Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı ölkənin inkişaf strategiyasında yeni və sistemli mərhələnin başlandığını göstərir. Əgər əvvəlki dövrlərdə əsas diqqət infrastrukturun qurulmasına və rəqəmsal alətlərin tətbiqinə yönəlirdisə, indi qarşıya qoyulan hədəf bu prosesin vahid konsepsiya əsasında idarə olunması, dövlət idarəçiliyinin rəqəmsal transformasiyası və insan kapitalının gücləndirilməsidir. Bu yanaşma təsadüfi deyil – çünki müasir dünyada rəqabət təkcə resurslar və bazarlar üzərində deyil, məlumat, texnologiya və intellekt üzərində qurulur.
Azərbaycanın bu prosesdə bir sıra mühüm üstünlükləri var. Dövlət başçısının qeyd etdiyi kimi, bu üstünlüklərdən biri ölkənin coğrafi mövqeyidir. Asiya ilə Avropa arasında yerləşməsi, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin üzərində qərarlaşması Azərbaycana təkcə logistika mərkəzi kimi deyil, eyni zamanda rəqəmsal tranzit qovşağı kimi çıxış etmək imkanı yaradır. Əgər ötən illərdə enerji və nəqliyyat infrastrukturuna yatırılan sərmayələr ölkəni fiziki körpüyə çevirmişdisə, indi qarşıda duran vəzifə həmin mövqeyi rəqəmsal körpü statusu ilə möhkəmləndirməkdir. Fiber-optik xətlərin genişləndirilməsi, data mərkəzlərinin yaradılması və regionlararası məlumat axınının təmin olunması məhz bu strateji baxışın tərkib hissəsidir.
Digər mühüm üstünlük isə Azərbaycanın qlobal maliyyə mərkəzləri və ən böyük investisiya fondları ilə formalaşdırdığı sıx əlaqələrdir. Ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla əməkdaşlıq imkanları rəqəmsal transformasiya prosesinə əlavə dinamika verə bilər. Çünki rəqəmsal infrastrukturun qurulması, süni intellekt həllərinin tətbiqi və innovasiya ekosisteminin formalaşdırılması uzunmüddətli və böyük maliyyə tələb edən istiqamətlərdir. Azərbaycan isə artıq özünü etibarlı tərəfdaş kimi sübut etmiş, investisiya mühitinin sabitliyi və sərmayələrin qorunması baxımından müsbət reputasiya qazanmış ölkədir. Bu amil rəqəmsal sahədə də transmilli şirkətlərin və texnologiya nəhənglərinin ölkəyə marağını artırır.
Lakin rəqəmsal inkişaf təkcə texniki və maliyyə imkanları ilə məhdudlaşmır. Bu prosesin mərkəzində dövlət idarəçiliyinin keyfiyyətcə yenilənməsi dayanır. Son illər ərzində müxtəlif nazirliklər və dövlət qurumları tərəfindən ayrı-ayrı platforma və tətbiqlər hazırlanmışdır. Bu, ilkin mərhələdə innovativ yanaşma kimi qiymətləndirilə bilər. Ancaq hazırkı mərhələdə bu prosesin koordinasiyalı və vahid mərkəzdən idarə olunması zərurəti yaranmışdır. Dövlət başçısının vurğuladığı kimi, yaradılmış platforma və tətbiqlər tədricən vahid sistemə inteqrasiya olunmalı, paralel strukturlar aradan qaldırılmalıdır.
Dövlət xidmətlərinin “mygov” üzərindən – yəni vahid mərkəzdən həyata keçirilməsi həm idarəetmədə səmərəliliyi artıracaq, həm də vətəndaş məmnunluğunu yüksəldəcək. Vətəndaşa lazım olan bütün xidmətlərin bir ünvan üzərindən təqdim edilməsi şəffaflığı gücləndirəcək, vaxt itkisini azaldacaq və bürokratik maneələri minimuma endirəcək. Eyni zamanda, indiyədək yaradılmış platformaların üstünlükləri, toplanmış təcrübə və bu prosesdə iştirak etmiş peşəkar kadrlar ümumi sistemə cəlb olunmalı, onların bilik və bacarıqları vahid rəqəmsal arxitekturanın formalaşdırılmasına yönəldilməlidir. Bu yanaşma həm institusional yaddaşı qoruyacaq, həm də islahatların ardıcıllığını təmin edəcək.
Rəqəmsal dövlət modelinin mühüm elementlərindən biri də süni intellektin tətbiqidir. Prezidentin qeyd etdiyi kimi, süni intellekt dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün aparıcı ölkələrdə qərar qəbuletmə prosesində, sənəd dövriyyəsində və xidmətlərin optimallaşdırılmasında süni intellekt alətlərindən geniş istifadə olunur. Hətta bəzi inkişaf etmiş ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətində süni intellekt agentləri yardımçı rol oynayır. Bu təcrübə göstərir ki, texnologiya düzgün tətbiq edildikdə idarəetmənin operativliyini və dəqiqliyini əhəmiyyətli dərəcədə artırır. Azərbaycanda da rəhbər və icraedici orqanlarda süni intellekt həllərinin tətbiqi qərarların daha əsaslandırılmış və məlumatlara söykənən şəkildə qəbuluna şərait yarada bilər.
Bununla yanaşı, bütün bu proseslərin uğuru birbaşa insan kapitalından asılıdır. Kadr hazırlığı əsas vəzifələrdən biridir. Son dövrlərdə bu istiqamətdə müəyyən addımlar atılsa da, qarşıdakı mərhələdə daha sistemli və uzunmüddətli yanaşmaya ehtiyac var. Ali məktəblərdə informasiya texnologiyaları, süni intellekt, kibertəhlükəsizlik və data analitikası kimi ixtisaslara xüsusi diqqət yetirilməli, tədris proqramları müasir tələblərə uyğunlaşdırılmalıdır. Dövlət xətti ilə xaricdə təhsil alan tələbələrin məhz bu sahələr üzrə peşəkarlığının artırılması gələcəkdə milli rəqəmsal ekosistemin güclənməsinə xidmət edəcək.
Eyni zamanda, proses yalnız ali təhsillə məhdudlaşmamalıdır. Orta məktəblərdə şagirdlərə ilkin rəqəmsal bacarıqların, alqoritmik düşüncənin və texnoloji savadlılığın aşılanması üçün tədris proqramlarına dəyişikliklər edilməlidir. Çünki rəqəmsal transformasiya qısa müddətli kampaniya deyil, uzunmüddətli və davamlı prosesdir. Gələcək illərdə bu sahədə kadrlara ehtiyac daha da artacaq və bu ehtiyacı yalnız qabaqlayıcı təhsil siyasəti ilə qarşılamaq mümkün olacaq.
Beləliklə, Azərbaycanın yeni rəqəmsal arxitekturası təkcə texnoloji yenilənmə deyil, həm də strateji düşüncə, institusional islahat və insan kapitalının inkişafı üzərində qurulan kompleks bir modeldir. Coğrafi üstünlüklər, qlobal maliyyə resurslarına çıxış imkanları, vahid dövlət platformasının yaradılması, süni intellektin tətbiqi və güclü kadr potensialı bu modelin əsas dayaqlarını təşkil edir. Bu istiqamətdə atılacaq ardıcıl addımlar ölkənin uzunmüddətli, dayanıqlı və rəqabətqabiliyyətli inkişafını təmin edən əsas amillərdən biri olacaq.
Ədilə Səfərzadə,
Salyan Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllimi, YAP fəalı
