-nin icra etdiyi digər günəş-elektrik stansiyası xarici investorların ölkəmizdə alternativ enerji resurslarına yönəlik  başlanğıc  investisiyalarıdır.  Bu, digər investorların da ölkəyə cəlb olunmasına və “yaşıl iqtisadiyyat”ın gələcəkdə sürətli inkişafına təkan verəcək. Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə Qara dənizin dibi ilə elektrik kabel xəttinin çəkilməsi ilə bağlı razılıq əldə edilərkən məhz Azərbaycanın alternativ enerji mənbələri hesabına istehsal olunacaq elektrik enerjisinin Avropaya ixracı nəzərdə tutulub. Bu məsələdə Gürcüstan da maraqlıdır, çünki qonşu ölkədə də alternativ enerji potensialı yüksəkdir. Azərbaycan bu layihənin təşəbbüskarı kimi çıxış edib və ölkəmizin Avropaya yönəlik əksər layihələrindən Gürcüstan yararlanıb. Bu həm Avropaya, həm Gürcüstana, Rumıniyaya, Macarıstana, həm də digər Şərqi Avropa ölkələrinə yaxşı perspektivlər vəd edir.

Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın bərpaolunan enerji sahəsində zəngin potensiala malik olduğunu göstərir və regionda enerji siyasətinə istiqamət verən əsas ölkə olduğunu bir daha sübut edir. Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsi yolunda atılan addımlar təkcə günəş və ya külək elektrik stansiyaları ilə kifayətlənmir. Xüsusilə işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialı effektiv şəkildə inkişaf etdirilməkdədir. “Yaşıl enerji” həm də cəmiyyətin təhlükəsizliyinə xidmət edəcək gələcək iqtisadiyyat deməkdir. Azərbaycanın bu sahədə də liderliyi əməli işdə nümayiş etdirilir.

Muxtar Əmrahov,

Salyan Regional Qaz İstismarı İdarəsinin

Salyan Xidməti Sahəsi üzrə böyük mühəndisi, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir