
Bakı. Trend:
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olmayan
tabeliyindəki qurumların siyahısı”nda dəyişiklikləri
təsdiqləyib.
Trend Maliyyə
Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 1-də Azərbaycan
Respublikasının Baş naziri Əli Əsədov bununla bağlı Qərar
imzalayıb.
Bildirilib ki, qərar dövlət maliyyəsinin idarə edilməsində
rəqəmsallaşmanın sürətləndirilməsi, elektron xidmətlərin
genişləndirilməsi və yeni funksional tələblərə uyğun institusional
strukturun formalaşdırılması məqsədi daşıyır.
Məlumata görə, qeyd olunan dəyişikliklər Azərbaycan
Respublikasının Prezidentinin “Dövlət maliyyəsinin səmərəli idarə
edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2025-ci il
25 avqust tarixli Fərmanından irəli gələn vəzifələrin icrası
çərçivəsində həyata keçirilir. Həmin Fərmanla büdcə, vergi, gömrük,
dövlət rüsumu, dövlət mülkiyyətində olan və dövlət adından
yaradılan publik hüquqi şəxslər üzrə dividendlər və digər
daxilolmalar da nəzərə alınmaqla dövlət maliyyəsi sahələrinin vahid
platformada daha səmərəli idarə edilməsi məqsədilə “Rəqəmsal dövlət
maliyyəsi” informasiya sisteminin yaradılması tapşırılmışdır. Bu
istiqamətdə dövlət orqanları və təşkilatları arasında maliyyə
sənədlərinin elektron mübadiləsinin təmin edilməsi, dövlət
satınalmalarının elektron müqavilələr əsasında aparılması və yeni
rəqəmsal həllərin tətbiqi əsas vəzifələr kimi
müəyyənləşdirilib.
<!—->
<!––>
Vurğulanıb ki, qərar ilə Maliyyə Nazirliyinin tabeliyində
fəaliyyət göstərən Məlumat-Hesablama Mərkəzinin institusional
statusunda aparılmış dəyişikliklər hüquqi müstəvidə də
rəsmiləşdirilir və Mərkəz bundan sonra Rəqəmsal Maliyyə Mərkəzi MMC
adı altında fəaliyyət göstərəcək.
“Yeni struktur maliyyə informasiya sistemlərinin inkişafı,
istismarı, modernləşdirilməsi və fasiləsiz fəaliyyətinin səmərəli
təşkili, informasiya təhlükəsizliyi üzrə mövcud standartlara uyğun
idarəetmə mexanizmlərinin tətbiqi və gücləndirilməsi, əsas və
ehtiyat məlumat mərkəzlərinin fasiləsiz işinin təmin edilməsi,
eləcə də maliyyə əməliyyatlarının elektron mühitdə daha çevik və
inteqrasiya olunmuş formada idarə olunmasına şərait yaradacaq.
Qəbul edilmiş dəyişikliklər dövlət maliyyəsinin idarə
edilməsində şəffaflığın, səmərəliliyin və rəqəmsallaşmanın
artırılmasına mühüm töhfə verəcəkdir”, – məlumatda qeyd edilib.
