Qazilər və şəhid ailələri üçün xüsusi xidmət davam edir

Cəmiyyət

“ASAN xidmət” mərkəzlərində ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananlar və şəhid ailələrinin üzvləri üçün təşkil olunan xüsusi xidmət davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, bu günə qədər həmin istiqamətdə 4 min 98 yaralananın və 3 min 943 şəhid ailəsi üzvünün ümumilikdə 8 min 41 müraciəti təmin edilib.

Həmin xüsusi xidmət vasitəsilə müvafiq kateqoriyadan olan şəxslər xidmətlərdən növbə gözləmədən yararlana bilirlər. Göstərilən xidmətlər yaralanan və şəhidlərin (vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və bununla bağlı olan digər sənədləşmə işləri daxil olmaqla) yalnız özləri ilə bağlı olan müvafiq işlərə şamil edilir.

Məqsəd canı-qanı bahasına bizə Qələbəni yaşadanlara xüsusi qayğının təmin edilməsi, onların daim xalqımızın diqqət mərkəzində olduqlarını göstərməkdir.

“ASAN xidmət” kollektivi ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir