Qlobal Strateji Tərəfdaşlıqdan Rəqəmsal Gələcəyə: Azərbaycanın Yeni İnkişaf Mərhələsi

Baş səhifə

Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı ölkənin qarşıdakı illər üçün inkişaf prioritetlərini aydın şəkildə müəyyənləşdirdi. Bu çıxış yalnız rəqəmsal transformasiya ilə bağlı texniki məsələlərin müzakirəsi deyildi. Əslində burada Azərbaycanın qlobal sistemdə mövqeyi, beynəlxalq tərəfdaşlıq imkanları və yeni texnoloji mərhələyə keçid strategiyası vahid konsepsiya şəklində təqdim olundu.
Bu gün Azərbaycan dünyada nadir ölkələrdəndir ki, aparıcı güc mərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatında fəaliyyət göstərir. Bu reallıq ölkəmizə həm siyasi, həm iqtisadi, həm də texnoloji baxımdan unikal imkanlar açır. Qlobal güclərlə formalaşmış etibarlı tərəfdaşlıq modeli Azərbaycanın yeni rəqəmsal inkişaf mərhələsinə keçidini daha dayanıqlı və sistemli şəkildə həyata keçirməsinə zəmin yaradır. Strateji tərəfdaşlıq artıq yalnız enerji və təhlükəsizlik sahələri ilə məhdudlaşmır, yeni mərhələdə rəqəmsal texnologiyalar, süni intellekt və data infrastrukturu kimi istiqamətlər əsas gündəliyə çevrilir.
Müşavirədə xüsusi vurğulandı ki, dünyada gedən trendlər artıq aydındır: süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, genişmiqyaslı rəqəmsallaşma proqramları ölkələrin gələcək iqtisadi və siyasi çəkisini müəyyən edir. Əgər əvvəlki mərhələdə enerji resursları və nəqliyyat dəhlizləri dövlətlərin gücünü formalaşdırırdısa, bu gün rəqəmsal infrastrukturlar, məlumat təhlükəsizliyi və innovasiya potensialı əsas meyara çevrilib. Azərbaycan da bu reallığı nəzərə alaraq rəqəmsal inkişafı prioritet istiqamət kimi müəyyən edir.
Ölkəmizin bu sahədə ciddi üstünlükləri mövcuddur. İlk növbədə, neft-qaz və nəqliyyat layihələrinin icrası zamanı əldə edilmiş zəngin təcrübə xüsusi əhəmiyyət daşıyır. Transmilli şirkətlərlə əməkdaşlıq, mürəkkəb infrastruktur layihələrinin uğurla reallaşdırılması, müxtəlif ölkələrlə koordinasiyalı fəaliyyət Azərbaycanın institusional və texniki bacarıqlarını formalaşdırıb. Bu təcrübə indi rəqəmsal transformasiya mərhələsində yeni məzmun kəsb edir. Çünki süni intellekt və data mərkəzlərinin qurulması da eyni dərəcədə yüksək texnoloji bilik, beynəlxalq əməkdaşlıq və güclü idarəetmə tələb edir.
Digər mühüm üstünlük Azərbaycanın coğrafi mövqeyidir. Asiya ilə Avropa arasında yerləşən ölkəmiz artıq enerji və nəqliyyat dəhlizləri vasitəsilə qlobal iqtisadi sistemin vacib halqasına çevrilib. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutları üzərində yerləşmək Azərbaycanın tranzit potensialını artırmaqla yanaşı, rəqəmsal bağlantılar üçün də əlverişli imkan yaradır. Mövcud energetika və nəqliyyat infrastrukturu gələcəkdə fiber-optik və rəqəmsal dəhlizlərə transformasiya oluna bilər. Bu istiqamətdə müəyyən addımlar atılsa da, yeni dövrün tələbləri daha genişmiqyaslı və sistemli yanaşmanı zəruri edir.
Son 20 ildə Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan artıq sərmayənin qoyulması ölkədə formalaşmış müsbət investisiya mühitinin göstəricisidir. Xarici və yerli investisiyaların qanunvericilik və praktik müstəvidə qorunması, uzunmüddətli enerji müqavilələrinin sabit icrası ölkəmizin etibarlı tərəfdaş imicini möhkəmləndirib. Bu amil rəqəmsal sahədə aparıcı texnologiya şirkətləri ilə əməkdaşlıq üçün də mühüm zəmin yaradır. Çünki yüksək texnologiyalar sahəsinə sərmayə yatıran şirkətlər üçün ən vacib meyar siyasi sabitlik, hüquqi təminat və uzunmüddətli etibardır.
Beləliklə, Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi tezislər göstərir ki, Azərbaycanın yeni rəqəmsal arxitekturası təsadüfi təşəbbüs deyil, ölkənin əvvəlki inkişaf mərhələsinin məntiqi davamıdır. Enerji və nəqliyyat sahəsində qurulmuş infrastruktur indi rəqəmsal iqtisadiyyatın dayaqlarına çevrilməlidir. Süni intellekt, data mərkəzləri və rəqəmsallaşma islahatları yalnız texniki yenilik deyil, uzunmüddətli milli inkişaf strategiyasının əsas istiqamətidir.
Azərbaycanın aparıcı güc mərkəzləri ilə strateji tərəfdaşlıq formatında işləməsi bu yeni mərhələdə xüsusi əhəmiyyət daşıyır. Çünki rəqəmsal transformasiya qapalı çərçivədə deyil, qlobal əməkdaşlıq mühitində daha effektiv reallaşa bilər. Strateji tərəfdaşlıqlar, mövcud infrastruktur və formalaşmış investisiya iqlimi birgə şəkildə ölkənin rəqəmsal gələcəyini təmin edən əsas sütunlara çevrilir.
Nəticə etibarilə, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” vahid fəaliyyət planı ölkənin növbəti inkişaf mərhələsinin konturlarını müəyyənləşdirir. Bu mərhələ artıq təkcə enerji və tranzit imkanlarına deyil, bilik iqtisadiyyatına, innovasiyaya və rəqəmsal gücə əsaslanacaq. Azərbaycanın qlobal sistemdə artan çəkisi və strateji tərəfdaşlıq şəbəkəsi isə bu transformasiyanı sürətləndirən və möhkəmləndirən əsas amil kimi çıxış edir.

Hünər Abdullayev,
Salyan rayon Yolüstü kənd inzibati ərazi dariəsi üzrə nümayəndə, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir