Qubadlı bu gün Azərbaycan xalqının iradəsinin, yenilməzliyinin və milli dirçəlişinin canlı nümunəsidir. Zəfərdən sonra bu torpaq sanki illərin sükutundan oyanaraq yeni bir nəfəs alıb. Dağların qoynunda yerləşən, təbiətin bütün gözəlliklərini sinəsində cəmləyən bu qədim diyar indi müasir həyatın, inkişafın və yenilənmənin rəmzinə çevrilib. Azadlıqla qovuşan bu şəhərdə hər addım, hər tikili, hər işıq dirəyi xalqımızın öz doğma yurduna olan sevgisini, sədaqətini və qürurunu əks etdirir. Qubadlıya qayıdış təkcə coğrafi anlam daşımır, bu həm də milli yaddaşın bərpası, bir xalqın yenidən doğuluş hekayəsidir.
44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən Qələbə Qubadlının da taleyini dəyişdi. 25 oktyabr 2020-ci il tarixi bu şəhərin həyatında yeni bir səhifə açdı. O gün Qubadlı adı təkcə azad edilmiş torpaq deyil, həm də milli ruhun, qəhrəmanlığın və birliyin simvoluna çevrildi. Uğurlu hərbi əməliyyatlardan sonra dövlətin diqqəti dərhal bərpa və yenidənqurma işlərinə yönəldi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr Qubadlının gələcək inkişafının əsasını qoydu, bölgəni qısa zamanda böyük bir tikinti meydanına çevirdi.
Azad olunandan dərhal sonra Qubadlıda genişmiqyaslı quruculuq və infrastruktur layihələri həyata keçirildi. Şəhərin elektrik enerjisi təminatı üçün yeni 110/35/10 kV-luq yarımstansiya istifadəyə verildi, enerji xətləri yeniləndi, radio və televiziya qülləsinin tikintisi ilə informasiya təminatı bərpa olundu. Bu, Qubadlının təkcə fiziki yox, həm də informasiya baxımından ölkənin ümumi inkişaf xəritəsinə daxil edilməsinin mühüm göstəricisi oldu. Yolların çəkilməsi, körpülərin salınması və nəqliyyat əlaqələrinin bərpası nəticəsində şəhərin ətraf kəndləri ilə əlaqə bərpa edildi, yeni kommunikasiya xətləri gələcək iqtisadi fəaliyyət üçün möhkəm əsas yaratdı.
Qubadlının baş planı müasir konsepsiyalar əsasında hazırlanmışdır. Şəhərin mərkəz hissəsində yaşayış və inzibati binalar, sosial obyektlər və ictimai məkanlar bir-birini tamamlayır. Mahruzlu kəndində ilk “Ağıllı kənd” layihəsi reallaşdırılaraq müasir mühəndis kommunikasiyaları, günəş panelləri, alternativ enerji mənbələri və ekoloji təmiz tikinti materiallarından istifadə edildi. Məktəblər, uşaq bağçaları, səhiyyə mərkəzləri və icma binaları inşa olunaraq sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün şərait yaradıldı. Bütün bu yeniliklər Qubadlının yalnız yaşayış yeri deyil, həm də yeni nəsillər üçün müasir və sağlam həyat məkanı kimi formalaşmasına xidmət edir.
Abadlıq işləri şəhərin sosial və mədəni simasını da yenidən formalaşdırdı. Parklar, gəzinti zolaqları, istirahət meydanları salındı, şəhərin girişində “Zəfər qapısı” abidə kompleksi ucaldıldı. Tarixi və mədəni irsin qorunması məqsədilə qədim abidələr bərpa olundu, yeni muzey və mədəniyyət mərkəzlərinin layihələri hazırlanaraq icraya başlandı. Bu addımlar Qubadlının keçmişi ilə bu gününü birləşdirən mənəvi körpüyə çevrildi.
Prezident İlham Əliyevin Qubadlıya etdiyi səfərlər bölgənin hərtərəfli inkişafının bariz göstəricisidir. Hər bir açılış mərasimi, hər bir yeni layihənin təqdimatı təkcə tikinti uğuru deyil, həm də dövlətin və xalqın bu torpağa qayıdış iradəsinin təntənəsi idi. Hər yeni ev, hər abadlaşdırılmış küçə, hər ucaldılmış obyekt bir vətən sevdalısının qəlbində ümid, qürur və sevinclə qarşılandı.
Bu gün Qubadlı təkcə azad edilmiş bir şəhər deyil, həm də yenidən doğulmuş bir məkan, Zəfərimizin və dirçəlişimizin canlı rəmzidir. Qubadlı şəhəri günü artıq sadəcə bir tarix kimi deyil, xalqın birliyinin, dövlətin qüdrətinin və yenidənqurma əzminin təntənəsi kimi qeyd olunur. Burada hər bina, hər park, hər küçə bir hekayə danışır – o hekayə qələbədən, qayıdışdan, dirçəlişdən və gələcəyə inamdan bəhs edir.
Avdi Həsənov,
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzində sektor müdiri, YAP fəalı
