Ömrünün düz 25 ilini sükan arxasında keçirən Məlikov Qurban Əlsahib oğlu, təkcə bir sürücü deyil, eyni zamanda insanlıq nümunəsi, mərhəmət timsalı kimi yaddaşlara həkk olunub. O, yol boyu minlərlə insan daşıyıb, lakin bu yolların ən qiymətlisi insanlıq yoludur ki, o bu yolda heç vaxt büdrəməyib.
1966-cı ildə Salyan rayonunda dünyaya göz açan Qurban kişi, uşaq yaşlarından zəhmətə alışmış, ailəsinin halal adını daşımağı özünə borc bilmişdir. Peşəsinə həmişə vicdanla yanaşan Qurban Əlsahib oğlu, nəinki sürücülüyü peşə, həm də bir xidmət, bir borc kimi qəbul edib.
Ən yadda qalan cəhətlərindən biri isə, illərlə – düz 25 il boyunca – sərnişin kimi daşdığı tələbələrdən və ahıl insanlardan heç vaxt yol haqqı almamasıdır. Bu, onun üçün bir prinsip, bir yaşam tərzi olub. Maddi qazanc onun üçün hər şey demək olmayıb – insanlara olan hörmət və qayğı onun üçün əsas dəyər olub.
Rayonda “xeyriyyəçi sürücü” kimi tanınan Qurban Məlikov, təkcə öz fədakarlığı ilə deyil, atasının – Əlsahib Məlikovun – yolunu davam etdirməsi ilə də fəxr edir. Çünki Əlsahib kişi də vaxtilə peşəkar sürücü olub və oğluna həm sənətin, həm də insanlığın dəyərini aşılayıb.
Ailəli olan Qurban Məlikovun iki övladı var. O, həm nümunəvi ata, həm də cəmiyyətin hörmət etdiyi şəxsiyyətlərdən biridir. Onun kimi insanlar cəmiyyətimizin gözəlliyini qoruyur, insanlıqdan ümidi üzməyə qoymur.
Bu yazını hazırlamaqda məqsədimiz odur ki, hər kəs bilsin: Hələ də hər şeyi maddiyyatla ölçməyən, ürəyi ilə yaşayan, peşəsinə sevgi və sədaqətlə yanaşan belə insanlarımız var. Və bu insanlar bizim qürur mənbəyimizdir.
Səmil Şahlaroğlu
