“Sabah “Neftçi” ilə oyundan öncə futbolla rəsmən vidalaşacağam. Yəqin ki, klub tərəfindən bizə bununla bağlı nəsə bir xatirə təqdim olunacaq”.
Bunu Oxu.Az-a Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikov deyib.
36 yaşlı Rail komanda yoldaşı Ruslan Əmircanovla birgə sabah Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində keçiriləcək “Şamaxı” – “Neftçi” oyunundan öncə karyerasını rəsmən başa vuracaq.
O bildirib ki, cari mövsümün əvvəlindən faktiki olaraq məşqçi kimi fəaliyyət göstəriblər:
“B məşqçilik kurslarına yazılandan karyeramı bitirmək qərarı vermişdim. Adım sifariş ərizəsinə oyunçu kimi təqdim edilsə də, faktiki olaraq mən və Ruslan baş məşqçinin köməkçisi funksiyasını icra edirdik. Elə təcrübəmizi burada keçirdik”.
Rail Məlikov bu qərarın mövsümün sonunda yox, niyə indi verildiyini də açıqlayıb: “Mövsümün sonunu özüm gözləmək istəmədim. Gözləyirdim ki, bu qərar nə qədər tez elan edilsə, bir o qədər tez məşqçiliyə başlayaram. Mən və Ruslan artıq B kateqoriyalı məşqçi sayılırıq. Hələ açıqlanmasa da, hər ikimiz kursdan uğurla keçmişik.
Ancaq rəsmən məşqçi kimi fəaliyyətə başlamağım üçün müqaviləm dəyişilməlidir. Çünki orada futbolçu kimi göstərilmişəm. Yaxud da cari mövsümün başa çatmasını gözləməliyik”.
Qeyd edək ki, Rail Məlikov karyerası ərzində “Bakı”, “Neftçi”, “Qəbələ”, AZAL, “Sumqayıt” komandalarında, eləcə də iki dəfə olmaqla Türkiyənin “Dənizlispor” klubunda çıxış edib. O, 2004-2011-ci illərdə Azərbaycan millisində 40 matça çıxıb.
Səbuhi Musa
www.102info.az
